“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
(“525-ci qəzet”də çap olunan yazım….
Gül Dərənin Güldərəni…
Anadan olduğum kənd Göyçə mahalının Dərə kəndidir. Göyçəlilər o kəndə “Səməd ağanın dərəsi” deyir. Şəkilləri var kəndimizin anamın albomlarında…Hər tərəfi gül-çiçək, yaşıllıq, yolları dolay-dolay, bir səmti Göyçə gölü-dalğaları sahilə aşiq… İndi kəndimiz xatirələrdə qalıb; rəngi sarı, olayları qarışıq… Bir də ötən əsrin 70-ci illərinin sonunu, 80-ci illərin əvvəlini xatırlayanda o kəndin ən gözəl qızından danışanlar var həmkəndlilərimizin içində… Çoxlarından eşitmişəm “Gül Dərənin Güldərəni” sözünü… Qürurla başımı dikəldib: “Güldərənin qızıyam!”-demişəm… İnanmayıblar… İnananlar da təəssüflə başlarını bulayıb: “Heç ona oxşamamısan”-deyib…
Bəlkə də… Bəlkə də heç oxşamadığıma əmin olardım ikimiz də misralarla ovunmasaydıq… Hə, o da şairdi. Gördüyünü, bildiyini misra-misra demək istər… O, gözəl hekayələr yazır. “İşıq pulu” adlı hekayəsi ilə nasir kimi özünü təqdim edə bilib. O, dünyanın gözəl olmasını istəyən bir insandı. Və bu gözəllik naminə əlindəki tüm imkanlardan yararlanmağa çalışır…
Mətbəxinin girişindən bir dəmirçi şəkli asıb. Şəkildə dəmirçi baba əlindəki dəmiri döyəcləyir. O, daim bu şəklə baxıb deyər: “Həyat dəmirçi, insan bir dəmir sanki… Həyat insanı kürədə isidər, zindanda çəkiclə döyər və hər dəfə də ayrı bir xarakter bəxş edər…”
Mən bilirəm bütün analar gözəldir. Bütün analar həyatın gül dərənidir; hər bir bala güldür, çiçəkdir yaşam adlı əfsanəvi bağda… Amma, o, mənim anamdır! Ömrünün 60-cı ilinə bircə addım qalır bu payız… Anam qocalır…
Anamın şeirlərindən bir az yazmışam komputerimin yaddaşına. Hərdən açıram, oxuyuram… Mən naməlumluğun zamanında bu dünyaya yol gələndə anam şair ürəyinin nə olduğunu dərk edibmiş… Yazıb ki:
Köklənmiş bir tardı şair ürəyi,
Zili də ağladır, bəmi də onun…
Anam öz həsrətinin dilini bilirmiş, məndən fərqli olaraq. Bu dildə danışırmış… Sözlərini gecələr aya söyləyirmiş ki, bəlkə ay əbədi sevdalısına ötürə bu sözləri… Göylərin sarı qızı da öz zərrin şüalarına toplayıb bu sözləri Xan Arazdan o yana keçirə…
Sərhəd məftilləri göz damarımdır,
Narahat gecəmdə qızarar, sancar.
Araz ürəyimin qızıl qanıdır,
Bir dəli həsrətdir, kükrəyər, coşar.
Vətən məhəbbəti paydı, butadı,
Arazmı o taya böldü bu dadı?
Sərhəd məftilləri elə budadı,
Baxdıqca baxışım çəkinər, qorxar.
Anamın xoşuma gəlməyən bir misrası var… Bir neçə il öncəyədək o misrayla da fəxr edirdim. Hər deyilişində uçurdum göylərə, arzularım pöhrələnirdi; mən dünya şöhrətli yazıçı olurdum, anam kitabımı yastığının yanında qoyub yatırdı o arzularda. Axı, anamın yastığının yanında həmişə Məmməd Arazın “Oxucuya məktub” kitabı olurdu… Söz yox, elə indi də anamın yastığının yanında “Poçtalyona məktub” var, amma, mən dünya şöhrətli yazıçı olammadım. Uşaqkən yazdıqlarımı heç vaxt gizləmirdim. Bu gün gizlədirəm amma… Ədəbiyyatın dünyanı xilas edəcəyinə inanmıram artıq… İçimdəki bu inamı kimin, nəyin, necə oyadacağı haqqında da heç bir fikrim yoxdur. Amma, anam 1988-ci ilin 22 iyulunda yazdığı şeiri ilə inanmışdı mənim gələcəyimin qələmə buta olduğuna. İlk qığıltımı eşidən kimi “Masamın kağızı, qələmi Şəfam!”-deyə yazmışdı…
Bir də “Göyçə dərdim, boyat dərdim”-deyir anam… “Puçurlanan, boy atan” bir dərdin necə boyat olduğunu da anlamamışam hələ… Mən doğulduğum o kəndi, noyabrın 28-də başlayan qaçaqaçı, üç aylıq körpəykən bələkdə donmağımı, möcüzəvari şəkildə donmuş bələkdən sağ çıxmağımı anamın göyüzlü dəftərindən oxumuşam. Qarmaqarışıq xətlə anam qaçqınlıq həyatının bir həftəlik müqəddiməsini yazıb o dəftərə… Amma, Gül Dərəli ümidlərinə həmişə sadiq qalıb… Gümanların, bəlkələrin yaxasından bərk-bərk yapışıb…
Göyçənin dağları cərgə-cərgədir,
Dağları görməyim güman-bəlkədir.
Əlac nəyə qalıb, ümid kimədir?
“Əlvida” demədim, “Hələlik” dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Bir gün anama zəng etmişdim. Qəzet almağı tapşıracaqdım. Telefonda mənə bir bənd şeir dedi:
Saçımda ağ kağızın boz kölgəsi,
Dərdim baxışımın toran döngəsi…
Ömrə eşqim ömürdən də ötəsi,
Dizlərinə çökə bilsən, çök görüm.
Utandım… Mən necə övlad idim ki, anamın saçının ağarmasının fərqinə varmamışdım?! Susmuşdum… O sükutu düz iki il ürəyimin başında göynərti kimi gəzdirmişdim… Və bu il qəfildən sükutum orucunu pozdu… Dilimdən axıb tökülən misralar gözümdəki yaşları qabaqlamışdı… Yazmışdım ki:
Mən elə bilirdim,
qocala bilməz
mən boyda “körpəsi” olan bir qadın…
…”saçımda ağ kağızın boz kölgəsi…”
-demişdin…
o kölgə heç canlanmasın…
Şeirləri çoxdu anamın… Oxumadıqlarım da var, əminəm… Ötən əsrin 80-ci illərində Gəncədə yazıçı Qərib Mehdinin rəhbərliyi ilə fəaliyyət göstərən “İlham” ədəbi birliyinin üzvü olub anam… “Aşıq Pəri” məclisinin Göyçədən olan iki üzvündən biri olub anam… Amma, bütün misralarını dörd balasının telinə hörməyi bacarıb…
İndi hərdən Qərib Mehdi də, “İlham” ədəbi birliyinin üzvü olan şairlər də anamdan şeir umur. “Yaz, hörüklü qız, yaz!”-deyirlər… Bu yaxınlarda anam dedi ki, ondan şeir istəyənlərə bir cavabı var… Həmin cavab mənimçün də min sualın başlanğıcı oldu, əslində… O suallarla baş-başa hərdən bu cavaba nəzər salıram baxışımın ucuyla…
Ay məndən şairlik uman qardaşım,
Yarımçıq misralar könül ovutmaz…
İlhamlı könlümü duyan qardaşım,
“Qəriblik” bəd sözdü, rədif tapılmaz…
Məndən nağıl istə, nənəm danışıb,
Yaddaşımda qalıb Simurq quşları…
Məndən şeir umma…O misraları
Yazır yanağıma gözümün yaşı…
“Ola”-deyib arzulama şairə
“Möhtəşəm” misralar, ağladan bəndlər…
Qorxuram deməyə-mən də şairəm!
Şairi var edir sonsuz kədərlər…
Daha susmuşam bu şeirdən sonra… İçimdəki suallara hansı cavabı nə vaxt tapacağam, bilmirəm… Tək bildiyim, hələlik budur: “Anam məndən gözəl olub mən yaşda!”
Şəfa Vəli (Gəncə-2018)