
İndi biz, göydə Afroditanın arabasını daşıyan göyərçinlə
ayağına məktub bağlanan Şərq göyərçini kimiyik
yorulmuşuq ikimiz də
göydə daha qoya bilmirik iz də
yerə qayıda bilmərik
qəbul etməz bizi dəniz də…!
Kimə deyə bilərik?
-məni əzizlə
bəlkə birlikdə olsaydıq, ruhumuzu əcələ verə bilərik
bir-birimizin olmadan görəsən, ölərdik hansı diz də?!
Daha axtarmırıq bir-birimizi,
uça bilmir səbrimiz də…
Daha bir-birimizi yox
qəfəslərimizi istəyirik…
buluddakı addım səslərimizi izləyirik.
Axı bir-birimizi tapa bilmirik,
görəsən, son nəfəslərimizi gözləyirik?
Bizi aldadıb deyiblər ki, azadlığımız göy boyda
amma bu göy boğur bizi!
Sadiq və xoşxasiyyət göyərçin olmaq,
özü əzab çəksə də, ürəklərə sevinc kimi dolmaq,
görəsən bundan başqa, daha nə yazılıb taleyimizdə ?
Arada qışqırmaq istəyir şərq göyərçini,—Erot oyna bizimlə,
Aqrosu xilas edək,
arxamızca buraxaq iki lələk,
nə qədər qovsa da
çata bilməsin sevgimizə külək…!
Qara göyərçin olmağa razılaşaqmı?
Bəlkə birlikdə olmaqdan ötrü
daha göyərçin olmayaq, eləcə gecəyə qarışaqmı?
Sən də razısansa, onda insanlara əlvida deyəkmi?
Bəzən insan dilində danışmağa məhkumuq
son dəfə kahinlərə kömək edəkmi?
Etməsək, ülkər ulduzundan ömürlük məhrumuq…
Hamıdan uzaqdayıq, deməli hələ məsumuq.
Darıxmaq keçmişdə qaldı, bizimki tənhalıqdı
axı göyərçinlər darıxa bilmir, qəlbləri dardı, sıxlıqdı
alınlarına bir yazı yazılıb, adı ayrılıqdı.
Onlar da insan kimidi,
yaş dolanda gözlərinə, baxa bilmir
Qanadları olsa da, biri o birinin ürəyindən çıxa bilmir…
Bir cavab yazın