Qayıt gəl
Uzaqdaykən dolub həsrət gözümə,
Bu günəcən gəlməmişəm özümə.
Gözləmişəm vura-vura dizimə,
Gözləyirəm mən hələ də, qayıt gəl!
Qayıt mənə, gəl, gözümün işığı,
Dərinləşir ürəyimin uçuğu.
Düşəcəyəm uçurumdan aşağı,
Olacağam eşq qurbanı, qayıt gəl!
Qar əriyib, yaz da geri qayıdır,
Əriməyən sənsizliyin qarıdır.
Dünya nakam aşiqlərlə doludur,
Qayıt, nakam qoyma məni, qayıt gəl!
Batacaqdır eşqimizin gəmisi,
Kirlənəcək ruhumuzun təmizi.
Ürəyimdə bir arzu var cəmisi,
Ümidimdən üzmə məni, qayıt gəl!
Mən özümə qayıdaram qayıtsan,
Mən sözümə qayıdaram qayıtsan.
Gəlib çıxsan, ürəyimi ovutsan,
Çıxıb getsən, dillənərəm, -“Qayıt gəl!”
Sən havamsan, mənəm sənin havalın,
İtib gedib gözümdəki xəyalın.
Daha dözmür tənhalığa Vüsalın,
Mələk gözlü, ürəyimə qayıt gəl!
Apar məni
Günəş qalxar, üfüqlərdə yer eylər,
Üfüqlər də buludluqda sirr eylər.
Məhəbbətin gözlərimi kor eylər,
Apar məni məhəbbətdən uzağa!
Apar məni gözdən iraq məkana,
Apar məni sözdən iraq məkana.
Ürəyimdə niskili var illərin,
Apar məni kədərimdən uzağa!
Öz ömrümü sənə görə yaşadım,
Sən olaydı əzəl gündən kaş adım.
Tək qalandan diləyimi boşadım,
Apar məni diləyimdən uzağa!
Dilim yenə həsrətindən sözləyir,
İçim yanır, ətraflarım közləyir.
Ürəyimin sınıq yeri sızlayır,
Apar məni ürəyimdən uzağa!
Tənhalığı sevə bilsəm sən qədər,
Sevinərəm kədərimə tən qədər.
Arzulamaz kimsə səni mən qədər,
Apar məni istəyimdən uzağa!
Sanırdım ki, gözlərimin nurusan,
Yurdoğlunun mələk gözlü yarısan.
Sən də elə sevincim tək yarısan,
Apar məni sevincimdən uzağa!
Hamı Allah sevgisindən danışsın
Ürək istə, beyin düşün, qələm yaz,
Dil deyəndə göz etməsin etiraz.
Saz səsində rədif tapıb xeyli söz,
Sətir-sətir, duyğu-duyğu qarışsın,
Şair Allah sevgisindən danışsın!
Sınıb səddlər, sal qayalar önündə,
Dura bilməz bəndələri genində.
Sevdası var dağdan düşən selin də,
İstəyir ki, küləklərlə yarışsın,
Bizə Allah sevgisindən danışsın!
Hər övladın bir yarı var,-anası,
Məhəbbətdən qurulubdur binası.
Ülviyyətlə dolub daşır sinəsi,
Könül dilər, sözüm ona yaraşsın,
Sözüm Allah sevgisindən danışsın!
Bu gün qismət, yaşadığım dünəndi,
Axşam düşdü, necə oldu gün endi.
Ümidimdən əl üzməyib mən indi,
Şeir yazdım, sabahlara yol açsın,
Yolum Allah sevgisindən danışsın!
Günəş gülsün, xoş gün gəlsin ellərə,
Ad-sanımız dastan olsun dillərə.
Ay Yurdoğlu, baxıb ötən illərə,
Gör doğrunu, gözün nurdan qamaşsın,
Gözün Allah sevgisindən danışsın!
Yazdın, amma səndən küsər möhürbənd,
Qəlbindəki məhəbbətə qoyma hədd!
Uca rəbbin elçisidir Məhəmməd,
Cühud duysun, xristian barışsın,
Hamı Allah sevgisindən danışsın!
Ruhum
Fələk öz çarxına doladı bizi,
Dolandıq, hər dərdin qonağı olduq.
Yalanlar bürüdü əhatəmizi,
Yaşadıq, dövranın qınağı olduq.
Arzular itirdik, şirin arzular,
Dərddən qaça-qaça dərdə də düşdük.
Ömürdə yaşadıq hər il bir bahar,
Dörd fəslin üçündə ayrı ötüşdük.
Amma ayırmadı bizi fəsillər,
Həyatın mənasın vüsalda gördük.
Amma ayırmadı səni mənimlə
Bu uzun cığırlar, yollar bir günlük.
Həmişə canıma, qanıma doldun,
Özümü içimdə təsdiq elədin.
Mən sadiq olanda sən sadiq oldun,
Mən sevməyən şeyi sən də sevmədin.
Uzaq olmağınla ən yaxınımsan,
Kinim varsa söylə, yoxsa söyləmə!
Sən mənim özüm tək tanıdığımsan,
Məni bu inamdan məhrum eyləmə!
Qəlbimin içindən çıxma kənara,
Yol vermə, yerini şübhələr alsin.
Mənimlə dilək tut gələn bahara,
Səninlə görüşüm bahara qalsın!
Ruhum, azad olma zəif bədəndən,
İlhamlı qəlbimi eşqim ucaltsın!
Yapışım özümdən, yapışım səndən,
Hər səhər varlığın məni oyatsın!
Mənimlə birgə ol, mənimlə eyni,
Son ümid şamını birgə yandıraq.
Sən məni bağışla, mən, ruhum, səni,
Dünyanı sevgiylə işıqlandıraq!