rafiqoday

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
Əməkdar jurnalist

Bir qolundakı qüsuruna görə ömrü boyu oynamayan və ilk dəfə meydana çəkilərək oynamağa məcbur edilən gözəl-göyçək bir xanımın oynamağını müşahidə edərkən

Elə bil duz yüküydü çiynində gəzdirirdi,
Bir iman, minbir güman beynində gəzdirirdi,
Sanki yad libasıydı əynində gəzdirirdi,
Bir əlindən xəbərsiz bir əli oynayırdı.

Əsmər gördüyüm qızın bənizi ağarmışdı,
Dünyanın Qara adlı dənizi ağarmışdı,
Saçlarında yox idi dən izi – ağarmışdı,
Bir çiynini vermişdi irəli oynayırdı.

Ürkək-ürkək sağına, soluna boylanırdı,
Hərdən dönüb gəldiyi yoluna boylanırdı,
Hərdən də oğrun-oğrun qoluna boylanırdı,
Seçməzdin ağıllımı, ya dəli oynayırdı.

Neçə dərdi, sitəmi düzür cana tərpədir,
Baxan deyir özünü ağayana tərpədir,
Bilmirdi ki, əlini hansı yana tərpədir,
Sanki öz əli deyil yad əli oynadırdı.