Bu yaxınlarda görkəmli türkçülərimizdən olan tədqiqatçı-alim Azər Turanın “Cavidnamə” adlı sanballı tədqiqat əsəri ilə tanış oldum. Kitab, adından da göründüyü kimi, unudulmaz millət fədaisi, Böyük Turan sevdalısı Hüseyn Cavidin qaşqabaqlı taleyinə, həyat və yaradıcılıq yollarına ayna tutan ən dəyərli mənbələrdəndir, desək, heç də yanılmarıq. Ədəbi mühitdə şeirə, sənətə marağım olduğundan bu müstəvidə olan ədiblər haqqında çox eşitmişdim. Lakin dövrünə görə məhrumiyyətlərə məruz qalan bir şairin həyat və yaradıcılığı məni həmişə düşündürüb. Bu əvəzsiz şəxsiyyət yaşadığı dövrdə burulğanlar içərisində çabalayan və öz yenilməzliyilə fərqlənən, təxəyyülü ilə seçilən, Nəsimi kimi cahana sığmayan Hüseyn Cavid idi. Dövrünün qadağalarına məhəl qoymadan, daim əqidəsinə sadiq qalaraq, “ürək sifarişlə işləmir” deyə, öz gözəllik tanrısına tapınan səma şairinin haqqında əlimə harda nə yazı düşübsə, acgözlüklə oxuyaraq, daim onun haqqında bildiklərimi zənginləşdirmək həvəsində olmuşam.
Cavidşunas tədqiqatçı-alim Azər Turanın minbir əziyyətlə ərsəyə gətirdiyi bu kitabın mənim də kitabxanamda özünə yer tutmasını böyük xoşbəxtlik hesab edirəm. Kitabı oxuyub, fikirlərimi sizlərlə bölüşməyi özümə borc bildim. Vərəqləri çevirdikcə, illər uzunu acılar içində keçən bir şair həyatı göz önündə canlanır. Gecədən xeyli keçməsinə baxmayaraq, “Cavidnamə” əlimdədir. Oxuyuram. Hadisələrə səyahət etdikcə, sanki, mən də özümü Cavid yolunun yolçusu sanıram. Gözümün önündə həmin gecə canlanır: “Cavid evə bir az tez gəlmişdi. Çox sevincək görünürdü. O, məmnun halda Mişkinaza bildirdi ki, “Koroğlu”nun ssenarisi üçün müqavilə bağlayıb. Ayın beşində 5000 manat qonorar verəcəklər. Qalan hissəsini də filmin çəkilişindən sonra alacaqmış”. Sanki, bu ailənin sevincək gecəsinə zalım fələk qara yellər əsdirdi. Kaş həmin gün Cavid ailəsinin taleyinə yazılmayaydı. KAŞ Kİ! Azər Turanın təqdimatında həmin gecə baş verən hadisələri oxuduqca, Cavid ailəsinin yaşadıqlarını, sanki, mən də yaşadım. Oxuduqlarım məni özüilə çəkib çox uzaqlara apardı və məndə bu yollara yolçu oldum. Başa düşdüm ki, BÖYÜK TURANA yön alan yol BÖYÜK CAVİDİN məfkurəsindən başlayır. Mən sanki yuxudaymışam kimi qəfildən ayıldım və daxilimdə bir hıçqırıq qopdu. Özümə hesab verirmiş kimi pıçıldadım: “Axı, Cavid hansı günahın sahibidir ki, onu gecənin bir aləmində ailəsindən qoparıb gedər-gəlməzə apardılar? Cavidin günahı onun türk olmağıydımı? O, yaradıcılığında Osmanlı türkcəsindən istifadə etdiyinə görəmi yeni qurulan bolşevik rejimi onu “PANTÜRKİST” adlandırırdı? Cavid axı öz keçmişini, zatını necə inkar edəydi?…”
Haşiyə: Doğrudan da, mən özümə verdiyim suallar qarşısnda çox aciz göründüm və insanlara, insanlıq deyilən məhfuma nifrət etdim. Həmin dövr üçün çoxları bu burulğandan sivrilib çıxmağı bacardılar. Lakin Cavid bolşevik ideologiyasına uyğun ədəbi mühitində yenidən qurula bilmədi. Cavidin idrakına hakim kəsilən “türkçülük” böyük bir Turanın yaranışından xəbər verirdi… Elə bu səbəbdən də, onun romantik-fəlsəfi düşüncələri XIX əsrin sonları, XX əsrin əvvəlləri yaranmış olan ədəbi mühitdən seçilirdi. H.Cavidin istəyi turançılığı önə çəkərək dilinin, dininin saflığını qorumaq idi. “Cavidnamə”ni oxuduqca gözlərimiz önündə çox hadisələr cərəyan edir və bu cərəyanın axınına düşənlərdən biri də H.Cavid oldu. O cərəyan ki, Cavidi öz doğma vətənindən ayırıb soyuq Sibirin çöllərinə atdı.
Oğlu Ərtoğrol öz xatirələrində həmin o, uğursuz gecəni, 1937-ci il 4 iyunu belə təsvir edirdi: “Uf!.. nə uğursuz gecə, nə pərişan mənzərə. Odanı məzar soyuqluğu, ölüm sükutu bürümüş. Kitablar, dəftərlər yerdə; şkafın qapılrı açıq, hər şey tərpədilmiş, döşəklər yarıya qədər qatlanmış. Ümumən bir qırıqlıq”. Onun gənc qəlbi həmin gecə bir sözü təkrar-təkrar deyirdi. “Neyçün? Neyçün?” Çünki həmin gecə Cavid ailəsinin işığı söndürüldü. Elə bir işıq ki, heç vaxt dan yerinin günəşi tək nur saça bilmədi. Həmin gecə Cavidin dünyası qaralsa da, ürəyi ona görə rahat idi ki, sönən işıq artıq onun yaratdığı əsərlərində öz əksini tapmışdı. H. Cavid görmək istədiyi turançılığı öz şerlərində və dramaturgiyasında əks etdirirdi. Əslində, tarixən Topal Teymur öz dövrünə görə qəddar, amansız hətta öz oğlu Miranşaha belə güzəştə getməyən istilaçı fateh olub.Lakin Cavid dramaturgiyasının Teymuru turançı və islamçıdır.Müsəlman aləmini bürüyən AVROPALAŞMA, İslam dininə qarşı həqarət, o dövrdə cərəyan edən rüsvayçılıqlar türk oğlu kimiTEYMURUbir fatehə çevirir. ƏMİR TEYMUR, əslində, türk düşüncəsinin fəlsəfəsini tətbiq edən bir fatehdir. Onun türk mədəniyyəti tarixindəki yerini VAMBERİ dəqiq ifadə etmişdir.Teymur türkçülük dövrünün hökmranı olmuşdur.O, məmləkətdə türk dilini rəsmi dil olaraq yayılmasını hökm etmişdir.ƏMR TEYMUR Yıldrım Bəyazidi türk olaraq bəyənmirdi.Ona göndərdiyi məktubda ittiham edərək bildirir:“Sən Bəyazid öz dindaşlarına qarşı müharibə etdiyindən yaxşı adam deyilsən!”Əslində “ Topal TEYMUR” dramında Bəyazid məğrur bir şəxsiyyətdir. Dramda hər ikisinin görüş səhnəsi bu ifadələrlə yadda qalır. Teymur Bəyazidə : “Heç maraq etmə, xaqanim! Sən kor bir abdal,mən isə dəli bir topal!” Sonra əlavə edir:”Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın- yığın insanlara ucsuz – bucaqsız məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı.” Cavid yaradıcılığına görünən və görünməyən tərəflərdən çox baxılıb. Əksər hallarda fikirlər birmənalı olmayıb.Bu Ədəbi mühitdə fikirlər haçalandığından Cavidin yaradıcılığı kölgədə qalmışdır. Lakin Cavidin əsərləri tədqiq olunanda Məmməd Əmin Rəsulzadə Cavid məfkurəsini daha uca zirvələrə qaldıraraq bildirirdi.Cavid yaradıcılığı TURAN idealarına ithaf olunmuş mənəvi sərvətlər toplusu təsiri bağışlayır. Elə bu baxımdan da H.Cavid özünün siyasi məfkurəsinə sədaqət göstərdiyindən Əli bəy Hüseynzadə, Ziya Gökalp yaradıcılığının eyni müstəvinin bir baxış bucağı kimi görünür. Nəhayət, zaman keçdikcə Cavidin baxış bucağında işıqlar görünməyə başladı. Stalin represiyasının çox qurbanları kimi günahsız olduğu uzun müddət keçəndən sonra sübuta yetirildiyindən səma şairinə bəraət verildi. Doğrudan da haqq nazildi, amma üzülmədi. Artıq Cavidin balalarının üzünə xalq düşməni kimi qapılar bağlanmayacaqdı. Ərtoğolun xəyalındakı günəşin üzünü artıq buludlar örtməyəcəkdi. Cavid bəraət aldıqdan sonra dövlət Cavidin yaradıcılığını ədəbi mühitdə yenidən yayılması üçün əlindən gələni etdi. Cavidin “NƏNƏSİM” deyə oxşadığı Turan Cavid ömrünün sonuna kimi atasından miras qalmış külliyatı xalqa çatdırmaqla məşğul oldu. Onun təhrif olunmuş əsərlərini yenidən bərpa edərək əvvəlki vəziyyətinə qaytardı. İtmiş “XƏYYAM”ı tapdı. Nəhayət, Turan Cavidin daha çox arzuladığı istəyi həyata keçdi. Uzaq ellərdə dünyasını dəyişən H.Cavidin cənazəsi 1982-ci ildə H.ƏLİYEVİN təşəbbüsü ilə öz doğma vətəninə gətirilərək Naxçıvanda torpağa tapşırıldı. Bu gün H.Cavid öz doğmaları ilə birgə Naxçıvan torpağında əbədiyyət yuxusundadır.
Cavidsevərlərin qəlbinə bir sərinlik gətirən bu əsərin müəllifi tədqiqatçı alim, fəlsəfə doktoru Azər Turandır. Azər müəllim, bu kitabı oxuduqca sizə ürəyimdə dəfələrlə təşəkkür etmişəm. Bir çox dəyərli mənbələrə istinad edilərək yazılıb, oxuculara təqdim edilən bu əsər çox bulanan suları durultdu. Çünki Cavid bir bulaq idi, qaynadı. Və qaynayıb daşan bulaq sizin də könlünüzə yön aldı. Həmin bulaq kükrəyib sizin qəlbinizi ehtizaza gətirən Turan çeşməsi oldu. Bu kitabı oxuduqca sizin Cavid ruhuilə döyunən qəlbinizə heyran olmamaq mümkün deyil. Siz həqiqi övlad kimi Turan Cavidin həmişə yanında olmusunuz. Onu heç tək qoymadınız. Onun son nəfəsində divardan asılmış əzizlərinin şəkillərini bir daha görməyəcəkmiş kimi axıtdığı göz yaşlarını qəlbiniz yana-yana siz sildiniz. Səmimiyətimlə yazıram, kitabın son səhifələrini oxuduqca ağlamaya bilmədim. Mən indi sizi başa düşdüm ki, Cavid ruhunu duymaq və bu sevda ilə yaşamaq nə deməkdir. Mən isə türk olduğumu bir daha dərk etdim. Kim olduğumu bildim. Turan yolunun izini tapdım, düşünə-düşünə Cavidin gözlərilə bir anlığa bu günki ədəbi mühitə, cəmiyyətimizə baxdım və öz-özümə dedim: “Kaş TOPAL TEYMUR sağ olaydı!” KAŞKİ…! İnanıram ki, bu kitabı ərsəyə gətirmək üçün çox əziyyət çəkmisiniz, amma Cavid ruhunu şad etməyə dəyər. Zənnimcə bu, bir şəhid ruhudur. Məncə, haqqı tapdalanmış, məhrumiyyətlərə düçar olub dünyasını dəyişən də ŞƏHİD sayılır. Cavidin ruhu sizə duaçı olsun AZƏR TURAN!
P.S. Doğrudan da, insan taleyi müxtəlifdir. Azər İmamverdi oğlu Əbilov dunyaya göz açanda qarşısına çıxıb kükrəyən Turan çeşməsindən su içəcəyini heç ağlına belə gətirməzdi. Lakin taleyin qisməti onu bu yola yolçu etdi. H.Cavid də heç duşünməzdi ki, o, “AZƏR” poemasını yazacaq və zaman keçəcək, Azər adlı bir insan onun yaradıcılığını araşdıracaq və “CAVİDNAMƏ”ni yazanda kitabın ön sözünü Cavidin qəhrəmanı olan Azərin dilindən özünə şamil edəcək. Bütün bu yazdıqlarım Cavid ocağının varisi kimi Azər Turanın Cavid yaradıcı irsinə olan münasibətinin məntiqi nəticəsidir. Əlbəttə, bu gün Azər Turanı Cavid ruhu düşündrür, lakin Cavidi isə öz fəlsəfəsində yaratdığı qəhrəman, “AZƏR” düşündrüb. Bu düşüncələr isə bir müstəvidə kəsişmə bucağında birləşir və bu gün ədəbi mühitdə Azər Turanın Cavid yaradıcılığına münasibətində öz əksini tapır.
Azər düşünür… Bəlkə otuz yıldır o hər an
Düşkün bəşərin eşqıni, fəryadını inlər.
Yaqdıqca yaqar beynini bir kölgəli böhran,
Əflaka sorar dərdini, yıldızları dinlər.
Göz qırparaq ancaq ona yıldızlar edər naz,
Dilsiz və sağır göylər onun halını duymaz