12714203_1560827480899960_788538254_n

AYB və DGTYB üzvü

Azərbaycan ədəbiyyat tarixi çox qədimə dayanır. Əsrlər keçdikcə görkəmli ədəbiyyat nümayəndələri doğulmuş, yaşamış və yaratmışlar. Şifahi xalq ədəbiyyatı mərhələlərlə yazılı ədəbiyyata çevrilmiş , bununla da dahi Azərbaycan şairləri Nizami, Füzuli, Xəqani, Nəsimi və başqaları dünya ədəbiyyatına dəyərli əsərlərini töhfə etmişlər.
Müasir Azərbaycan ədəbiyyatında da tanınmış simalar çoxdur. Onların hər birinin öz dəsti-xətti, yazı üslubu var. Yaradıcılığı haqqında danışacağım şəxs İlham Qaliboğludur.O, əsasən klassik ədəbiyyat nümunəsi olan qəzəl janrında şeirlər yazır. Eyni zamanda qoşmaları da diqqət cəlb edir.
İlham Qaliboğlunun 2009-cu ildə “daş qəfəs” adlı şeirlər kitabı işıq üzü görüb. Təsadüfən bu kitab əlimə düşdü və oxudum, dayanmadan birnəfəsə . Biri-birindən gözəl şeirlər insanın ruhunu oxşayırdı. Dəfələrlə oxuduqdan sonra qərara gəldim ki, bu kitabdan bəzi şeirləri təhlil etməyə çalışacam. Onu da qeyd edim ki, kitabda müxtəlif mövzulu şeirlər yer alıb. Müəyyən qüsurlar və qramatik səhvlər də var.

Yenə də aldı, Xuda, göy üzünü qarə bulud,
Üz tutub dəstə iləgörən gedir harə bulud?

Gəzmə son nöqtəsini boş yerə, sonsuzdu səma,
Hara baxsan görəcəksən yenə bir parə bulud.

Düşmüşəm hicr oduna, od götürübdür cəsədim,
Çətin etsin mənim bu dərdimə bir çarə bulud.

Nola bir rəhmi gələ son qoya bu ayrılığa,
Ala qoynuna məni tez yetirə yarə bulud.

Tutdu mahın üzünü, sanki aldı ağuşuna,
Qoymadı zahir ola sabitü-səyyarə bulud.

Azacıq nur saçırdı könlümə ayın işığı,
Gizlədib ayın üzün çəkdi məni darə bulud.

Hər tərəf oldu duman, İlham, azdın öz yolunu,
Əcəba, qoydu səni gör necə avarə bulud.

Bu şeirdə əsas hədəf buluddur. Müəllif buludların dəstə ilə hara getdiyini Xudadan soruşur. Müəmmalı, sonsuz səmanıtəsvir edir. Xitab edərək, səmanın son nöqtəsini axtarmamağı məsləhət görür. Cisminin alışıb-yandığını, buludların da onun bu yanğısına əlac etmədiyini vurğulayır. Yalvarırmışcasına buluddan onu yarına yetirməsini istəyir. Ayın qarşısını kəsən buludu belə təsvir edir: “ Tutdu mahın üzünü, sanki aldı ağuşuna”. Buludun ayı ağışına alması poetik cəhətdən uğurlu işlənmiş ifadədir. Müəllif sonrakı beytdə bildirir ki, ayın işığı az da olsa könlümə düşürdü. Amma bulud ayın üzünü gizlətdi, məni də nursuz qoydu. Əksər hallarda buludlu havalar həm də dumanlı olur. Son beytdə dumanlı havada öz yolunu azan, pərişan olmuş şair təsvir olunur.
Başqa bir qəzəlində şair deyir:
-“ Şair, oxu öz şerini aqillər içində,
Olmaz sözünün qiyməti cahillər içində.”
Söz insanlar arasında vahid ünsiyyət vasitəsidir.Şeir də sözlərin mükəmməl formada, intizamlı və obrazlı düzülüşüdür. Şair bu beytdə sözün, şeirin dəyərini bilən insanlar arasında söylənməsini istəyir. Cahil insanın şeirə dəyər verə bilməyəcəyini vurğulayır.
İlham Qaliboğlunun “daş qəfəs” adlı şeirlər kitabındakı şeirlərin çoxu sevgiyə həsr olunub.

“ O pəriçöhrəyə hey cəhd edirəm, yetmir əlim,
Necə ki, şöləsi yetmir günəşin ayə tərəf.” -bu beytə nəzər saldığımız zaman görərik ki, şair yarın əlçatmazlığını ustalıqla təsvir etməyi bacarıb. Günəşin şəfəqləri ayı görmədiyi kimi, yaxalaya bilmədiyi kimi, canana əl uzadan şairin də əlinin boşa çıxması göstərilir. Çox gözəl bənzətmədir.
Elə həmin qəzəlin beşinci beyti də belədir:
-“Qəm içrəyəm, tapır məni harda dərd-qəm var isə,
Yağanda yağar, məsəldir, dolu dəryayə yağar.”
Bu beytdə dərdin-dərd gətirdiyi,sevincin-sevinc gətirdiyi vurğulanır və bütün qəmin gəlib, yenə bu qəmli şairi tapdığı təsvir olunur. Şair burada şifahi xalq ədəbiyyatının nümunəsi olan məsəldən də istifadə edib. “Dolu dəryaya yağar”-belə bir məsəlimiz var. Yenə çox uğurlu bənzətmə edərək, dərdin dərli adamı tapmasını və dolunun dəryaya yağmasını göstərib.

“Ey dost, elə bir bəndəyə dərdini aç ki,
Faş eyləməsin sirrini sirdaş, başa düşsün.”
Şair bu beytdə dostuna müraciət edir və sirrini hər sirdaşa açmamağı məsləhət görür. Bəzən insanın dost bildikləri belə insanı anlamır. Sirrini ona açdığın zaman səni qınayır və səni hər kəsin gözündən salmaq üçün həmin sirrdən istifadə etməyə çalışır. Bu beytdə hər dost kimi görünənə inanmamaq fikri önə çəkilib.
“ O qədər canlar alıb naz ilə, yoxdur hesabı,
Heç cənabi-Əzrayıl almayıbdı can bu qədər.”
Bu şeirdə cananın nazı-qəmzəsi əsas diqqət kəsb edir. Bir gözəlin öz nazı ilə çox canlar aldığı vurğulanır cə Əzrayılın belə bu qədər can almadığı bildirilir. Bu bənzətmə də poetik cəhətdən çox gözəl və yerində işlədilib.

“Ay batıb, zülmətə qərq olsa cahan, qəm yeməyin,
Ondan da nurlu olan, şölə saçan mah, anadır.”
Bu beytdə şair ana müqəddəsliyini, aliliyini qabarıq şəkildə göstərir. Ay batıb, bütün dünya zülmətə bürünsə belə qəm etməyin deyən şair, ananın aydan da nurlu olduğunu bildirir. Zülmət gecələrin ən doğru yol göstərəni, qaranlıqları aydınladanı Ay işığı olduğu kimi, övladın da çətin günlərinə əlac edən anadır. Ana mövzusu İlham Qaliboğlunun şeirlərinin əsas motividir. Bu da onun anasını nə qədər çox sevdiyini göstərir. Elə həmin qəzəlin başqa bir beytində deyir:
– “Zahida, qalma naçar itirsən o qibləni sən,
Al qüsul, qıl namazı, səmti-qibləgah anadır.”

Bu beytdə ana o qədər müqəddəs tərənnüm olunur ki, hətta şair zahidə yol göstərərək bildirir:-ibadət etmək istədiyin zaman qibləni itirib naəlac qalsan, anaya üz tut və onun qarşısında namaz qıl. Əslində şair burada gizli şəkildə onu demək istəyir ki, övlad həmişə ananın qarşısında baş əyməlidir, diz çökməlidir.

“Mən tapmadım eşqinlə yanarkən bir içim su,
Gər olsa da indən belə Zəmzəm daha gecdir.”

Bu beytdə şair cananın eşqindən alışıb-yandığını və bir içim suya həsrət qaldığını vurğulayır. Burada həm cismani yanmaq, həm də həsrətdən, ruhən yanmaq nəzərdə tutulub. Yetərincə yarın eşqiylə yandığı zaman susuz qaldığını vurğulayan şair, bundan sonra Zəmzəm suyu içsə belə gec olduğunu deyir.
Əvvəldə də qeyd etdiyim kimi, İlham Qaliboğlunun həm də gözəl qoşmaları var.
Kiminə pay verir, kimdən pay alır,
Kiminin muradı gözündə qalır,
Qardaş, hər dəqiqə bie hava çalır,
Bilinmir ziliynən bəmi dünyanın.
Bu bənddə şair dünyadan gileylənir. Dünyanın etibarsız, ədalətsiz və fani olduğunu bildirir. Dünya gərdişinin gizli olduğunu, insanın sonra başına nə gələcəyinin bilinmədiyini, muradların gözlərdə qaldığını, kiminə qismət verib, kiminin qismətinin əlindən alındığını vurğulayır.
Asan həyat yolu keçməyən şairin ağrısı- acısı şeirlərindən bəlli olur. Həyatın ona çəkdirdikləri çılpaq şəkildə göz önündədir. Daim haqq-ədalət axtarışında olan şairin axtardığı ədaləti tapmayanda keçirdiyi hisslər şeirlərinə də yansıyıb.
İnanıram ki, “Daş qəfəs” kitabı oxucuların ürəyincə olub və şeirsevərlərin masaüstü kitabıdır.