Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü

Polis akademiyasında oxuyan tələbə qohumum özünü həddindən artıq gözəl qızların cəngavəri kimi hiss edir. Gözəl olmayan, ətli-qanlı qızlara qarşı da biganə qala bilmirdi. Düzü, gözəl qız görəndə mən də baxıram, o qız kimi gözəl olmadığım üçün dəfələrlə paxıllıq hissi də keçirmişəm. Nədənsə, qohumumun bəyənib-seçdiyi gözəlçələrə heç cür qanım qaynamırdı. Hər dəfə o qızlar tərəfindən aldanmaq, deyəsən, qohumumun taleyinə yazılmşdı. “ Həyatda hər şey qismətdir” deyirlər. Qohumum yenə bir gün bizə gəldi. Axşam süfrəsində onun enli kürəyinə, yaraşığına, balaca burnuna, vaxtından tez ağarmış saçlarına ovçu şikarını güdən kimi baxa-baxa yeməyimlə oynayırdım. Evdəkilər nə danışırdı, fikir vermirdim, ancaq onun haqqında fikirləşirdim. Kurs yoldaşı Gülcanın ona xəyanətini heç cür başa düşə bilmirdim. Gülcandan sonra qohumum qızlara qarşı laqeyd qala bilmədiyi qədər də inamsız idi. Yaxşı bilirdim, onun qısqanclığı sevgidən yox, həmişə inamsızlıqdan olurdu. Bu dəfə hər şey başqa cür oldu.
Avtobusa minəndə gözü qarşı tərəfdə oturmuş qıza sataşıb. Qız qohumumla, qohumum qızla baxışa-baxışa bir-birinin ürəyinə yol tapıblar. Avtobusdan düşəndə qohumum qıza yaxınlaşır, aralarında nə söhbət olub təfərrüatıyla yaza bilməyəcəm. Onu bilirəm ki, nömrəsini qıza vermək bir göz qırpımında olub. Qızla bir müddət danışdıqdan sonra şəklini mənə göstərdi . Elə bilin Araşla duet oxuyan Ayselin bir balaca sarışın variantıydı. Gözəlliyinə söz ola bilməz. Elə bilin ki, yaradan o gözəl üçün xüsusi bir zaman ayırıb, nə qədər mələk geyimləri var, hamısını bu qıza bağışlayıb.
─Qadası, deyəsən, bu dəfə tale üzünə gülüb, axı. Allah xoşbəxt eləsin!, -deyib ağbirçək nənələr kimi dualı ağzımı açdım.
Dodaqaltı güldü, başını yellədi:
─Şəfi, qız xəstədir, ömrünə az qalıb.
Özünüzü mənim yerimdə təsəvvür elədiniz? Çox pis oldum. Bir az da təəccübləndim. Elə bil gözümün qabağında yeddinci sinifi təzə bitirmiş, yerdə gözüaçıq uzanmış, insanları başına yığan oğlanın meyidini görən mən olmamışam. Üstündən illər keçmişdi. Tez-tez xatırlaya bilməzdim. Yenə də kamazın vurduğu o oğlanı uzun müddət gecələr unuda bilməmişdim. O gecə yenə o oğlanı xatırladım…
─Niyə?
─Xərçəngdir… Başından… Ailəsiylə Moskvaya getməlidir. Medinstitutda oxuyur, dördüncü kursda. Hər gecə danışırıq. Tez sağollaşanda xətrinə dəyir. Akademiyada da çox danışmaq olmur. Altı-bazar danışa bilərəm, deyirəm, elə bilir başımdan edirəm, – hiss edirdim, qohumum ürəyində bəxtinə söyürdü, – Səndən ona danışmışam. Nömrəsini verim, sən də danış. Mən olmayanda, başını qatarsan.
─Nə danışım? – soruşdum.
─Nə bilim… Danışanda söz-sözü çəkir də… – deyib öz telefonundan qızı yığdı. Hal-əhval tutandan sonra telefonu mənə verdi.
İlk iki dəqiqədən sonra qızla düz bir saat danışdım. Göz dəyməsin, sözü sözə calayıb, uzun-uzadı danışmaq uşaqlıqdan qalan xasiyyətimdi. Sonrakı günlər öz nömrəmlə danışdım qızla. Üstəlik bacım da danışdı. Anam telefonla danışmasa da salam göndərəndə eşidirdi. Qıza təsəlli verirdim. İnsanlara qarşı həssas olsam da, həyata qarşı soyuq və biganə olduğumu məni tanıyanlar məndən yaxşı bilirdi. Daha doğrusu, mən böyüdükcə tanıdılar.

Rusiyaya gedəndə də qız mənə zəng edirdi, amma gizli yığırdı. Konturun qurtarar deyirdim, nömrəni yaz, mesajlaşaq. Danışıb qurtarandan sonra da həmişə ağlayardım. Bir-iki gündən sonra cin nömrəsindən zəng vurdu. Səsini eşidib təəccübləndim.
─Nə yaxşı gəlmisən? Sağaldın? –soruşdum.
O vaxtlar xərçəng xəstəliyi haqqında geniş məlumatım yoxuydu. Vay-vay, yadıma indi də düşəndə tüstü təpəmdən çıxır.
─Yox, Türkiyədəyəm. Moskvadan məni Türkiyəyə göndərdilər. Əməliyyat burda olacaq. – dedi.
Qohumumla evlənməkdən söz salanda:
─Qız, əsas sən sağal. İnşallah ailə də qurarsız, -dedim və əlavə etdim, –hələ xoşbəxt günləriniz qabaqdadır. Həm də ki bizim oğlan oxuyur. O, işləyəsi, özünə şalvar alası… çox var.
Qısası, qızı güldürmək üçün ayrı vaxtı məndən soruşanda danışa bilmədiyim lətifələri hardan tapıb danışırdım, özüm də bilmədim, amma danışırdım. Güldürməyi də bacarırdım. Özünü tərifləmək kimi çıxmasın, dərdli adamı güldürüb dərdsiz kimi hiss elətdirmək, əzəldən canımda var.
Qıza görə cin nömrə almalı oldum. Hər gün mənimlə danışırdı. Qohumumla isə gecələr danışırdı. Bir dəfə söhbət əsnasında dedi:
─Moskvada əməliyyat olanda, bacım deyir, qohumunun adını sayaqlamışam. Atam da əsəbləşib bacımdan soruşub ki, bu oğlan kimdir ki, bu qız onun adını sayaqlayır. Bacım susub, heç nə deməyib… Qismət…Sağalım, evlənərik…
Dalağım sancdı. Ertəsi gün qohumumla söhbət edəndə dedi ki, bu qız bu hayda da ancaq elə evlənməkdən danışır.
Dalğın halda dedim:
─Fikir vermə… Evliliklə bağlı, çalış, heç nəyə ümidləndirmə. Sağalsın…Bəlkə heç xasiyyətiniz tutmadı…
Qızın dediyinə görə, Tibb universitetinin dördüncü kursunda oxuyurdu. Anası isə Semaşkoda ginekoloq şöbəsində işləyir. Qohumum mənə bir neçə dəfə söhbət zamanı anasının, atasının adını da, hətta soyadını da söyləmişdi.
Axşam qız yenə zəng elədi mənə. Evlənib-evlənməməklə bağlı qohumumun fikrini soruşanda:
─Qadası, sən axı hələ müalicə alırsan. Üstəlik də tələbəsən. Oğlanın da imkanı hələlik yoxdu evlənməyə. Sən sağalası, oğlan işləyəsi, hardasa, 4-5 il lazımdır… Yaxşıdır da, neçə illik sevgi tarixçəniz olacaq. Sonra oturub uşaqlarınıza danışarsız, – demişdim ki,qız qayıdasan:
─Nə olsun, nişanlı qalarıq, -dedi.
─Allah qoysa. Nə xeyirlidirsə, o olsun, -deməkdən başqa söz tapmadım.
Sağollaşarkən:
─Sabah saat səkkizdə əməliyyat olmalıyam… Həkimlər deyir ki, əməliyyatdan sağ çıxmaya da bilərəm, – deyib susdu.
─Bacın qohumumun nömrəsini bilir? –soruşdum.
─Hə.
─Mənim də nömrəmi ver bacına. Ya da bacının nömrəsini ver, mən əlaqə saxlayım, –dedim.
─Telefonumun zaryatkası qurtarır, bir azdan yazaram, -deyib dəstəyi asdı.
Narahat qalmışdım. Bir saatdan sonra zəng elədim. Telefonuna zəng çatmadıqda narahatçılığım daha da artdı.
Səhər saat beşdə yatmışdım. Başqa vaxt oyana bilmirdim yuxudan, amma o gün, necə oldusa, düz saat səkkizin yarısı gözümü açdım. Telefona cumdum, qıza zəng elədim. Yenə zəng çatmadı. Qohumum da, mən də bir həftə gözlədik, xəbər çıxmadı. Mesaj da yoxuydu. Zəng də gəlmirdi.
Qohumum qızın ev nömrəsini də, mobil nömrəsini də polis dostuna verdi. Sağ olsun, məlum oldu ki, nömrə Gəncədən olan bir kişinin adınadır. Ev telefonundan ünvanı öyrəndik. Qohumumun imtahanı olduğundan ünvanı dəftərimin arxa tərəfinə yazdım. Səhər doqquzda çıxdım evdən. Qızın zəng elədiyi ev telefonundan Elmlərdə yaşadığını bilirdim. İlk yalanını burda öyrəndim…
Biz başqa ünvan bilirdik. Eləmədim tənbəllik birinci küçəni, sonra binanı soruşa-soruşa axırda təngnəfəs qapının ağzına çatdım. Qapını döydüm, gec açdılar. Qurşaqdan yuxarı çılpaq bir kişi qapını açmışdı. Təsəvvür eləmərsiz, utandığımdan bilmədim nə edim.
Kişi qaşqabaqlıydı. Belə başa düşdüm ki, yuxusundan oyatmışam.
─Nə lazımdır? –soruşdu.
─Salam, dayı. Bağışlayın, bu vaxt narahat etdim. Evdə xanım var?
Kişi mənə necə baxdı, bilmirəm, mən başımı aşağı salmışdım. Qapı üzümə örtüldü.
Quruyub qalmışdım. Bilmədim qayıdım-gedim, yoxsa təzədən qapını döyüm. Qapını döyməyə ehtiyyac olmadı.Qapını bu dəfə xanım üzümə açdı
─ Salam, xanım.Vallah, sözü hardan başlayım, bilmirəm. Mən sizin qızınızla telefonda danışmışam… Əslində, ev telefonuyla təkcə qohumumla danışıb…
Xanım sözümü ağzımda qoydu:
─Səhv ünvana gəlmisən. Bizim uşağımız yoxdu.
Məcbur qalıb ev nömrəsini dedim. Dedi:
─Nömrə bizimdir, amma səhv gəlmisən.
Əlavə nəsə deməyimə imkan verməyib qapını üzümə çırpdı. İlk sevgimin uğursuzluğunda bu qədər pərt olmamışdım. Qapını ikinci dəfə döyməli oldum.
Qadın qapını hirslə açdı.
Məsələni aydınlaşdırmayınca getmək istəmirdim:
─Xanım, onda yəqin qohumlarınızdan kimsə sizə qonaq gəlib, onunla danışmışam. Qız rak idi. Birinci Moskvada, sonra Türkiyədə əməliyyat olub.
Qadın əsəbləşdi:
─Ay qız, başa düşmürsən, səhv ünvana gəlmisən?
─Axı, indicə özünüz dediniz ki, nömrə sizin nömrədi…
Qadın heç nə deməyib qapını ikinci dəfə də üzümə çırpdı.
Kor-peşman küçəyə çıxdım. Binaya daxil olan cavan oğlana yaxınlaşdım. Ayaq saxladı.
─Qardaş, salam. Burda yaşayırsız?
Oğlan salamımı alıb, orda yaşadığını təsdiqlədi. Qızın adını dedim, tanımadı. Ata-anasının adını dedim, yenə tanımadı. Axırda əlacsız qalıb xahiş elədim ki, heç olmasa, “ jekin ” yerini mənə göstərsin. Sağ olsun, “ jekin “ yerini göstərmək nədir, hətta məni jekəcən yola da saldı.
Bəxtimdən jekdə işləyən orta yaşlı kişi də oğlan kimi nəzakətli çıxdı. Yalan danışmalı oldum, qızla telefonda tanış olduğumu, xəstə olduğunu, bütün söhbətlərimizi yerli-yataqlı danışdım. O ərazidə yaşayan insanların siyahısını qoydu qarşıma, mən dediyim adamların heç birinin ad-soyadına rast gəlmədim. Təbiətcə möcüzə yaradacağıma inanan o qədər inadkar insanam ki, gərək ki, qarşı tərəf də bunu gördü. İkinci dəfə adların üstündən keçməli olduq. Yenə də qəşəngcə aldandığımızı dərk elədim. Elə adam da mənə məsləhət gördü ki, yaydı, get evə, aldanmısan. Səni gün vuracaq.
Sağollaşıb Elmlərə gəldim. Dörd peraşki alıb yedim, üstündən də bir sərin ayran içəndən sonra birbaşa Tibb universitetinə getdim. Nəzarətçi polis dayıya yaxınlaşdım. Dayı mənlə gülərüzlə salamlaşdı. Dayıya hər şeyi olduğu kimi danışdım. Ürəyi yandı yanmağına, amma dedi ki, qızım, səni aparacam dekanın yanına. Xəstəliyə görə təhsilini donduran tələbələrin siyahısını çalışacam göstərsin sənə. Amma sizi o qız aldadıb.
Aldanmağımı çoxdan bilirdim. Bayaq yazdım, axı, mən möcüzələrə inanan insanam. Dekanın yanına getdik, vəziyyəti başa düşdü. Xəstəlikdən altı tələbənin təhsilini dondurduğunu dedi və siyahını mənə göstərdi. Qızın adı, soyadı çıxmadı. Kor-peşman universitetin həyətinə polis dayıyla qayıtdım. Dayı da mənə məsləhət gördü ki, qızım, istidir. Gün vuracaq səni, get evinə.
─Yox , dayı, semaşko qaldı. Ora da dəyim, sonra evə gedərəm.
Dayı güldü:
─Allah saxlasın səni. Başa düşmürsən, a bala? O qız sənə yalan danışıb.
─Nə bilim, dayı… Bu qədər yalan olar? – dedim. Hələ də ürəyimin dərinliklərində qızın səmimiyyətinə inanmaq istəyirdim, bəlkə də…
Dayı nömrəsini mənə verib:
─Qızım, qohumum semaşkoda işləyir. Evə gedim, zəng edib qızın anasını soruşacam. İndi gedəcəksən, bilmirsən səni kim qarşılayacaq. Yaxşısı budur, sən çıx, get evinə. Özünü həlak eləmə, –dedi.
Gəzməkdən, aldanmaqdan, düzü, halsız düşmüşdüm. Kefim də yox idi. Dayını nəyi var yola verməli oldum. Nömrəsini aldım, axşam zəng edəcəyimi söylədim.
Dayıyla sağollaşıb birbaşa semaşkoya getdim. Ginekoloq şöbəsinə girdim. Bilmirdim kimə yaxınlaşım. Qarşıdan ağ xələtli, dolu bədənli xala gəlirdi. Salamlaşdım, qızın anasının adını deyib soruşdum. Dəqiq qadının onların şöbəsində işləyib-işləmədiyini soruşdu. Bilmirəm, dedim. Sağ olsun, məni iti qovan kimi qovdu.
Qovduğu üçün dalaşmağa halım da yox idi. Hardan baxsaq, səhv çıxan mən olacaqdım. Xəstəxananın həyətinə çıxdım. Qadının hərəkətindən gözüm dolmuşdu. Doğuş şöbəsinin qabağınacan gəldim. Ağ xələtli, hündür, yaşı təxminən 55-60 olardı, bir kişi mənə yaxınlaşdı, salam verdi. Könülsüz salamını aldım.
─Nəysə olub? –soruşdu.
Allahdan gözümə karandaş çəkməmişdim. Gözümün yaşını sildim. Bu adda qadın axtardığımı dedim. Mərdimazar insan deyiləm, ağ xələtli qadının məni qovduğunu demədim. Özünü təqdim elədi, şöbə müdiriydi. Mənimlə gəl, dedi. Kadrlar şöbəsinə gedənəcən haqqımda suallar verdi, mən də uşaq kimi suallarını cavablayırdım. Kadrlar şöbəsində məni bir xanıma tapşırdı ki, necə lazımdır kömək eləsin. Xanım “ baş üstə ” dedi, sonra nəinki ginekoloq şöbəsində, dediyim qadının adını heç digər şöbələrdə də tapmadı. Aldandığımı qadın da üzümə vurdu. Elə dolmuşdum, bir çırtmaya ağlamağa hazırıydım.
Bu dəfə özüm-özümə evə getməyi məsləhət gördüm. Hamamda suyun altında hönkürtüylə ağlayanda anam qapının ağzında səsimi eşidib narahat olmuşdu. Qapını döyürdü ki, açım. Açmadım. Niyə ağladığımı soruşanda, “ ürəyimi boşaldıram “, dedim. Bu qədər aldanmaq, “qoyun” yerinə qoyulmaq yer eləmişdi mənə. Sonra hər şeyi anama, qohumum oğlana danışdım.
Sonunda bir şeyi anladım. Əslində, qürurlu qız xəstə halıyla özünü hansısa oğlana sevdirməyə çalışmaz. Lap sevdirməsə də, oğlanla tanış olub, onu vicdanının zərbəsi altında qoymaz. Kim olur olsun, xəstə halında canının hayında olar. Danışdıqları ana-atası, tək qalanda da inandığı Tanrı ola bilər.
Zamanla unutmaq əvəzinə, daha da təsir elədi mənə. Bu qədər mərhəmətli olduğum üçün özümdən zəhləm də getdi. O qıza nifrətim bugün də var. Üstündə on ildən çox vaxt keçsə də…Rəfiqələriylə mənim və qohumumun hissləriylə oynadığı üçün nə qədər güldüklərini təsəvvür edirəm. Yenə də sağ olsun. Əsl həyat dərsi öyrətdi bizə. Bu məsələni eşidən tanış-bilişlər deyirlər ki, qıza qohumumdan çox , elə bil mən vurulmuşdum….