Acılı-ağrılı vüsal gəzəndə,
Yaralı könlümü yormuşam indi.
Bu Muğan çölündə, bu, Mil düzündə
Tək ayaq üstə durmuşam indi.
Vüsal Araza çırpıb özünü,
Bəs, niyə adlamır, Arazı keçir?!
Sevmişəm sükutu ömrüm uzunu,
Bu, ağır sükutdan gözüm su içmir!
Həsrətim dumantək yola döşəndi
Bakı, küçələrin dar gəlir mənə.
Yadıma Koroğlu, Babək düşəndə
Yaşamaq özü də ar gəlir mənə!
Car çəkim aləmə ürək sözümü,
Çırpılsın köksümə tufanlı dəniz.
Cahana sığmadı babam Nəsimi,
Sığırıq piştaxta arxasına biz!
Dəli küləklərin nəriltisindən
Dalğalar sahildə quduz olubdur.
Firmenni şalvarın məzənnəsindən,
Vətən duyğuları ucuz olubdur.
Dilənçi deyilik, hey əsə-əsə
Qəpiyə, quruşa əyilən, Vətən!
Əgər ki uğrunda bir gün ölməsək,
Demək, övladın da deyilik, Vətən!