Qocalmışdı. Yerindən durmağa taqəti yox idi. Əvvəlki cıvraqlığı, çılğınlığı, nikbinliyi yox idi. Bircə” O” idi yanında. Həmişə hər problemində yanında olan, ona arxa olan, dar günündə əl uzadan, lakin xoş günlərdə unudulan “O”. “O”, sakitcə yanında oturub qocanın nəfəs alışına tamaşa edirdi. “Necə də qocalıb. Həmişəki kimi mənə möhtacdı. Zamanında bu günlərini düşünmədi. İndi ona daha qayğıyla yanaşardım. Amma mən də ona yaxın olmaq üçün heç nə etmədim. Hamını ondan üstün tutdum. Bəlkə də, onun bu münasibətinin səbəbkarı mənəm. Nə bilim?”- yataqda canı ilə əlləşən qocanın üzündəki qırışların dərinliyində bataraq düşünürdü.
Hava get-gedə qaralır, yalnız qarın işığı küçəni aydınladırdı. Səssizliyi itlərin hürüşməsi pozurdu. Qarın üstü ilə kimsə yeriyirdi. Xışıltının laylanı xatırladan səsi getdikcə yaxınlaşırdı. Budur qapı cırıldadı. Arıq, çəlimsiz biri içəri girdi. Çox tanış simaydı. Ərkyana stolu çəkib oturdu. Hərəkətləri çılğınca idi. Ədalı, müştəbeh. Əlini stola vurub bərkdən nəsə dedi. Ancaq dediyi eşidilmirdi. Mətbəx qapısının cırıltısı səsli sükutu pozdu. Gözəl, nəcib bir qız əlində çay otaqdan çıxdı. Məsumiyyəti ilə çayı stolun üstünə qoyub yaxındakı stolda əyləşdi. Zərafəti duya bilməyən gənc əli ilə vurub çayı yerə aşırdı. Bununla kifayətlənməyib qızı itələdi. Yerdə uzanıqlı qalan tər çiçəyin bənizi anındaca soldu. Qoca bunlara baxıb səssiz göz yaşları tökürdü. O an o, çiçəyin qırılıb tökülmüş ləçəklərini yığıb yenidən onu bəsləmək istərdi. Ancaq gec idi.
Qapını caynaqlarıyla döyəcləyən it qəzəbli halda cavanın üstünə cumub onu cırmaqlamaq istəyirdi. Pəncəsini ona yaxınlaşdıran an başından aldığı zərbə onu saxladı. Xırdaca küçüklər onu yalayaraq zingildəyirdilər. Qoca yerindən durub “ etmə” deyib hayqırmaq istəyirdi. Ancaq səsini kimsələr duymurdu. Gözlərindən axan yaşa idi təsəllisi. Ancaq artıq gec idi.
İllər keçmişdi, itirdiklərini itirmişdi. Haqq etdiyi həyatı yaşamışdı, yaşayırdı da. Ancaq yaşatmamışdı. O, qapıdan çıxıb gedərkən o zərafəti duya bilənin bu qapıdan içəri girə biləcəyini heç düşünməmişdi. O, çiçəyin yarpaqlarına yeni barmaqların toxunacağını, bəsləyib, əzizləyə biləcək birinin onu yerdən qaldıra biləcəyini də düşünməmişdi. Daha qayğılı qollarda onu itirdiyini ağlına da gətirməmişdi. Artıq reallıqla üzləşirdi. Hər şeyin səbəbkarı özünün olduğunu anlayırdı. Ancaq çox gec idi. Sakit, səssiz göz yaşlarıyla izləyirdi bu həyat filmini. İndi yanında, yatağının kənarında onun qayğısına qalan qadının yaralarına bir başqası qaysaq oldu. Növbəti əzabı çəkdirmək üçün o yaranı sardı.
Bu dəfə qarla yeriyən addımlar başqa səsi çıxardırdılar. İndi xışıltıdan gələn səs laylanın deyil, sarı simin qopardığı səs idi. Bu gələn qarının həyat filmiydi. Hərarəti artıran, qanı coşduran, melodram idi. Romantika ilə dolu bir film.
Qapının növbəti cırıltısı xəyala dalmış qarını ayıltdı. Gənc, ağbəniz biri içəri girdi. Hələ də yerdə yıxıla qalmış qızın əllərindən bərk-bərk tutub qaldırdı. Açılan hər qapıdan bərabər keçərək gözdən itdilər. Qarının gözlərindən axan yaş soyuq yanaqlarını qızdırdı. Cibində gəzdirdiyi köhnə fotoya baxıb içdən hönkürməyə başladı. Bu onun sonuncu göz yaşlarıydı.
Səhərin ilıq günəşi yerdəki qarı yavaş-yavaş əridirdi. Bu yumuşaq hərarətdən qocanın da bədəninə pay düşmüşdü. Gözlərini açarkən görüşdüyü ilk mənzərə o köhnə foto oldu. Fotodakının kimliyini anlamaq asan idi. Romantik bir filmin qəhrəmanı.
Qarısının artıq çoxdan soyumuş bədəninə toxundu. Hiss etdiklərinə bir ad verə bilmədi. Özünü toparlayıb yatağından durdu. Və axtarmağa başladı. Nə axtardığını bilmirdi. Ancaq bir iz, daha bir sübut. Hər zaman güvəndiyi qarısına ilk dəfə idi güvənmirdi. Evdəki əşyalardan tuta-tuta qarının otağına keçdi. Əvvəllər bu otağa ancaq pul axtarmaq üçün girərdi. Bunu düşündükcə özündən utandı. Yatağın altından bir dəftər tapdı. Əlləri əsə-əsə götürüb , yenə tuta-tuta otağına keçdi. Dəftərdəki yazının sonuncu tarixi on üç il öncəyə idi. Kənarları saralmış kağızları bir-bir vərəqlədi. Yazılanları oxuduqca ordakı hadisələr gözünün önündə canlandı. Qayğıdan, ehtiyacdan yaranan sevgi onun gözündə öz çirkabını, iyrəncliyini qoruyub saxlayırdı. Yazılanları oxuduqdan sonra yatağına uzandı. “ Hər şeyin səbəbkarı sənsən, qoca” deyə dodaqaltı mızıldandı. Düşünməyə düşüncəsi razı olmadı. Beyni ağ vərəq idi. Təmiz, saf. Əllərin uzadıb qarının əllərindən tutdu. Bu dəfə günəşin batışı da onun simasını saralmaqdan qoruya bilmədi. Artıq gec idi.