
Parisdə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən İsa Məmmədov çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olduğunu vurğulayıb. O, şairin poeziyasında Vətən sevgisinin, təbiət gözəlliklərinin və bəşəri dəyərlərin tərənnüm olunduğunu, əsərlərinin nəsillərin yaddaşında xüsusi yer tutduğunu bildirib.
“Biz onun şeirləri ilə böyümüşük. Şairin əsərləri uşaqlıq illərimizi müşayiət edib və bu gün də hər bir azərbaycanlının qəlbində, yaddaşında yaşayır”, – deyə İ.Məmmədov qeyd edib.
Daha sonra Azərbaycan mədəniyyətinin və musiqisinin vurğunu Alən Tremolyer gecəni şairin “Şair, nə tez qocaldın sən!” şeiri ilə açıb. O, Səməd Vurğunun həyat və yaradıcılığı, ədəbi irsi və Azərbaycan mədəniyyətindəki mövqeyi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, şair 1930-cu ildə ilk şeirlər kitabını nəşr etdirib, 1935-ci ildə Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr olunmuş “Leyla” poemasını qələmə alıb. Səməd Vurğun tərcüməçilik fəaliyyəti ilə də tanınıb.
İkinci Dünya müharibəsi illərində uşaqlar üçün çoxsaylı şeirlər yazan Səməd Vurğun “Vaqif” və “Fərhad və Şirin” mənzum dramlarına görə 1941 və 1942-ci illərdə iki dəfə Dövlət mükafatına layiq görülüb. Şairin Bakıdakı ev-muzeyi onun həyat və yaradıcılıq irsinin qorunub saxlanılmasına xidmət edir.
Gecədə gənc azərbaycanlı musiqiçilər Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (fortepiano) Fikrət Əmirovun fleyta və fortepiano üçün bəstələdiyi məşhur “Altı pyes” silsiləsindən üç əsər ifa ediblər.
Proqram çərçivəsində Azərbaycan musiqisi ilə yanaşı, Səməd Vurğunun poeziyasının yaratdığı emosional ovqata uyğun seçilmiş fransız bəstəkarlarının əsərləri də səsləndirilib. Musiqi və poeziyanın vəhdəti şairin zəngin poetik dünyasını və yaradıcılığının emosional gücünü tədbir iştirakçılarına çatdırıb.
Mənbə: https://azertag.az/