AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Orda, uzaqlarda bir yer var… Orda xoşbəxtlik var…Orda sevənlər “həsrət”, “hicran” sözlərini bilmirlər. Orda hamının bildiyi nağıllarda küpəgirən qarılar, divlər, zülmət sehrkarları yoxdur… Orda…
Oranın hara olduğunu da bilsək yaman olardı. “Hər kəs” və ya “heç kəs” olur həmişə dünyamızda. Nə qədər ki, özümüzün bu dünyaya gərəkli olduğumuzu bilirik, özümüzə güvənirik, onda “hər kəs” dünyamızın bir hissəsi, müəyyən dərəcədə anlamıdır… Ta o zamana qədər… O zamanda ürəyimizin “yükünü” çəkəmmirik. Düzü, çəkirik ey… Guya çəkməkdən başqa çarəmizmi olur?! Sadəcə, gözümüz dörd olur ki, görəsən, daha kim “ürəyini” söykəyəcək ürəyimizə? Bir də baxırıq, “heç kim” … Onda da başlayırıq üşüməyə… Elə bil Sinan padşahın qırx arşınlıq quyu-zindanının dibinə düşmüşük… “Bəxt” sözünü yalnız o qırx arşınlıq quyunun dibində yada salırıq. Oluruq: BƏXTSİZ…
“Bəxtsiz” olduğum bir zamanda Mehman Rasimoğlunun “Könlüm məhəbbətin harayındadır” kitabını vərəqləməyə başladım. Rastıma çıxan bu misraya “sığındım”…
Mən bəxti keçələm, sən qaravəlli…
Keçəllərin bəxti gözəl olsa da, qaravəllilər bitməzliyi ilə ürək üzə bilir bəzən…Dolayısı ilə, bəxtinə çıxan sevdalısının əlçatmazlığını demək istəyir Mehman burada. Özünü istəyinə çatmağının arzuları ilə aldatdığını da gizlətmir gənc şair. O qədər beynində vüsal ümidləri yaşayır ki…
Kölgəmi arxamda görsəm nə zaman,
Sanıram arxamca yar gəlir, gülüm…
Bundan sonrası onun qurduğu ümidlərdə yıxılmasıdı daha… Türk dünyasının görkəmli folklorşünas alimi, professor Sədnik Paşa Pirsultanlı “Koroğlu” eposundan danışarkən qəribə bir epizodu xatırlamışdı bir dəfə.
-“Koroğlu” eposundakı aşıq havalarını araşdırırdım. Gəlib, gəlib “Şirinqala” havasında, elə bil, üzü yoxuşa dirəndim. Koroğlunun adıyla bağlı bütün havaların ruhu döyüşkəndir, “ölləm-öldürrəm” deyir. Təkcə, “Şirinqala” adamı ağladır. Ağladır nədi ey… Adamın ürəyini çəkir. Dedim, görəsən, bu boyda paşalara, xotkarlara qan udduran Koroğlu nəyə ağlayıb belə? Bir gün yolum Tovuza düşdü. Getdim, “Şirinqala” əfsanəsini eşitdim. Onda anladım ki, adam kim olur-olsun, nəçi olur-olsun, onu nakam məhəbbət həmişə ağladır.
Sədnik Paşa Pirsultanlı düz deyirdi… Ayrılıq qoxan misralar qədər heç bir şeirə başını qoluna söykəyib ağlamırsan. Mehmanın da belə “çarəsiz”, “ayrılıqdan” qorxub boynunu bükən misraları var. O misralardakı ayrılıq qorxusu gənc şairi məcbur edir ki, üsyan etsin:
Ya gəl öldür məni, ya qır tilsimi,
Apar! Apar məni sən olan yerə…
Sevənlər o vaxt boynubükük olur ki, sevilənlər gedir, gedənlər dönmür… Dönən də artıq o sevgiyə layiq olmur. Və o gedişlə dönüş arasındakı zamanı “darıxmaq” feli ilə hərəkətə gətiririk. Yoxsa, o zaman keçmir… Yerindəcə dayanır… Mehmanın şeir dünyasında “darıxmaq” özü də hərəkət edir:
Darıxmaq gör məni nə hala saldı:
Gözümlə hər yerə səni düzürəm.
Bu göz önündə duran xəyallara aldandığını anlamağa da gecikmir şair. Qayıdıb bu xəyal quran aşiqə-öz daxilinə baxır… Özünün “aciz”liyini etiraf edir:
Bomboş çərçivəyəm-içimdə xəyal…
Nəhayət, onu tərk edənin uzaqlaşan siluetini bir daha gözlərinə həbs edir. Arxasınca ürəyindəki narahatlığını dilə gətirir:
Getdin?! Gözlərimin ağı, qarası,
Əlvida demədən hara gedirsən?!
Gedən yolçunun onun səsinə geri dönüb kinayəli baxışlarla baxmağını isə qəbul edə bilmir. Sevgisini dilinə gətirdiyi üçün bu istehzanı haqsızlıq sanır özünə:
Bülbül qondu öz gülünə-qovuşdu,
Mənim sənə “gəl” deməyim ar oldu?!
Mehman Rasimoğlunun məhəbbətin harayında olan könlü onun sevgisinə cavab verməyən sevdalısından küsə bilmir, qara sevda yolunda çəkdiyi cəfalarla qürur duyur:
Eşq halından can çəkişən aşiqdən söhbət düşəndə,
Şükür edir öz halına Məcnun Mehman olan yerdə…
Beləcə… Günlərdən birini də Tovuzlu Aşıq Əsəd Rzayevin nəticəsi Mehman Rasimoğlunun şeir dünyasına qatıb “ötürdüm” ömür yolundan… Şeir yolun uğurlu olsun, Mehman!