“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və DGTYB üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
XX əsr Azərbaycan poeziyasının ömrü bütövlük simvoluna çevrilən nakam şairlərindən biri də Mikayıl Müşfiqdir. Onun müxtəlif məzmunlu lirik şeirləri, mənzum oçerk və mənzum nağıllarıyla yanaşı, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz” kimi poemaları da var.
1933-cü ildə tamamlanan “Çoban” poeması xalq əfsanəsi əsasında qələmə alınmışdır. Əsər on yeddi parçadan və “Son”dan ibarətdir. Poema öz tarixinin memarı insana müraciətlə başlayır. Birinci hissədə əhvalatın baş verdiyi məkan barədə məlumat verilir. Hadisələr çox əski zamanlarda Azərbaycanın Abşeron civarında Quzğunun kənarında Səbayeldə baş verir. Əhalisinin yoxsul və ac olduğu xüsusi vurğulanan bu şəhərdə son dərəcə dəbdəbəli bir saray təsvir olunur.
İkinci bölümdə bəlli olur ki, həmin saray Quş xan adlı hökmdarındır. Quş xan saray tikilib qurtardıqdan sonra memardan soruşur ki, bundan da gözəlini tikə bilərdinmi? Ustanın “Yarada bilərdim, xan, Nə yapsa yapar insan”- cavabı xanı qəzəbləndirir. Xan o boyda sənətkarı qılıncla tən yarı böldürür.
Poemada əsas hadisələr üçüncü bölümdən sonra başlayır. Şair insan taleyi və onun xalqı qarşısındakı öhdəliklərini xanın qızı Mərcan obrazında ümumiləşdirir. Gözəlliyi və özəlliyi ilə heyranlarını məftun etmiş bu qıza çoxlu elçilər gəlir. Lakin atası elçilərə belə bir sual verir ki, qızın neçə xalı var? Əgər kimsə bu sualın cavabını bilsə, qız onundur. Əslində poemanın psixoloji düyünü də burada vurulur. Ata qızının elçilərinə məntiqə sığmayan sualla müraciət edir. Bunu sualın cavabı tapılarkən aydın görmək olur. Ola bilsin ki, o vaxtlar gənc yazar olan Müşfiq bu sualla yaratdığı obrazın qüsurlarını daha da qabartmaq fikrində olmuşdur. Ölkəni idarə edən bir xan, qızının bədənindəki xalların sayını yad kişilərdən soruşur… Lakin şair bu sualı verən obrazı belə səciyyələndirir.
Xan taleyə inanır,
Hər şeyi ondan sanır.
“İnsanın olsa baxtı,
Qızıldan olar taxtı.
Mən talesiz olsaydım,
Talesiz doğulsaydım,
Xan olmaz, qul olardım,
Muzdur, yoxsul olardım”.
Əsəri oxuduqca insanı belə bir sual düşündürür ki, doğrudanmı Quş xan kimilər tale tərəfindən hifz olunur. Bu cür qəddar və səfeh insanlar dünyaya hökmranlıq etmək üçünmü gəlmişlər?!
Növbəti bölümdə məlum olur ki, xanın qızı Mərcan tay-tuşlarıyla yay gələndə Xızı yaxınlığına yaylağa gedərmiş. Əsərin əsas mahiyyəti də yaylaq səfərində üzə çıxır. Çünki saray qızlarının gəzib dolaşdığı bu yerlərdə Dəmirdaş adlı igid çoban yaşayırmış. Şair öz qəhrəmanını daha yaxından tanıtmaq üçün əlavə haşiyələrə də yer verir. Bunlardan biri Dəmirdaşın qonşuluğunda yaşayan qızın bir neçə atlı tərəfindən qaçırılması və anasının ah-nalə etməsidir.
O həm də qavalda yanıqlı şikəstə oxumağıyla da heyranedicidir. Oxuyarkən o, soydaşlarının çəkdikləri zillətləri də, bir gecə Mərcanın onu gizlicə çağırmağını da xatırlayır. Şair əsərin bu yerində maraqlı bir manevr edir. Dramatik əsərləri xatırladan remarka kimi keçid verir. Qavalı çalanın kimliyini axtaran xan qızı üstü-başı yamaqlı çobanı görən kimi siyah gözlərindən atəş axır. Bu epizodda Mərcanla çobanın pyesvari dialoqu verilir. Həmin dialoqda qızın qavalın niyə belə qəmli olmasını soruşmasına çoban cavab verir ki, “Çünki el matəmlidir, Səbayel mahalında”. Şair onların dialoqunda qəribə bir söhbətləşmə təsvir edir. Sanki el içindən çıxmış oğlan qızın ona atəşlə baxan gözlərinin fərqində deyil. Dəmirdaş əsasən əzilən təbəqənin ağır güzəranından şikayətlənir.
Yeddinci bölümdə şair süjetə yeni bir epizod əlavə edir. Xan gözəl havada ova çıxdığı vaxt Qorxmaz adlı bir çoban da sürüsünü otarırmış. Xanla vəzir sanki adi bir oyun oynayırlarmış kimi həmin çobanı sərrast nişan almağın mərcini edirlər. Xan oxunu çəkir və hədəf nişan alınanda soyuqqanlı şəkildə yenə də öz məntiqsiz məntiqinə əsaslanır; “Görünür, baxtı yoxmuş, Tale ona soyuqmuş”. Şair hökmranların özbaşınalığını sərgiləyən bu epizodla həm də xanın fikirlərinə diqqəti çəkir. Doğrudanmı, tanrı Qorxmazı çoban olub, xanın bir nişan oxuyla ölməyi üçün yaradıb?! Doğrudanmı, bu cür səbəbsiz ölümlərə açıq-aşkar meydan verilir?! Bu suallara Dəmirdaş da cavab axtarmağa çalışır.
Neçin, neçin bu qansız
Qaçırır gündə bir qız?!
Xan yenə də qudurmuş
Neçin Qorxmazı vurmuş?
Şair yenə də onun bu fikirlərə qərq olmuş anlarını Mərcanla dialoqda verir. Mərcan ona da qaval çalmaq öyrətməyi xahiş edəndə çoban kinayəli cavab verir ki, atan dağlara daha gözəl ün salır. Lakin onun belə kinayələrinə baxmayaraq, Mərcan sevgisini gizlətmir, etiraf edir. Çoban isə səni mənə verməzlər deyərək qızı uyarır. Həm də xatırladır ki, atan səni xallarının sayını bilənə verəcək. Həmin epizodda şair Mərcanın diliylə qəribə bir eyham vurur; “Qoy deyim: Xallarım bu! Yetər, sıxma ruhumu”. Lakin “bu” deyə təqdim olunan sayın neçə olduğu yenə də bəlli olmur. Çoban qıza sevgisinin qarşılığında qəribə bir şərt qoyur; “Desəm atanı öldür! Ağlayan xalqı güldür. Edərsənmi?” – sualı oxucunu çaşdırır. Xalq içindən çıxmış oğlan doğrudanmı bir qızı öz atasının qatili etmək istəyir?! Belə qarışıq suallar oxucunu düşündürdüyü zaman cavabını oxuyuruq; “Edərəm, Ölümə də gedərəm!” Müşfiq kimi şair bir qıza bu cavabı verdirmək üçün hansı meyarlara əsaslana bilərdi?! Qızının atasına qarşı çıxmasını yeniliyin köhnəlik üzərində qələbəsi kimimi verib, yoxsa eşqdən gözü kor olan qız ata qatili olmağa belə razıdırmı? Ya bəlkə də, ədalətsiz sarayda da ədalətli varislər yetisə bilər şüarına əsaslanıb!? Yaxud da ədalət necə olur-olsun bərpa olunmalıdır prinsipinəmi güvənib, müəyyən etmək çətindir. Məsələyə belə də yanaşmaq olar ki, ata öz qızının məhəbbətini də qazana bilməyib. Bəs onda başqalarının səadətini düşünən, sevməyi bacaran bir qız öz atasına necə qıya bilər? Suallar çoxalır, fakt odur ki, qız atasını öldürməyə də razı olur. Lakin çoban məsləhət görür ki, hələ vaxtı deyil, əvvəlcə üsyan hazırlayaq.
Qız bildirir ki, yaxınlarda şəhərə köçəcəyik, bu gözəl yerlər sizə qalacaq. Çoban isə yenə də öz mövqeyində qalır ki, bizə yalnız bu gözəl dağ-dərə yox, həm də “O kor, o sağır kəndlər, Vergisi ağır kəndlər” qalır. Nədənsə xalqı təmsil edən bu el igidi insana kobud aşiq kimi təqdim olunur. Müəllif onun haqqında yazır ki, “Ələ almış Mərcanı, Hazırlayır üsyanı!” İnsanda belə təəsürat yaranır ki, bu üsyankar gənc onu sevən qızın hisslərindən öz planlarını həyata keçirmək üçün istifadə edir. Onların görüş səhnəsi belə təsvir olunur. “Girir ağaclıqlara, Görüşür sıra-sıra”. Yəqin ki, şair bu epizodu əbəs yerə verməyib. Axı qızın atası onun bədənindəki xalların sayını soruşacaqdı…
Süjetə maraqlı bir detal da əlavə olunur ki, vəzirin oğlu Gülçin də Mərcanı sevir. O da qızın bədənində neçə xal olduğunu bilmir. Bununla belə o, qızla evlənib hakimiyyəti ələ almağın xəyallarını qurur. Lakin bu xəyalların ənənəvi bir sonluğu görünür; “Yapacaqdır baş hərəm”. Yəni Mərcan da sadəcə hakimiyyətdə olanın bir neçə arvadından birisi olacaq. Baş hərəm olmaq isə onun hökmdar qızı olmağından miras qalıb. Vəzirin oğlunun da ürəyi o qədər genişdir ki, ora ürəyi istəyən qədər qadın yerləşdirə bilər.
Şair qızın atasına qarşı çıxmasına haqq qazandırmaq üçün əlavə epizodlara da yer verir. Bunlardan biri belədir ki, vergini verə bilməyən kəndlinin əl-ayağını bağlayıb döyürlər. Bunu görən Mərcan “Zavallını buraxın!” – deyə əmr edir. Gördüyü bu səhnə onda çobanın ədaləti bərqərar etmək planlarına bir az da həvəs yaradır, saraydan meyli dönür. Hətta digər hərəmlərin də sarayı zindan adlandırmağı onda saraya qarşı ikrah hissi oyadır. Başında sevda yeli əsən Dəmirdaş da “Əvvəl üsyan, sonra qız, Xanlığı yıxmalıyız!”- deyə düşünür. Həm də bu saray qızını dəfələrlə sınamaqdan sanki zövq alır. Ondan soruşur ki, başqa bir xan xalını tapıb desə, ona gedərsənmi? Qız isə qətiyyətlə cavabını verir ki, “Bir dəfə dedim ki, mən Səndən başqa heç kəsə Getməm başım kəsilsə!”
Müasir dövrdən baxanda Dəmirdaş dardüşüncəli kənd uşağı təsiri bağışlayır. Mərcan isə ziyalı bir təbəqənin elitar nümayəndəsi kimi qəbul edilir. Çoban bildirir ki, qızın saraydan qaçmasıyla heç nə dəyişməyəcək. Məsələni kökündən həll etmək lazımdır, xanlıq yıxılmalıdır. Qız onu xəbərdar edir ki, sabah başqa elçilər gələndə o da gəlib istəsin.
Böyük məclis qurulur. Xan sualını verir, bilməyənlər gedirlər. Qalır Gülçin və Dəmirdaş. Gülçin də sualın cavabını bilmir. Sıra çobana çatanda xanı gülmək tutsa da, sualını verir. Çoban dərhal cavab verir ki, “Qızın yeddi xalı var”. Xan soruşanda ki, haradan bilirsən, çonban cavab verir ki, “Yuxuda saymışam mən”. Verilən cavab düzdür, lakin təsdiq cavabı da doğrudurmu? Axı bu yuxunu hansısa xan oğlu görə bilməzdimi? Əslində yəqin ki, əsl səbəb onların gizli görüşündədir, ya da qız ona xallarının sayını düzgün deyibmiş. Hər halda sualı verən qızın atasıydı və düzgün cavabın da necə tapılacağını düşünməliydi. Lakin xanı başqa şey düşündürür. O, qızını bu çobana necə versin?! Axı o daha layiqli bir namizəd axtarırdı.
Bu yerdə şair xanın yenə də tale ilə bağlı düşüncələrinə ayna tutur. “Qazandığım bu şöhrət Bir çobana yaraşmaz. Yox, taleylə kar aşmaz”. Xan bu fikirlərdə ikən qızıyla çoban üsyanın planlarını cızırlar…
Vəzir həyəcanla xana qızının qaçırılması xəbərini verir. Sevgililərin arxasınca atlılar hücum edir. Sevgililər çabuk çaparaq Zığa çatırlar. Artıq getməyə yer qalmır, 3 tərəfi su alır. Onlar suya girməyə məcbur olurlar. Xalq kütləsi də hücuma keçib sarayı ələ keçirir, Quş xanı öldürür. Lakin Mərcanla Dəmirdaş Xəzərin sularında qərq olurlar. “Son”da şair oxucularına belə bir sual ünvanlayır; “Tarixdə dağılan saraylar azmı? Döyüşdə boğulan alaylar azmı?”
06.02.2016
Gülnar Səma