Müsahibimiz şairə Güldərən Vəliyevadır. Şeirlə ovunan müsahibimiz 1959-cu ildə Göyçə mahalı Dərə kəndində dünyaya gəlib. Dağların qoynunda yerləşən, Göyçə gölünün ləpələrinin səsini layla kimi dinləyən Güldərən Vəliyeva “Aşıq Pəri” məclisinin ilk üzvlərindən olub… Gənclik illərindən fasilələrlə dövrü mətbuatda şeirləri və hekayələri dərc olunub… Və Göyçə yanğısını misralarına hopdurub şairə xanım…
-Orda bir kənd vardı…Bir az o kənd haqqında danışardınız…
-Səksəninci illərdə belə bir şeir əzbərləmişdim, müəllifini unutmuşam:
Yadıma coşqun sular,
Bir də ki, dəniz düşər…
Qayalı sahildəki
Kiçik kəndimiz düşər…
Bizim kəndimiz Zodlu Səməd ağanın yaylaq yeri olub. Səməd ağa orda üç otaq tikdirib öz ailəsi üçün. 1988-ci ildə biz qaçqın düşəndə o otaqlar hələ də dururdu. Aşıq Ələsgər öz şeirlərinin birində Zodlu Səməd ağa haqqında deyir ki, “səxada Səmədə tay ola bilməz”… Həmin Səməd ağanın yaylaq yeri olub iki dağın arasında, dərədə. Səməd ağa qonşu Pəmbək kəndindən dörd ailə köçürüb gətirib mal-qarasına baxmağa. Həmin dörd ailənin qohumları da köçüb gəlib, kiçik bir kənd salıblar. Hamı o yerə Səməd ağanın dərəsi deyib. Get-gedə kəndin adı sadəcə Dərə qalıb, Dərə kəndi. Təxminən, ötən əsrin əvvəllərində Göyçə gölünün o tayından ermənilərin əlindən Hacımuğanlılar köçüb gəlib, çayın o tayında yurd salıblar. İndi o kənd uzaqda qalıb… İllərin o tərəfində…
-Göyçə gölünü necə nağıl edərdiz?
-Yuxudan ləpələrin səsinə oyanırdıq. Kəndimiz o qədər yaxın idi ki, dənizə. Biz Göyçə gölünə dəniz deyirdik. İndi də danışanda göl deməyə dilimiz gəlmir, dəniz deyirik. Dənizin qırağında iydə ağacları vardı, ətrindən doymurduq. Orda çox qiymətli balıqlar olurdu. Neçə illərdi nə qədər balıq yeyirəmsə o tamı vermir.
-Kitablarınız qaçqın düşüb eşitmişik…
-1988-ci il noyabrın 28-də gecə çıxdıq kəndimizdən. Səkkiz qutu kitabı yığıb lələmə tapşırdım ki, ən qiymətli əşyalardı, mütləq gətirərsən. Biz atamıza lələ deyirik. Hər qutu iyirmi kiloqram tuturdu. Lələm də evdən heç nə götürməyib, ən qiymətli deyə o qutuları gətirib. Gəncədə, Poçt qəsəbəsində qutuları açanda lələm az qaldı infarkt keçirsin. Dedi, insafın olsun, bunun yerinə un gətirərdim, kitab nədi?! Kitablarım da qaçqın düşdü… Hələ də o qaçqın kitablardan Göyçənin qoxusunu alıram.
-Bəs özünüz necə gəlib çıxdınız?!…
-Kəndimizdən gecə çıxdıq. Özüboşaldan dəmir maşının üstündə kilimlərdən çadır düzəltdik, körpələri qucağımıza aldıq, şaxtada-ayazda yol başladıq. Yolda maşınımız qırıldı. Yeddi dənə əsgər gəldi, bir dənə avtobusla, başımızın üstündə də vertolyot. O vertolyot irəli gedəndə ermənilər arxadan atəş açırdılar, arxaya qayıdanda öndən. Bir termos çay götürmüşdüm, on yeddi uşağa böldük yol boyunca, böyüklər su içməyə də qıymırdı ki, uşağa qalsın. Gəldik Gədəbəyin Saratovka kəndinə. Avtobus bizi kəndin kinoteatrına töküb qayıtdı. Sonra Qaramurad kəndinə getdik, Samaya xalanın evinə. Qonşular kimi çörək, kimi pendir gətirirdi bizə. Sonra Gəncədə səkkiz ay vaqonda yaşadıq. Nəhayət, Şəmkir rayonunun Ələsgərli kəndində məskunlaşdıq. On altı il də orda yaşadıq. İndi də Gəncədə yaşayırıq… Göyçəli günləri orda qoymuşuq, orda… Lap uzaqda…
-O günləri yazmısınız. O xatirələrdən azad olmaq istəmisiniz, yoxsa olanları əbədiləşdirmək?
-Əbədiləşdirmək… Axı, heç kim bilmir, biz necə əziyyətlərlə gəlmişik. İnsanın dişlədiyi alma əlindən düşəndə hayıfı gəlir, o boyda yurda əlimiz çatmır, dözmək asandımı?! Uşaqlığım, gəncliyim orda qalıb. Qaçqınlıq günlərində şaxtadan, ayazdan, aclıqdan, ölüm qorxusundan çox ayrılıq ağrısı varıydı ürəyimizdə. O ağrı onsuz da əbədidir. Mən sadəcə o ağrıları yazmışam…
-O günlərdən danışmağa çətinlik çəkirsiniz… Amma, hamıya danışmaq istədiyiniz də nəsə olmalıdır axı…
-Var. Üç aylıq körpə qızım bələkdə qucaqdaydı o qaçqınlıq günlərində. Günlərlə yük maşınında yol gəlmək, o soyuğa dözmək böyüklər üçün dözülməz idi. İndi təsəvvür edin ki, üç aylıq körpə bələkdə necə olardı? Heç vaxt unutmaram… Nəinki, unutmaq, yaşadığım hər gün hamıya, hamıya danışmaq istəyirəm onda yaşadığımı. Körpə bələkdə donmuşdu. Buz altından üzü də görünmürdü. Ta Gədəbəydə odun peçinin yanına qoyanacan onun donmasını elə də dərk etməmişdim. Amma, orda, isti evin içində daha dərindən hiss etdim ki, bu qucağımdakı buzdu, buzun içindəki də mənim qızımdı. Hamı əlini üzmüşdü uşaqdan, təkcə mən ümidimi üzməmişdim. Bələyin donu açıldıqca ürəyimdə ümidlər gah parıldayır, gah sönükləşirdi. Birdən kimsə dedi:
-İlahi, möcüzəyə bax, uşaq sağdı ki!
-Buz ərimişdi… Bələyin ətrafında su gölməçə kimi yavaş-yavaş dağılırdı… Üç aylıq körpənin rəngi gömgöy idi, göyərmiş dodaqları tərpənirdi… O andakı ümidi anlatmaq mümkündürmü? Ya sevinci nə ilə ifadə edim ki?! Sözlər yetməz!
-O uşağa danışmış olarsınız bu hadisəni yəqin ki…
-Əlbəttə! Danışmışam. Ağlı kəsəndən bu hadisəni təkrar-təkrar danışmışam ona. Unutmasın deyə. O da böyüdükcə bu ağrılı hissləri daha yaxşı dərk edib. Bir hekayə də yazıb bu haqda. Hələ də qızımın uğurlarına sevindikcə onun buzun altından çıxmış, göyərmiş dodaqları gözümün önünə gəlir. Düşünürəm ki, Allah bizim arxamızdadır. Kəndimizə dönəcəyik, qızım kəndimizdən də yazacaq. AMİN!
-Kəndinizə dönsəniz ilk işiniz nə olar?
-Nənəmin qəbrini ziyarət etmək. Deyərdim, ay nənə, bax, səni tək qoymuşdum, qayıtdım gəldim. Dağlarımızı, çəmənlərimizi gəzərdim… Gümanım çoxdu o günə!
Söhbətləşdi: Şəfa Vəli