Göyə baxmaqdan qorxurdu. Qara buludların bir-birinin üstünə şığımasını, qılınclarını siyirib xartıltıyla bir-birinin ürəyinə saplamasını yağan palçıqlı leysandan, hər yarım dəqiqədən bir qulaqları titrədən gurultudan bilmək olurdu onsuz da… Addımını daha tez atmaq üçün sulu palçığın ortasından aradabir qabaran kiçik daşlar axtarırdı. Gah tapırdı, gah da qaloşunun içinə dolan zığlı suyun şappıltısını eşidirdi. Qarşısına çıxan adamlar üzü kəndə doğru qaçırdı. Hər kəs öz canını götürmüşdü çiyninə yük kimi. Eşikdə qalan mal-qoyun kiminsə eyninə gəlmirdi bu qaramtıl havanın qorxunc ağuşunda.
Sonuncu evin damı bir daha ildırım işığında parlayıb yoxa çıxandan sonra bulağın yoluna döndü. Bədənindən axan yağış suyundan eymənmək yadına düşmürdü. Bircə saat bundan əvvəl, günlü-günəşli bir havada on üç yaşlı qızıyla səkkiz yaşlı oğlunu bulağa su gətirməyə göndərmişdi. Onlara söz vermişdi ki, yenicə cərrahi əməliyyatdan çıxmış on bir yaşlı qızının sarığını dəyişmək üçün gələn həkimi yola salıb arxalarınca bulağın yolunu tutacaq.
Həkim gəlməmişdi. Xəstə qız əlini sarığın üstündən yarasına qoyub yenicə gözünü doldurmuşdu ki, göylər ondan qabaq hönkürməyə başlamışdı. Bu hönkürtü ana ürəyinin dörd yerə bölünmüş sevgisinin tarazlığını poza bilməmişdi. Beş yaşlı sonbeşik qızının papağını başına qoyub xəstənin yorğanının altına soxmuşdu. Qapının arxasından asdığı qolsuz nimtənəsini çiyninə atmış, bir tərəfi sökülməyə başlayan yaşıl yaylığının ucunu boğazının altında düyünləmişdi. Dünən şehli qımılıqda cücə axtaranda içi yaş olmuş qaloşunu gecədən pilləkənin böyrünə söykəmişdi ki, yel çəksin qurusun. Onu da tələsik ayağına keçirtmişdi. Üzünə çırpılan palçıqlı damlalardan yanağını da qırışdırmadan bulağın səmtinə yönəlmişdi…
Ayağı hər sürüşdüyündə ana ürəyi bir daha mətinləşirdi. Balalarını getdikcə tündləşən qaranlığın qoynundan çəkib almaq üçün ana sevgisi insan acizliyini yenirdi. Qayalıq döngəyə çatanda buludların gurultusu arasında qulağına ulaq səsi də çatmışdı. Hansı tərəfdən gəldiyini anşırda bilməsə də dizlərini gərmişdi. Onun bulağa çatmağa can atdığı qədər damlalar torpaqda yayxanmağa həvəslənmirdi. Kürəyinin arasından üzüaşağı sellənən yağış ananın balalarını qorumaq eşqini söndürməyi düşünməyə də cəsarət etmirdi.
Döngədən sonra yol üzüaşağı idi. Qaloşun içində ayağı, getdikcə lehməyə dönən palçıqda da qaloşu qərar tuta bilmirdi, sürüşürdü. Buludların toqquşan qılınclarından çıxan çınqıllar ətrafı bir anlıq işıldadanda döngənin aşağısından gələn ulağı gördü; belində bir cüt su bidonu çatılmış ulağın boğazındakı çatını tanıyanda sevindi. Bu çatını böyük qızı ot kəndirindən hörmüşdü. Kəndin bütün ulaqlarının boğaz çatısından tək fərqi arasına qəşəng görünsün deyə qatılmış birqat qırmızı ip idi. Məhz bu qırmızı ip onun canına can qatmış, üzüaşağı daha sürətlə yüyürmək istəməsinə səbəb olmuşdu. Heç beş-altı addım atmamışdı ki, eşşəyin arxasınca gələn, bir əlində qırmızı polimer vedrə tutmuş, o biri əliylə də qardaşının qolundan yapışmış qızını gördü. Bir-birinə ətcə sərçə balaları kimi sığınmışdılar sanki…
Dayandı… Gözlərini balalarından çəkib göylərə baxdı qorxmadan. Sağ-salamat, islanmalarına, paltarları sırıl-sıxlam olmasına baxmayaraq, su bidonlarını doldurmadan evə gəlmək istəməyən bacı-qardaş ildırımın düşə biləcəyi ən qorxulu yerdən-hündür çinarla göy qayanın arasından çıxmışdılar. Daha buludların cəngi onu qorxutmurdu.
İki balasının əlindən tutaraq bəzəkli çatılı ulağın arxasınca kəndə girəndə pəncərələrdən boylananların yadına çöldə qoyduqları mal-qoyun, toyuq-cücə düşmüşdüsə də, ani parlayıb yox olan işıqdan qorxduqlarından fikirlərindən bircə kəlmə “Heyf!” keçmişdi boynunu bükərək…
Yalnız o…
Yalnız o, qorxmurdu daha buludların döyüş cəngisindən… Çaxan şimşəkdən…
Şimşək onun özü idi!