se

İstirahət günü olduğundan metroda adam seyrək idi. Nəinki yaşlılar və qadınlar, hətta oğlanlar üçün də oturmağa yer vardı. Bir neçə stansiya yol getmişdim ki, növbəti stansiyada qatara bir ağsaqqal mindi. Əlindəki ağzı açıq çantasını yerə qoyub, mənimlə üzbəüz oturacağın birində əyləşdi. Oturar- oturmaz çantadan iri lupalı eynəyini götürüb gözünə vurdu. Sonra əlini paltosunun döş cibinə saldı. Bir az eşələndi…
…Kişinin ətrafında cavanlar əyləşmişdi, hamısı da telefonla oynayırdı. Kişinin eynəyi gözünə vurub tələsik əlinə cibinə salması istər-istəməz marağıma səbəb oldu. “Görəsən, hansı kitabı və ya qəzeti çıxaracaq?” Hələ üstəlik, ətrafında telefonla oynayan adamları da qınadım. “Bunlara bax hələ. Utanmırlar. Bu ağsaqqal bu yaşda nə isə öyrənməyə çalışır bunlar isə… ”
Elə bu anda ağsaqqal bayaqdan bəri eşələdiyi paltonun cibindən çıxardığı bükülmüş kağızı iri lupalı eynəyinə tərəf yaxınlaşdırdı. Köksünü ötürə – ötürə elə yaxından baxırdı ki, mən qarşı tərəfdə eynəyin lupalarından kişinin bəbəklərində hərəkət edən hərfləri aydın görürdüm.
“TOPAZ”a qoyduğu pullar yazılmışdı…