Filoloq-yazar, YeniBaxis.Az saytının baş redaktoru Aysel Abdullazadənin şeir-esseləri.
“Mən öldürdüyünüz qadınam…”
Mən öldürdüyünüz qadınam
15 yaşında ərə verib
kitablarımdan ayırdığınız
arzularımı boğduğunuz
yumşaq oyuncağımla yatmadığım gün
məni öldürdünüz…
Mən öldürdüyünüz qadınam
16 yaşında ana olan
özüm uşaq ikən
özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.
Yaşıdlarım məktəbə gedərkən
mən qızımı bələyəndə öldüm,
Onlar küçədə gizlənqaç oynayarkən
məni ərim zorladığında oldum…
Mən öldürdüyünüz qadınam
Dəftər yerinə əlimdə bir külfətin qazan qaşığı
Məzun geyimi əvəzində ağ gəlinlik libası geydirdiyiniz
kəfən misalı…
Mən öldürdüyünüz qadınam
diri-diri torpağa basdırdınız
ocağa atıb yandırdınız
daşladınız, dışladınız
yetmədi, külümü göyə sovurdunuz…
Mən öldürdüyünüz qadınam
Qız olduğu ucun abort olunmuş körpənin çığlığıyam
Ər qorxusu ilə o masada
canından balasını çıxaran ananın içindəki fəryadıyam.
Bütöv deyil,
hissə-hissə doğrayan cərrah bıçağının iti baxışıyam…
Mən öldürdüyünüz qadınam
Əsir bildiyiniz, cariyə etdiyiniz
Bir gecədə 30 dəfə təcavüz etdiyiniz
Saçından asdığınız, ruhunu qırbacladığınız
mənəviyyatını öldürdüyünüz qadınam…
O qadınam,
gecə küçəyə çıxsam, pozğun dediyiniz
evə gec qayıtsam, “adamı” var dediyiniz
boşanarsam, potensial fahişə kimi gördüyünüz
Dilinizlə, dininizlə, belinizlə
Öldürdüyünüz qadınam.
Amma bu gün ayaqda duran
Çalışan, qazanan, övlad yetişdirən
Topluma açılan, söz sahibi olan,
oxumuş, bilgili, kültürlü
Canına oxuya bilmədiyiniz,
daşlayamadığınız,
dışlayamadığınız,
yandıramadığınız,
Bitirəmədiyiniz bu qadınam mən!
Mən ölürəmədiyiniz qadınam!
*****
Yelken ol, kürek ol
Dümen ol
Balık ol, su ol
Git, gide bildiyin yere… (Nazım Hikmetdən etkilənərək)
Bir adam
dalğaların qayaya vuran yerində
İçi ümidsizliklərlə qaplanmış
Diləklərini ürəyinin ən dərininə gömmüş
Canı acıyan bir adam düşünür:
… – Buludlara uzatsam əlimi,
çatarmı bəyazlığını hiss etməyə
Suya toxunsam,
qulağımda çınlayarmı şırıltısı
Ya da gəmiyə minsəm,
gedə bilərəmmi arzuların limanına
Yosun olsam,
yapışsam heç qopmadan dilək qayasına
Gəmi olsam,
dərdləşə bilsəm, ən uzaq dənizlərin suları ilə
Ya da balıqmı olsam,
getsəm, ta uzaqlara gedə bildiyim qədər…
Balıq oldum, ey dəniz, al məni də qoynuna
Sənə gəldim,
yaşat məni ıssız sularında…
*****
Bilirsənmi, gedənlər heç də həmişə unudanlar olmur
Bilirsənmi, gülüşlər həmişə xoşbəxtlikdən deyil
arzular hər deyəndə çin çıxmır
xəyal hər zaman gerçəyə dönüşmür
yaxşılıq həmişə yadda qalmır,
pislik isə tez yaddaşa hopur…
Bilirsənmi, xəstəxanalar həmişə can qaytarmır,
can satılır bəzən bu “bazarda”.
məscidlər bütün duaları göylərə ötürmür
O’na evindən səslənmək belə, avantaj olmur insanlara
vağzallar ayrılıqları daha çox yaşayıb
vidaların əl sallayan görüntüsündən bezib bəlkə də.
gəmilər hər zaman geri qayıtmır…
Bilirsən, yandırılan hər siqaret əfkarı dağıtmır
siqaret yandıran bütün adamlar da darıxmır
alışqanın ucundakı alovla siqar yandırdığını düşünərsən,
əslində yanan ciyərin olar
içinə çəkdiyin o tüstü ciyərlərinə can verər
bir qadının özləmi qalxar göyə kişi dodaqlarının arasından…
bilirsənmi, yanaqlardan süzülən göz yaşında
qəlbin qanaxması başlayar
kliniki ölüm keçirər bütün hissiyyata məhkum orqanlar…
bilmirsən ki, bir ürəyin ağrısı insandan keçər
ya varlığından
ya da yoxluğundan əzab verər.