1915291_748109358667106_2463672035380493579_n

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Kitabxananın ön qapısı ağzında bayaqdan dayanan iki qızdan birini, deyəsən, tanıyırdı… Hə, yüz faiz, yaddaşının hansısa çoxdandı vərəqləmədiyi bir dəftərində onun şəkli ağ-qara cizgilərlə çəkilmişdi…
İrad kompyuter kursundan ən azı 20 dəqiqə bundan əvvəl çıxmışdı. Amma, bu tanış sima onu bayaqdan bəri əllərini çarpazlayıb kitabxananın pillələrində gəzişdirirdi. Fikri dönüb-dolanıb bu simanı hardan tanıdığından asılırdı. O biri qız cins şalvar, ağ qolsuz köynək geymişdi. Güman ki, dinləyici qismindəydi. Çünki, bayaqdan bəri elə hey tanış dodaqlar tərpənirdi, tanış gözlər dolub-boşalırdı… İndi də İradın içində başqa sual baş qaldırdı. Bu qız niyə belə dolur payız buludu kimi? Yadına buludlara baxıb yağışın necə yağacağını deyən anası düşdü. Anası həmişə deyir ki:
-Yazda gürşad, payızda leysan yağar… Yağış təkcə yayda yağır, bunu yadında saxla… Nənəmin sözüdür.
İndi düşündü ki, qəhvəyi gözlərdən yağsa, yağsa, leysan yağacaq. Bir az daha yaxınlaşıb heç olmasa bir-iki söz eşitmək istədi. Tez də qərarından daşındı. Ya o qız da onu hardansa tanıyırsa? … Üzünü kitabxananın şüşəli qapısına çevirdi. Ağır bir günah işləmiş kimi şüşədən qızın əli ilə saçlarını qarışdırmağına baxdı. Gözlərini şüşədəki öz əksinə yönəltdi. Yaşlanmışdı… İki uşaq atası olduğunu, yaşının 35-ə çatdığını sanki indicə anladı… Bəs, bu qız? Vur-tut 25 yaşı güclə olardı. Amma, tanış siması onu qəribə bir nostalgiyaya kökləmişdi. Axı, kimdi bu qız? Addım-addım onlara yaxınlaşdı… Eşitdiyi sözlərdən duruxdu:
-2012-ci ilin bu vaxtı düz iki ay yediyim yeməyin tamını hiss etməmişdim… Anama yazığım gəlirdi…
2012-ci ilin elə bu vaxtını xatırladı… Oğlu dünyaya təzəcə gəlmişdi. Sevincindən qollarını qanad əvəzinə açıb dünyanın başı üstündə uçmaq, uçduqca da:
-Mən atayam! Mən atayam!-deyə bağırmaq istəmişdi…
Bəs bu qızı harda görə bilərdi?…Sol tərəfdən fırlanıb palma ağacının budaqlarını dartışdırdı. Bu uşaqcasına hərəkətindən utandı bir az da… Sanki, kimsə görürmüş kimi əlləri ilə üzünü örtdü. Başını aşağı salıb yenidən onlara yaxınlaşdı. Bu dəfə fikrini qızın geyiminə yönəltdi. Sadə, göy rəngli don geymişdi. Kitabları bərk-bərk sol qolu ilə sinəsinə sıxmışdı. Ovcunda, deyəsən, nəsə vardı. Sağ əli ilə mütəmadi olaraq danışığına uyğun jestlər edir, arada saçını qarışdırırdı. Qəhvəyi saçları dalğın idi. Sifətində makiyaj da yox idi… Dırnaqları da boyasızdı… Bu boyasız dırnaqları da xatırladı… Sanki, indicə bir sarı gülü ona uzatmışdı bu barmaqlar… Sarı gül… İrad daha o tərəfə baxmadı. Üzü mərkəzi univermağa tərəf addımladı. Indi də gözlərinin önündə üç ləçəkli sarı bir gül vardı. Onu, bax, bu barmaqlar, sağ əlinin adsız barmağında kiçik qara xal olan əl uzatmışdı… Yox, deyəsən, doğrudan, İrad çox unutqan olmuşdu… İndi də qızına aldığı sarı donu düşündü… Qızı üçün darıxdı da hardasa… Dayanıb geri baxdı. Qızlar hələ ordaydı. Cins şalvarlı qız saatına baxırdı. Heç olmasa bu qızın adını bilsəydi… Dönüb bu dəfə daha sürətlə onlara yaxınlaşdı…
-Bütün ayrılıqlar başını aşağı dikib dediyin “Bilirsən…” -kəlməsi ilə başlayır… utanmadan sanki haqlı imişsən kimi başını dik tutub “Axı mən…”-lə başladığın cümlələrlə sona yetir… və sən haqsız olduğunu anlayanda qarşısında durub “Ayrılmayaq”-deyəcəyin insan uzaqlarda olur…
Tanış gözlərdən artıq yaş axırdı… Kirpiklər duyğuların payız leysanını gizləməyi bacarmırdı… Dodaqlar kip sıxılsa da alt dodaqdakı qara ləkə kimi görünən xal da İrada tanış idi… Sanki, bu qız bir rəssamın sevimli tablosu idi… Və o rəssam elə İradın özü idi. Gözlərini yumub bu qızla bağlı heç olmasa azacıq bir hadisə xatırlamağa çalışdı. Gözlərinin önünə bu dəfə daha bir xal gəldi. İncə boğazın altında, qabarıq görünən qara xal… Gözlərini açıb qızın boğazına baxdı… Xal ordaydı… İrad daha özünə güvənmirdi… İllər onu beləmi dəyişmişdi ki, bu qızı hələ tanıya bilmirdi?
Qızlar ayrıldı… Dinləyici olan qız doğma barmaqları sığalladı:
-Sən başqa cürsən… Kimsədən inciməyə haqqın olar, amma, həyatdan incimə, Gülüstan… Həyatını gülüstan etdiyin insanları düşün. O gülüstanlardan heç olmasa bircə qönçə səni xatırladırsa onlara, deməli, sən öz adına layiqsən… Sağol, görüşərik…
Qız ayrılıb yeraltı keçidə tərəf getdi… Gülüstan adlı bu göy donlu qız isə dərindən köks ötürüb kitabxananın arxa qapısına üz tutdu… İrad da onun ardınca yollandı… Bu qızın onun xatirələrinin hansı dönəmində olduğunu anlamaq istəyirdi… Ürəkdən istəyirdi… Uzun zamandan bəri heç nəyə can atmadığı bir hirs, bir hikkəylə can atırdı onu tanımağa…
Birdən qızın sol ovcunda tutduğu kağız parçası yerə düşdü. Qız dayanıb qoluyla tutduğu kitabları səliqəyə salmağa çalışdı. İrad sövq-təbii əyilib kağızı götürdü. Başını qaldıranda qızla göz-gözə gəldi… Doğma baxışlardakı təəccüb bir an içində sevincə çevrildi. Bu çevrilməni İrad möcüzə kimi görürdü… Yəni, insan bir an içində neçə hiss yaşayardı… Qız əlini uzatdı:
-O kağızı verərsizmi?
-Sən kimsən?-Sual o qədər amiranə səsləndi ki, İrad özü də diksindi…
-Gülüstan… Səkkiz il əvvəl, mənim 17 yaşım olanda sizi sevmişdim…
-Məni??? Harda???
-Elə burda… Kitabxananın oxu zalında…
İrad səkkiz əvvəlki oxu zalını beynində canlandırmaq istədi… Bacarmadı… Qızın sol qolundan bərk-bərk tutub yalvarırmış kimi dedi:
-Nolur… Məni başa sal… Bayaqdan bəri səni tanıyıram, amma… amma, bilirsən, tanımıram… Axı mən…
-Bilirsən… Axı mən…-Qızın səsindəki incə istehza hiss olunurdu… Qolunu çəkib asta səslə danışmağa başladı…
-Onda da belə demişdiz… Hər gün oxu zalına gəlirdim ki, sizi görüm… Elmi iş yazırdız informasiya texnologiyalarından. Mənsə universitetin ədəbiyyat fakültəsində, birinci kursda oxuyurdum… Hansı kitabın adını çəkirdizsə, əzbərləyirdim. Sizdən sonra o kitabı alıb vərəqləyər, sanki sizin əllərinizi sığallayardım… Siz bunu bilmirdiz… Deməyə cəsarətim çatmırdı… Axı, necə deyəydim? Stolun üstündəki kiçik güldanı bir dəfə həyəcandan vurub aşırmışdım. Içindəki tək sarı gülü yerdən götürüb sizə uzatmışdım… Niyə belə elədiyimi özüm də bilmirdim… Bəlkə də o gülü sizə uzadacaq cəsarət mənə hisslərimi də açmağa imkan verəcəkdi…
-Niyə demirdin onda??? Niyə????
-Necə deyim axı? O güldanı aşırdığım üçün belə məni danlamışdız… İndinin qızları yöndəmsizdir… İndinin qızları nə ev xanımı olacaq??? Bunlar sizin onda mənə dediklərinizdir… Nə deyəydim???
İradın ürəyi sanki hulqumunda döyünürdü… O günü xatırlamaq istədi… Yenə xatırlaya bilmədi… Bacarmadı… Xatırlamağı elə çox istəyirdi ki…
-Bilirsiz… Məni heç vaxt tanımadız… Heç vaxt xatırlamadız… Mən sizinçün heç kimsə olmadım… İndi övladlarınız var… Və bu axşam sizi təbrik etməyi düşünürdüm… Elmi dərəcə almağınız üçün… O kağız… Sol əlimdə tutduğum o kağızda sizin telefon nömrəniz vardı… 2012-ci ilin bu vaxtı xəstə idim… Sizi xəstəxananın həyətində görmüşdüm… Arxanızca üçüncü mərtəbəyə qalxmışdım… Doğum şöbəsinə… Oğlunuzun dünyaya gəlməsini orda bilmişdim… Mənsə həyat yoldaşımı və uşağımı eyni gündə, avtomobil qəzasında itirmişdim… Sağ qaldığım üçün şükür etmək əvəzinə özümə güzgüdə lənətlər yağdırırdım… Amma, oğlunuz sizə elə bənzəyirdi ki… Onun gözlərində də siz vardız… O gündən sonra hər şeyə şükür edirəm… Telefon nömrənizi bu gün müəllifi olduğunuz monoqrafiyanın arxa cildindən yazmışdım… Və saatlardı İradəyə sizdən danışırdım… O axmaqcasına aşiqliyimdən… İllərdi sizi unutmadığımdan… İllərdi bütün məqalələrinizi oxuduğumdan… İnformasiya terminləri əzbərləməyimdən… Eh…
İrad hiss edirdi ki, onun gözlərindən indi leysan yox, gürşad axacaq… Və nə yazıq ki, bu gürşad da onun beynində heç bir xatirəni cücərtməyəcək… Ovcundakı kağızı qızın ona uzanmış sol əlinin içinə qoydu… Bazara gedən yola döndü… Geriyə baxmaq istəmirdi… Və düşündüyü tək şey o idi ki, gərək bu qız onu sevdiyini deyəydi… Gərək deyəydi…
Bazara çatanda dayandı… Sol ovcunda nəyisə bərk-bərk tutduğunun fərqinə vardı.. Daha bir kağız vardı ovcunda… Açdı… Telefon nömrəsi idi… Telefonunu çıxarıb nömrəni yığdı…
-Alo?
Tanış səs idi…
-Alo? İrad bəy, kağızımın birini aparmısız…
-Hə… Mənim sol əlimdə tutduğum da sənin nömrən imiş… Günahkarsan, Gülüstan… O sevgini gizlətdiyin üçün günahkarsan!!!
-Siz də… O sevgini duymaq bir yana, məni xatırlamırsız… Siz də günahkarsız…
Telefonu keçirib kağızı zibilliyə atdı… İndicə xatırladı ki, oğluna papaq, qızına da gəlincik almağa söz verib…