Epik növ (yun. έπος — nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növ. Ədəbiyyatşünaslıqda “danışmaq”, “nəql etmək” əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur.

Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən – bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.[1]

Epik əsərlər şəkli yazılışlarına görə üç formada – nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər. Məsələn, M.S.Ordubadinin romanları nəsrlə, Nizaminin poemaları nəzmlə, A.Bakıxanovun “Kitabi-Əsgəriyyə” hekayəsi həm nəsr, həm də nəzmlə yazılmışdır.

Epik növün janrları
Təmsil
Hekayə
Novella
Oçerk
Povest
Roman
Poema
Xatirə

Epik növün şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, əfsanə, dastan və lətifədir. Yazılı ədəbiyyatda isə aşağıdakı janrları vardır:

Təmsil

Şeir və ya nəsr ilə yazılmış satirik xarakterli tərbiyəvi ədəbi əsər. Təmsil qısa tərbiyəvi sonluqla bitir. Təmsildə insanlardakı nöqsanlar düşündürücü və güldürücü şəkildə çatdırılır. Təmsildə insanların xüsusiyyətləri heyvanların dilindən oxuculara çatdırılır.

Hekayə

Hekayə kiçik həcmli süjetli əsərin bir növüdür. Hekayənin əsas xüsusiyyəti insan həyatının konkret bir səhnəsinin və ya müəyyən bir hadisənin yığcam şəkildə təsvir olunmasıdır. Hekayə daha çox nəsrlə olur. Nəzmlə yazılmış hekayələr də vardır. Bu cür hekayə mənzum hekayə adlanır.

Novella

Hekayə janrının gözlənilməz nəticə ilə bitən növüdür. Novella həm də gülməli, yumorlu məzmun daşıyır.

Oçerk

Kiçik həcmli, sujetli əsərlərin bir növü də oçerkdir. Oçerkdə həyatda olmuş konkret hadisə haqqında yığcam şəkildə danışılır. Oçerk daha çox əmək adamlarının qəhrəmanlığı mövzusunda olur və əsasən nəsrlə yazılır.

Povest

Həcmcə hekayədən böyük olan nəsr əsəridir. Povestdə hekayədən fərqli olaraq obrazların sayı çox, hadisələrin təsviri geniş olur. Povestdə hadisələr bir neçə xətlə inkişaf edir. Ədəbiyyatımızda povestin ilk nümunəsi M.F.Axundzadənin “Aldanmış kəvakib” əsəridir.

Roman

Epik növün həcmcə ən böyük janrlarından biri romandır. Bu janrın əsas xüsusiyyəti təsvir olunan hadisələrin genişliyi və əhatəli olmasıdır. Romanda hadisələr çoxşaxəli olur və bir neçə xətlə inkişaf edir. Hadisələrin geniş təsviri ilə bağlı romanda surətlərin sayı da çox olur. Roman əsasən nəsrlə yazılsa da, nəzmlə də olur. Nəzmlə yazılan romana mənzum roman deyilir.

Xatirə

Müəllifin şəxsən şahidi olduğu hadisələri əks etdirən əsərə deyilir. Ədəbiyyatşünaslıqda xatirə ədəbiyyatına memuar da deyilir. Bu janrın əsasında yazıçının gündəlik qeydləri və ya xatırladığı hadisələr dayanır. Xatirədə çox vaxt vahid sujetxətti olmur.