Şamaxı şairləri

Şairlər yurdudurd doğma Şamaxı,
Ancaq yurdu olmur şairlərinin.
Gör neçə əsrdir sevir, oxuyur
Millər sətir-sətir şeirlərini.

Qılınc qələmindən od-alov saçır,
Vulkanlar püskürür şeirlərindən.
Amalı uğrunda başından keçir.
Məqsədi yolunda çıxır dəridən.

Gəzir ölkələri o yana-yana;
Gəzərmi dünyanı eşqsiz olan kəs?!
Şamaxı şairi sığmır cahana,
Necə sığa bilər şamaxıya bəs?!

Şamaxı, mənim də sözüm haqqadır:
Tərk-vətən olur oğulun, qızın;
Gözlərin göylərdə ulduz axtarır,
Görnürən qoynunda parlaq ulduzu.

Açılıb mənim də sərhəd qarşımda,
Başım üzərimdə bulud əlçimi.
Şamaxı küləyi əsir başımda,
Şamaxı yağışı yuyur saçımı.

Qalmayıb bir dənə daş Şamaxıda,
Şair arxasınca atılmaq üçün.
Dünyaya gələydim kaş Şamaxıda,
Qoynuna şairtək qayıtmaq üçün.

Aprel 1991.

Yük olma, şerim

Adınla bağlıdır xeyirim, şərim,
Sinəmin altına yerit kökünü.
Ay mənim çiynimə yük olan şerim,
Özgə çiyinlərdən qaldır yükünü.

İllərlə çəkmişəm qayğılarını,
Köntöy misraların didib beynimi.
Bir vaxt qəlbim çəkib ağrılarını,
İndi ağırlığın salır çiynimi.

Qəlbimin dağıdır qəlbinin dağı,
Ömürlük bitmişəm o torpağında.
Necə ki, doğmadır o ağrın-acın,
Eləcə doğmadır ağırlığın da.

Eşqin, həyanındı, arxandı Vətən,
Hər kəsin önündə bükülmə, şerim!
Hazıram getməyə çiyinlərdə mən,
Özgə çiyinlərə yük olma, şerim!

1985.

***

Birimiz ay olduq,
birimiz günəş…
mən aylı gecələrə vuruldum,
sən günəşli gündüzlərə.
Mən ay işığına tutdum dünyanı,
sən isə günəşin şəfəqlərinə.
Varlığın yoxluğum oldu!..
Nisgildən
səbrimin gözü tutuldu!..
Qovuşduq,
Dünyanın üzü tutuldu!..
Birimiz ay olduq,
birimiz günəş…
… Sənin səadətin dan üzünədi,
Mənim səadətim enir qüruba…