Amerika dəftərindən (şeirlər) – Rafiq YUSİFOĞLU

***

Təyyarəmiz İstanbuldan

havaya qalxıb,

Üzü Los-Ancelesə doğru uçur…

Xəyallar qönçə-qönçə,

arzular puçur-puçur…

Təyyarəmiz sehrli bir

qayçı kimi biçir

İllərin, ayların

həsrət dumanını…

Ürəyimiz əsə-əsə gözləyirik

Nəvələrimizlə görüşmək anını…

Yer ilə təyyarə arasında

qalın bir pərdəyə

dönüb buludlar…

Elə bizim də gözümüzdə

sevinc yağışları,

Elə bizim də üzümüzdə

bulud var…

Təyyarəmiz göydə uça-uça

aramızdakı hicran məsafəsini əritdi…

Təyyarəmiz elə bil yerdən qopan

iri bir qaya parçasıdı – meteoritdi…

Çox şükür,

Bulud dalğaları yara-yara

Göylərin yeddinci qatından

yerə enirik…

Bizə əl eləyən nəvələrimizi görəndə

Bəxtəvərlər bəxtəvərinə dönürük…

***

Canlılar içində nadirdi insan,

Hər şeyə qadirdi insan…

Görəsən, bu güc, bu qüvvət

haradan dolub onun daxilinə?!

Bir okeanın üstündən uçub,

Gəlib çıxdıq

o biri okeanın sahilinə!

Azadlıq

Görəsən, yer üzündə

ürəyin istəyən kimi yaşamağın

əvəzi var?!

Ancaq ürəyin içində belə

gözəgörünməz bir

mizan-tərəzi var…

Bütün dövrlərdə

hamının arzusu olub

Azad insan,

Azad ölkə,

Azad diyar…

Ancaq köləni kölə,

Azadı azad duyar…

Bu dünyada əsrlər boyu

az xalq, az adam

söyləyə bilib ki,

mən müstəqiləm, azadam.

Əslində təbiətin,

bəşəriyyətin taleyi

Gözəgörünməz bir qüvvə

Gözəgörünməz bir əllə yazılıdı.

Bu dünyada hamı hamıdan,

Hər şey hər şeydən asılıdı…

Əslində azadlığın yolu

dünyanı dərk etməkdən,

kamala dolmaqdan başlayır…

Əslində azadlığın yolu

insan olmaqdan başlayır…

Ucadan baxmaq üçün

Ucadan baxanda

hər şey aydınca görünür.

Ürəyin sevinc nuruna bürünür.

İmanın kamil olmasa,

Mələklər mərtəbəsinə

Qalxa bilməzsən.

Ucalmısan,

Ucadan baxa bilməzsən.

İçindəki iman nurundan

Güc almağı bacarmalısan.

Ucadan baxmaq üçün

ucalmağı bacarmalısan.

Şəhər içində şəhər

Gölməçələr uzanır

Bayona çayı boyu.

Göz oxşayan mənzərə

Adamı heyran qoyur.

Hər tərəf yaşıllıqdı,

Burda qış da baharmış.

Kol-kosun arasında

Bir ayrı dünya varmış.

Sahildə yenot gəzir,

Göllərdə quşlar üzür.

Bu gözəl mənzərəyə

Baxanın gülür üzü…

Bizi görüb hürkdülər,

Oy, quşlar, nə qədərmiş?!

Bura şəhər içində

Ayrıca bir şəhərmiş…

Qoruq

Bu dərə tamam bələnib

Otun çiçəyin ətrinə.

Bataqlığı qoruyurlar

Su quşlarının xətrinə…

Təəccüblənmə, sən burda

Rast gəlsən dadlı moruğa.

Quşlar perikməsin deyə,

Bataqlıq dönüb qoruğa…

Sakit okeana bax

Sakit okeana bax,

Meydan oxuyur dağa.

Ancaq taqəti yoxdu

Uca zirvəyə qalxa…

Qayalara çırpılıb

Ovulur dalğa-dalğa…

Sudan qalxan dumanın

Bənzəri vardır aha.

Sakit okeana bax,

Əlacı yoxdur daha.

Dağlardı məcbur edən

Onu sakit durmağa…

Yaşıl zolaq

Sanki yaşıl meşəni

Əyninə geyinib dağ…

Yel əsdikcə titrəyir,

Hər çubuq, hər bir budaq.

Suları hədələyir

Elə bil yaşıl barmaq.

Okeanın içinə

Uzanır yaşıl zolaq.

Bəlkə də buna görə

Bu yerlərin adını

Qoyublar Yaşıl Zolaq?!

Qərib kimiyəm

Zaman sifətimə salsa da qırış,

Uşaqlıq dünyamdan qopa bilmirəm.

Gəzsəm də dünyanı mən qarış-qarış,

Heç harda rahatlıq tapa bilmirəm.

Qüssə əskik olmur niyə üzümdən?

Niyə kədər dönüb can sirdaşına?

Bilmirəm nə işdi, darıxıram mən

Getsəm də dünyanın hansı başına…

Dənizin qoynunda üzürəm hərdən,

Qəm yükü daşıyan nəhəng gəmiyəm.

Sanki yer oğluna yer yoxdu yerdə,

Elə göylərdə də qərib kimiyəm…

Göy üzü

Adam var, nə qədər göylə getsə də,

Dünyadan köçəndə izi də qalmır.

Uca Yaradandan nəsə ummağa

Bəzən heç adamın üzü də qalmır…

Mümkünmü göylərdə əbədi qalmaq?

Haradır görəsən, yerin mərkəzi? –

Bulud yağış olub yerə səpilir,

Quşlar qonmaq üçün  yerdə yer gəzir.

Xəyallar səmada dönür ilğıma,

Çox zaman heç olmur adam özündə.

Nə qədər uçsa da təyyarələrdə

Bəndəyə yer yoxdu göyün üzündə…

Bəzən Yaradanı düşünən zaman

İnsan qanadlanır, atlanır döşü…

Ancaq çox sevinmə, kəmtər bəndənin

Tanrı məkanında axı nə işi?

Nə gəzir?

Bizim bu yerlərə bələd olmayan

Dumanda nə gəzir, çəndə nə gəzir?

“Vətənsiz yaşaya bilmərəm” – deyən

Dubayda nə gəzir, Çində nə gəzir?

Çətinmi gedənə uğur diləmək?

Onsuz da kimsədən ummuram kömək.

Müşkülsə düyünü hamar eləmək,

Taxtanın üstündə rəndə nə gəzir?

Etibar görmədim mən sizdə, “ey yar”,

Sənin sevgi şamın mənsiz də yanar.

Yazırsan: “Ürəyin mənsiz dayanar,” –

Mənim sevən qəlbim səndə nə gəzir?

Zaman çox adamı vurub dişinə,

Düşüncəsiz adam çətin düşünə.

Çox da lovğalanıb döymə döşünə,

Dünyada günahsız bəndə nə gəzir?!

Okeanda əsən külək

Dalğalanan nəhəng dəniz

Elə bil ki, köks ötürür.

Okeandan əsən külək

Təptəzə hava gətirir…

Səhər-səhər ətirli meh

Ciyərdə nəfəsdi, candı.

Okeandan əsən külək

Bütün dərdlərə dərmandı…

Dağların dövrəsində

Dağların dövrəsində

Dəniz dönüb yumağa.

Gücü çatmır sahilin

Torpağını yumağa.

Uzanır silsilələr,

Söykək olub dağ dağa.

Yüz dağ, min dağ bəs etməz

Bu boyda okeanın

Qarşısını almağa…

Venis körpüsündə düşüncələr

Sıra dağlar dayanıb

okeanla üz-üzə…

Dünyanın o başından

bu başına gəlmişəm –

Burda yaşamaq gözəl!

Okeanın içinə

uzanıb estakada.

Suların ortasında

yaranıb yarımada…

Okeanın içindən

şəhərə baxan zaman,

dağları görən zaman

Heyrətə gəlir adam…

Bu möhtəşəm mənzərə

nələri salmır yada?! –

Allahın yaratdığı

bu bənzərsiz məkana

sanma ögeyəm, yadam…

Heyif ki, bu yerləri

qarış-qarış gəzməyə

olmayıbdır macalım…

Ötən xatirələrdən

istəsəm də güc alım,

Nə zirvəyə qalxmağa,

nə dərinə üzməyə

imkan vermir qocalıq…

Dayanıbdır üz-üzə

Dərinliklə ucalıq…

Dağların başında göllər var imiş

Bu sirr məlum deyil hələ heç kəsə,

Gözə görünməyən əllər var imiş.

Nəhəng okeanın önünü kəsən

Dağların başında göllər var imiş.

Gözəllik önündə titrəyir ürək,

Hər gədik başında şəlalə çağlar.

Elə bil gölləri bir sini sutək

Başının üstünə qaldırıb dağlar.

İnsan bu yerlərə heyrətlə baxır,

İnsan bu hikməti haradan bilir?

Bəndənin əlindən nə gəlir axı?! –

Dünyanın sirrini Yaradan bilir.

Görünən zirvələr deyil yaxında,

Bu bəşər övladı oyuna düşüb…

Təkcə okean yox, elə dağın da

Yekəsi bu yerin payına düşüb.

Mənbə: https://edebiyyatqazeti.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir