Uzanıb televizora baxırdı. Əl telefonu ilə danışan arvadının birdən həyəcanlandığını, yanaqlarındakı göz yaşlarını görüb təəccübləndi: “Buna nə oldu?” Ancaq, deyəsən, bu göz yaşları sevinc göz yaşlarıydı. Arvadı ağlayandan çox gülənə oxşayırdı.
– Nədi, nə var, ay arvad? – Hər ehtimala qarşı tez soruşdu.
Danışıb qurtarandan, dəsmalı ilə göz yaşlarını siləndən sonra cavab verdi.
– Dur, hazırlaş, gedək.
– Hara?
– Bakıya, evimizə.
Zəng vuran qızıydı. Doğum evindən danışırdı. Neçə saatdı ordaydılar. Gəlin boylu idi, sancısı tutmuş, xəstəxanaya aparmışdılar. Hər şey salamatlıqla qurtarmışdı. Oğlan nəvələri dünyaya gəlmişdi. Bu münasibətlə onlara – anasına, atasına gözaydınlığı verirdi.
Arvadı o səbrin yiyəsi deyildi. Səhərdən bəri neçə dəfə zəng vurmuş, bir-bir gəlini, oğlu, qızı, nəvələri ilə maraqlanmış, danışmışdı. Məsələdən agah olsalar da heç hansı vaxtından qabaq ağzından bir kəlmə də qaçırtmamışdı.
Saata baxdı. Beşə işləmişdi. Nə qədər tez hazırlaşsalar, yola düşüncə azı bir saat vaxt itirəcəkdilər. Hələ qaçqın qəsəbəsində məskunlaşmış qardaşıgilə də dəyməliydilər. Əvvəldən belə planlaşdırmışdılar, gözləyəcəkdilər. Hesabla, axşamı onlarda keçirməliydilər.
Arvadı qardaşı arvadına telefon açdı. Şad xəbəri onunla da bölüşdü. Üstəlik dedi, yeməyə-filana, dəfə-darağa ehtiyac yoxdu, ləngiməyəcəyik, gəlib elə atüstü görüşəcək, o saat da Bakıya yola düşəcəyik.
İkinci gündü Bərdədə idilər. Necə deyərlər, məqsədləri həm ziyarət, həm də ticarətdi. Ermənilər Ağdamı işğal edəndən sonra qohum-əqrəbanın, dost-tanışın çoxu bu ətrafda, müxtəlif qəsəbə və kəndlərdə məskunlaşmışdı. Haçandı onlarla görüşmürdülər. Arada girəvələyib həm onlara baş çəkmək, həm də Bərdədə 10-15 duzlu su vannası qəbul etmək fikrindəydilər. Hər ikisinin beli, oynaqları ağrıyırdı. Yerdən təbii şəkildə qaynayan bu duzlu, isti suyun müalicəvi əhəmiyyəti haqqında çox eşitmişdilər.
Bu gün mayın üçüydü, həkimin hesablamasına görə, gəlini ayın axırında qurtarmalıydı. Arxayın salmasaydı, evdən tərpənməz, ayaqlarını kənara qoymazdılar.
Duzlu su müalicəxanası Bərdə şəhərinin Ağdama doğru çıxacağında, əsas nəqliyyat yolunun üstündəydi. Çoxdan fəaliyyət göstərsə də, sovetlər dağılan kimi özəlləşdirilən şəfa ocağının müasir tələblərə cavab verən şəraiti-filanı olmadığına görə yaxşı tanınmırdı.
Bərdəyə çatan kimi dönüb bəribaşdan ikinəfərlik bir otaq tutmuşdular. Hələ mövsüm başlamamışdı. Şəfa ocağında seyrəklikdi. Yalan-gerçək, müdir deyirdi, havalar qızanda burda xəstələrin, müalicəyə gələnlərin əlindən tərpənmək olmur. Vanna qəbuluna saatlarla növbəyə düzülürlər.
Cəmi iki, dünən axşam bir, bu gün səhər də bir vanna qəbul etmişdilər.
Üzü axşama doğru uzaq yola çıxmaq ürəyincə deyildi. Nə qədər ləngiməsələr bir saat da qardaşıgildə itirəcəkdilər. Belə də Bakıya hələ xeyli qalmış şər qarışacaqdı. Qaranlıqda maşın sürməkdən zəhləsi gedirdi. Yolun yarıdan çoxu birtərəfli, dar, beyrahatdı. Hər yetən pulnan bir sürücülük vəsiqəsi alıb qoymuşdu cibinə. Biri yol hərəkəti qaydalarına riayət edirdisə, beşi də eləmirdi. Maşınların lampaları lazımi standartlara uyğun gəlmirdi. Qarşılaşanda işıqları adamın gözünü deşirdi. Bir də, belə harasa tələsəndə adətən nəsə bir peşmançılıq baş verirdi. Söz vaxtına çəkər, neçə il bundan qabaq yenə elə bu zaman tələsik rayondan Bakıya çıxanda yolda maşını qəzaya uğramış, şikəst qalmışdı.
Qardaşıgil də axşam-axşam yola çıxmalarını məsləhət görmədilər. Dedilər, allaha şükür, hər şey salamatlıqla qurtarıb, narahatlığa, tələsməyə elə bir əsas yoxdu. Gecəni qalın bizdə, səhər tezdən, işıq gözünə tərpənərsiniz. İndi nə qədər əl-ayaq eləsəniz, Bakıya gecə saat onda, on birdə çatacaqsınız. O zaman da xəstəxanalarda gələnin heç birini xəstələrin yanına buraxmırlar.
Arvadı, nəhayət, deyilənlərlə razılaşıb sakitləşdi. Dəqiqədəbir qohum-əqrəba ona, o da onlara zəng vurur, bir-birinə gözaydınlığı verir, təbrik edirdilər.
Axşam qardaşıgil nə qədər bərk dirənsələr, onları buraxmaq istəməsələr də qaldıqları yerə qayıtdılar. Yatmazdan qabaq vanna qəbul etdilər. Arvadı gəlninin əl telefonuna zəng vurdu, özünün, körpəsinin sağlamlığı, ümumi vəziyyəti ilə maraqlandı, məsləhətlərini verdi, özündən muğayat olmağı tapşırdı. Sözünün başı da, ayağı da “başına dönüm”, “qurban olum”du.
Səhər-səhər erkən oyandı. Vanna otağına baş çəkdi. Axşam xidmətçiynən şərtləşdiyi kimi qapısı açıqdı, içəridə kimsə yoxdu. Vannalardan ürəyinə yatanın birini doldurub daha bir vanna da qəbul etdi, qənimətdi.
Gün qızmamış Bərdədən tərpəndilər. Yolda arvadı daha onu tələsdirmirdi. Daşan səbrini əl telefonu ilə yatızdırırdı. Bakıya çatan kimi xəstəxanaya yollandı.
***
Körpəni doğum evindən gətirmişdilər. Görənin hərəsi onu bir adama, əsas da ata-anasına oxşadırdı. Əlbəttə, ən önəmlisi cansağlığıydı. Anası, nənəsi, o biri nəvələri tez-tez fotoaparatla, əl telefonu ilə şəkillərini çəkir, bir-birinə, görənə, görməyənə göstərir, göndərirdilər.
Gözlərinin qabağında tədricən necə inkişaf etdiyini, ətə-qana dolub böyüdüyünü izləyir, ən kiçik dəyişikliyi, yeniliyi, fərqi belə nəzərdən qaçırmır, təəccüb, heyrət dolu nidalarla dilə gətirir, bir-birinə çatdırırdılar. Balaca bir reaksiyası, başını hansı tərəfəsə döndərməsi, əllərini, ayaqlarını oynatması, adi taqqıltıya diksinməsi, gözlərini qırpması, yuxuda öz-özünə gülməsi (guya şeytan güldürürdü), oyananda qızarıb-bozararaq ağzını büzüb ağlaması, ilk gündən anasının döşünün birini alıb o birini almaması, bir sözlə, hər şey müzakirə mövzusuydu. Hələ arabir gücənərək qaz buraxması… Eşidənləri əməlli-başlı güldürürdü. Həkimi bunu adi hal kimi dəyərləndirir, altı ay belə davam edəcəyini söyləyirdi.
Doğrudan, həyat çox qəribə, başdan-ayağa möcüzəydi! Bu balaca məxluq həm çox zəif, zərif, eyni zamanda, həm də çox güclü idi! Gələn gündən ətrafda hamının həyatına daxil olmuş, fikrinə-düşüncəsinə hakim kəsilmişdi. Hamı onunla nəfəs alır, onunla yaşayırdı.
***
Aradan bir ay vaxt ötmüşdü. Körpə yavaş-yavaş formalaşmağa başlamışdı. Amma hələ ad qoymamışdılar. “Bəbə”, “bəbiş”, çağırır, hərə öz xoşladığı, ürəyindən keçən adı yaraşdırırdı ona. Bir növ, təklif kimi ortalığa deyilən bu adları da biri bəyənir, o biri bəyənmirdi. Atasının dilindən eşidilən adlar daha artıq müzakirə olunurdu. Onların da tam səs çoxluğu qazanmadığını görən ata bərkini tutmur, hamının bəyəndiyi adın tapılmasını gözləyirdi.
Baba da səbrlə, təmkinlə gözləyirdi. Ad məsələsini körpənin valideynlərinin, o biri baba-nənəsinin öhdəsinə buraxmışdı. Onları məhz bu varlıq dünyaya gəlişi ilə birdəncə ata, ana, baba, nənə eləmişdi. O, çoxdan babaydı. Qızından iki, bir oğlan, bir qız nəvəsi vardı. Tural dördüncü, Aytən üçüncü sinifdə oxuyurdu. Təzə nəvəsinin başına fırlanır, bir dəqiqə ondan ayrılmırdılar. Ağlıyan kimi:
– Bibi, bibi! – deyib uşağın anasını çağırırdılar.
Qeyri-iradi Bənövşə nənəsinin sözlərini dilinə gətirirdi:
– İmkan verin, uşaq bir az ağlasın, ciyərləri böyüsün, genisin, səsi açılsın.
Arvadı deyirdi:
– Görmüşük körpə “inqəə! inqəə!..” ilə ağlayar. Sən bunu o qədər “əyə-əyəə! əyə-əyəə!..” çağırmısan, “əyy-əyy! əyy-əyy!..” ağlayır.
Haqlıydı, körpəni əvvəldən belə dindirirdi. Niyə ənənəvi, hamı kimi yox, bu cür ağlayırdı, bunun səbəbini isə yəqin bir allah bilirdi.
Aytən nəvəsi deyirdi:
– Bəbə mənə oxşayır!
– Oğlan da qıza oxşayar? – Tural etiraz edirdi. – Bəbə mənə oxşayır, bala!
Aytən geri çəkilmir, güzəştə getmirdi.
– Niyə oxşamır? Atam həmişə deyir, sən mənə oxşamısan!
Kənardan baxıb gülürdü. Körpənin valideynləri, oğlu ilə gəlni də təkliyə düşəndə bir-biri ilə elə onlar kimi öcəşirdilər. Hər ikisi körpənin daha artıq ona oxşadığını iddia edirdi.
***
Yadındaydı, bu nəvəsinin atası təzə doğulmuşdu. Evlərində görünməmiş şadyanalıqdı. Uşağa diləyatımlı, münasib ad axtarırdılar. Müxtəlif adları sadalasalar da ən çox Elşən, Rövşən adlarının üstündə dayanmışdılar.
Oğluna doğum haqqında şəhadətnamə almağa gedirdi. Pilləkəni aşağı düşəndə eyvanda əyləşmiş atası arxadan səsləndi:
– Hara gedirsən?
– Uşağa yaş kağızı almağa.
– Adını nə qoydunuz? – Barı bu neçə gündə dillənəydi!
– Hələ tam dəqiqləşdirməmişik, – dedi. – Orda Elşən, Rövşən adının hansı dilimə tez gəlsə, elə onu da yazdıracağam.
Atası narazılıqla başını buladı.
– Yaman da ad seçmisiniz. Elşən, Rövşən… Oğlan üçün ən yaxşı ad Vahiddi! Diri addı. Ayama-filan yapışmır, yaşlaşanda əmi, dayı da yaraşır: Vahid əmi, Vahid dayı! Əsl kişi adıdı.
– Nə bilim, – deyib yoluna davam etdi.
Əvvəl atasının sorğu-sualına, müdaxiləsinə o qədər əhəmiyyət vermədi. Ancaq birdən elə bil yuxudan ayıldı. Yoox, atası hələm-hələm dil bulamazdı, bulamışdısa, deməli, lazım bilmişdi.
Doğum haqqında şəhadətnaməni yazmağa hazırlaşan cavan qadın qələm əlində başını qaldırıb ondan soruşdu:
– Nə yazım?
– Nəyi?.. – Çaşıb qaldı.
– Adını də, uşağın adını nə yazım?
– Hə… – Atası yadına düşdü. – Vahid, Vahid yazın, – dedi.
***
Aradan təxminən bir saat, bəlkə daha artıq vaxt keçmişdi. Pilləkənləri çıxanda atasını yenə eyvanda, bayaq qoyub getdiyi yerdə gördü. Elə bil oturub onun yolunu gözləyirdi. Görən kimi canlandı:
– Uşağın yaş kağızını aldın?
– Aldım, – dedi.
– Adını nə yazdırdın?
İlahi, nə yaxşı başqa ad yazdırmamışdı! Atasının üzünə necə baxardı?
Heç nə demədən doğum haqqındakı şəhadətnaməni cibindən çıxardıb ürəklə atasına sarı uzatdı. Açıb oxumağını gözlədi. Kaş onun hansı hissləri keçirdiyini biləydi!
Atası nəvəsinin şəhadətnaməsini açıb oxumağa tələssə də örtüb geri qaytarmağa tələsmədi. Gözlərinə inanmırmış kimi bir də, iki də oxudu. Büruzə vermək istəmədiyi həyəcanı keçdikcə üzündəki ifadə dəyişir, məmnunluqla gülümsəyirdi. Sanki üzündə Günəş doğurdu.
Handan-hana başını qaldırıb qeyri-adi bir təbəssümlə ona baxdı.
– Adıynan böyüsün! – dedi.
O an hər ikisi necə də xoşbəxtdi! Biri sözünün keçəriliyinə, o biri atasını qırmadığına görə!
Belə bir günün, sınağın qarşıda onu da gözlədiyini desəydilər, inanmazdı. İllər ötmüş, o gün gəlmişdi. Oğlu öz oğluna, onun nəvəsinə ad axtarır, ad sonalayırdı. Hərə bir ad yaraşdırırdı. Onun da ürəyindən keçən bir ad vardı. Deyilənləri eşidib “hə, hı” eləsə də dinmirdi. Xətirlərinə dəymək, ürəklərini qırmaq istəmirdi. Nəvəsinə ad qoymaq onların hər birinin, nəvəsinin anasının da, atasının da, o biri baba-nənəsinin də, lap elə, arvadının, bu nənəsinin də (arabir qımıldansa da ağzına su alıb onun kimi susurdu) halal haqqıydı.
***
Axşamdı. Bir yerə yığılmışdılar. Hamı oğlunu qınayırdı. Kifayətdi, deyirdilər, uşağı adsız qoymaq olmaz, sabah get, yaş kağızını yazdır, gətir. Oğlu eyni sözləri təkrarladı, hələ dəqiq bir adın üstünɤə dyanmadıⁱlarını söylədi. Daèa dözə âilmədi.
– Məcə,耠Murࡡd†p聩s ad deyil, – dedi. – Mənası da arzu, istək, niyyət deməkdi. Əsas dillərin hamısında eyni cür yazılır. Əmi, dayı da yaraşır. Dünyaca məşhur tarixi şəxsiyyətlər daşıyıb bu adı. MəsəlŮ Osmanlı İmperatoru 3-cü Sultan Murad, sonra, Şeyx Şamilin ən igid müridi Hacı Murad… – Hamı sükutla ona baxırdı. – Yenə özünüz bilən məsləhə䁴di, ha, – ࡡxırda əlavə etdi
– 聂irini demਖ਼yi unutdun, ata, – oğlunun birdəncə şitliyi tutdu.
– O kimdi?..
– Kameryamayan Murad…
Muradın kamer təmiri sexi məhəllənin ayağındaydı.
– Özünə lağ elə, bala. Murad mənim də xoşuma gəlir, gözəl addı. – Arvadı sözünə söykək verdi.
Əksəriyyət bu adı bəyəndiyini bildirsə də məsələ elə beləcə də qaldı.
***
Həmişəki kimi komputerin arxasında əyləşib yazı-pozusu ilə məşğuldu. Qapının nə zaman açıldığını duymadı.
– Fikrini dağıtma, sənə bir şey göstərəcəyəm. – Birdən arvadı gülə-gülə ona yaxınlaşdı.
– Nədi o? – Fikirli halda ona tərəf çöndü.
– Nəvəmizin yaş kağızıdı. Aç, bir bax.
Özü də bilmədən həyəcanlandı. Alıb ürəyi əsə-əsə açdı. Gözləri sətirlər arasında adı axtardı. Tapdı. Dərindən, sinədolusu nəfəs aldı. Başını qaldırıb məmnunluqla:
– Adı ilə böyüsün! – dedi.