Tag: Zaur Bayramoğlu

  • Milli Qəhrəman Vəzir Orucovun əziz xatirəsinə….

    Qlobus



    I

    Tərtərdən baxanda dəvə boynuna oxşayan bir yüksəklik vardı. Ağdərədən baxanda həmin yüksəklik ağzıüstə çevrilmiş yarımkürəyə bənzəyirdi. Ağdamdan baxanda isə heç nəyə oxşamırdı, adi yüksəklik idi, vəssalam.
    Bu yüksəklik üç rayonun sərhədində yerləşirdi.
    İllər öncə Bakıda məktəb oxuyub gələn ağdərəlilərdən biri Papravənd yolunun üstündəki bu yüksəkliyə baxıb-baxıb: “Bu ki qlobusdur”, – demişdi. Elə o vaxtdan da yüksəkliyin adı “Qlobus” qalmışdı.
    Uzun, yorucu qış başa çatmışdı. Yaz gəlmiş, baharın nəfəsi düz-dünyanı isitməyə başlamışdı. Havalar xoş keçirdi. Təpələrin böyür-başında qalan qar sulanıb lığlanmışdı.
    Qlobus yüksəkliyi uğrunda ağır döyüş gedirdi. Ermənilər təpənin üstündə qurduqları istehkamların içinə girib inadla müdadfiə olunurdular. Könüllü batalyonun əsgərləri dərəni keçib kolluqların arasıyla hücum edir, döyüşə-döyüşə yoxuşa qalxırdılar.
    Vəzir dizüstə çöküb kol boyda oldu. Silahını üzünə qaldırdı. Düşmən mövqelərinə atəş aça-aça əsgərlərinə:
    İrəli gedin, sizi qoruyuram! – deyə bağırdı.
    Yoldaşları yanından keçib yeddi-səkkiz metr irəlidəki kolların dibində mövqeləndilər. Artıq düşmən mövqelərinə az, lap az qalmışdı. Avtomat, pulemyot güllələri bir-birilərini qovalaya-qovalaya başlarının üstündən uçub gedirdi. Düşmənlərin atdıqları əl bombaları gəlib yaxınlıqlarına düşür, diyirlənib önlərinə qədər gəlirdi. Vəzir gözəyarı aradakı məsafəni ölçdü. Düşmənin yaylım atəşi azacıq səngiyən kimi cibindən çıxardığı qumbaranın qoruyucusunu çəkib var-gücü ilə irəli atdı. Qumbara səngərə düşüb partladı. Düşmən mövqeyindəki silahlar susdu. Elə bil qurbağa gölünə daş atıldı. Vəzir cəld ayağa qalxdı. İrəli – düşmən səngərlərinə doğru qaçdı. Yoldaşlarını ikicə addım keçmişdi ki, sinəsindən aldığı təkanla silkələndi. Səndələdi, amma yıxılmadı. Özünü toparladı. Yoluna davam etmək istədi. Sinəsindən ikinci, üçüncü, dördüncü təkanı aldı…. Dönüb əsgərlərinə baxdı. Biri qarnından dəyən qumbaraatan mərmisindən parçalandı. Başqa birinin sinəsindən dəyən güllələr qanını qaldırıb toz kimi ətrafa səpələdi. Digəri yaxınlığına düşən əl bombasının partlaması ilə havaya qalxıb bir neçə metr kənara düşdü. Bağırmaq, əsgərlərinə komanda vermək istədi, səsi çıxmadı. Heç yoldaşlarının da səslərini eşitmirdi. Bombaların partladıqlarını göyə qaldırdıqları toz-torpaqdan anlayırdı. Güllələr də əvvəlki kimi dəhşətli vıyıltılarla yan-yörəsindən keçmirdilər. O, güllələrin havanı yarıb keçmələrini hiss edirdi. Başı hərləndi. Müvazinətini saxlamaq üçün cəld avtomatının qundağını yerə söykədi. Gözlərini qırparaq ətrafına boylandı. Hər şey günəşin çənin içində səkib oynaşan şəfəqlərindən al-qırmızı görünürdü. Sonra çən qatılaşıb dumana döndü. Al-qırmızı zərrəciklər birləşib böyüdülər. Ətrafda dalğa-dalğa rəqs etməyə başladılar…
    Kimsə avazı çıxdıqca: “Komandir vuruldu!”, – deyə bağırdı. Bir başqası, “Orucov yaralandı!”, – deyə hayqırırdı. Kim idi Orucov? Yaralanan o idimi? Yoxsa burada başqa Orucov varmıydı? Başını çevirib özünə baxdı. Sinəsində, sırıqlısının yaxasında üstdən enişə düşən qırmızı şəridləri gördü. Bu şəridlər nə idi belə? O yaralanmışdımı? Əgər yaralanmışdısa, niyə ağrımırdı? Ona nə olmuşdu? Niyə irəli gedə bilmirdi? Hücuma keçən yoldaşlarının ardınca baxdı. Boğazında düyümlənən qəhər qırtlağını yandırıb-yaxdı. Gözləri doldu. Ayaqları onu saxlamaqda çətinlik çəkirdilər. Sağ dizini yerə qoydu. Avtomatına dayaqlanııb sol dizini də torpağa qoydu. Əlini yerə söykəyib otların üstünə uzandı. Üzüyuxarı çevrildi. Yan-yörəsindəki kollar çarəsizcə yellənirdilər. Yarpaqları bir-birinə toxunub xışıldayırdı. Ona pıçıldayaraq: “Uzan, uzan səni örtüb-gizləyək”, – deyirdilər. Gözlərini çevirib dumanın arxasından süzülüb gedən buludlara baxdı…

    II

    …Kiçik çillə yenicə çıxmışdı. Bayram ayının adı gəlmişdi. Özü hələ çox uzaqlarda idi. Torpaq göz işlədikcə qar, hava şaxta idi. Göyün bir tərəfində çıxıb o biri tərəfində batan günəş çoban çırağı kimi işıldayırdı. Uzun gecələr ayaz, qısa gündüzlər pəlmə olurdu…
    Pskov desant diviziyasını kirayələyən ermənilər cəbhədə günbəgün irəliləyirdilər. Ruslar postları, yüksəklikləri, yaşayış məntəqələrini bir-bir işğal edib ermənilərə verirdilər.
    Sərsəng su anbarının ətrafında ağır döyüşlər gedirdi. Desant diviziyasının qarşısında davam gətirə bilməyən özünümüdafiə batalyonu daha bir neçə döyüş postu və bir kəndi qoyub geri çəkilirdi.
    İnsanlar ev-eşiyini, mal-qarasını, əşyasını atıb qaçırdı. Hər kəs yaşamaq, hər kəs həyatda qalmaq istəyirdi.
    Kənd camaatına qarışan əsgərlər avtobuslara doluşub aradan çıxmağa çalışırdılar. Qorxunun verdiyi dəhşətlə kimsə əmrə tabe olmaq istəmirdi. Nizam-intizamdan əsər qalmamışdı. Əsgərlərdən heç biri özünü yetirən qərargah rəisini görmür, komandirlərinin yenicə işğal olunmuş döyüş mövqeləri haqqındakı suallarını duymurdu. Vəzir əsgərlərdən birinin köynəyinin yaxasından tutaraq çəkib avtobusdan saldı. Digərini təpikləyib söyərək:
    – Həlak olanların cənazələri haradadı? Yaralı yoldaşlarınız hanı? – deyə bağırırdı. Əsgərlərdən biri işarə ilə, digəri pıçıldayaraq dağları göstərib: “Orada qaldı…” – deyə cavabladı. Desant diviziyasının zirehli texnikasının atəş gücü qarşısında çarəsiz qalan könüllülərdən kimsə qalıb ölmək istəmirdi.
    Vəzir üzünü əsgərlərinə tutub:
    Gedirəm, yaralıları çıxardam. Mənimlə getmək istəyən gəlsin, – dedi.
    Kişilər özlərini eşitməzliyə vurmuşdular. Kimsə onu görmürdü, kimsə gəlmədi.
    İki addım arxaya çəkildi. Yolun kənarındakı daşın üstünə çıxdı. Bir-birilərini əzərək maşınlara minənlərə baxdı. Başını bulayıb “UAZ”-a tərəf getdi. Ermənilərdən qənimət götürdüyü bu maşın vəfalı idi. Onu heç vaxt yarı yolda qoymamışdı. Açarı starter kilidinə salıb çevirdi. Mühərriki işə salarkən “UAZ”-ın qapısı açıldı. Jurnalist gödəkcəsi geyinmiş biri başını ona tərəf uzadaraq:
    Hara gedirsiniz, komandir?– deyə soruşdu.
    Yaralıları gətirməyə. – Muftanı basıb maşını ikinci sürətə keçirdi.
    Olar, mən də sizinlə gəlim?
    Otur, Nevzorov.
    Aleksandr Nevzorov jurnalist idi. Rusiyanın hansısa media şirkətindən gəlmişdi. Döyüş əməliyyatlarını çəkir, reportajlar hazırlayırdı.
    O, maşına əyləşən kimi, Vəzir muftanı buraxdı. Qaz pedalını sonadək sıxdı. Yerindən götürülən “UAZ” Uluqarabəy Çardaqlı yolunda tozu torpağa qatıb irəliləməyə başladı. Çardaqlını keçib Sərsəng su anbarına aparan yoxuşu dırmaşırdılar. Meşənin içində, sıx ağacların arasındakı nahamvar yolla, yüksək sürətlə irəliləyən “UAZ” onları atıb tutur, nehrə kimi çalxalayırdı. Aleksandr qapı əlcəyindən möhkəm-möhkəm tutmuşdu ki, baş-gözünü maşının içində harasa vurub yaralamasın. Yoxuş bitib yol sağa dönərkən maşın mühərrikxanasından aldığı qəfil təkanla sarsıldı. Vəzir idarəetməni itirdi. Yoldan çıxan “UAZ” ağaca çırpılıb aşdı.
    Onlar “UAZ”-ın içindən çıxmağa çalışırdılar. Ağacların arasından çıxan rus əsgərləri silahlarını üstlərinə tutaraq:
    Əllərinizi qaldırın, – deyə bağırdılar.
    Hər ikisi də əsir düşdü. Desantların batalyon komandirinin yanına aparıldılar.
    Aleksandrın üzərindəki jurnalist gödəkcəsi və rus pasportu onun işinə yaradı. Nevzorov komandirlə danışaraq Vəzirin azad edilməsini rica etdi:
    O məni gətirirdi, – dedi.
    Komandir Vəziri üstdən aşağı süzüb saatına baxdı:
    Sənə iki dəqiqə vaxt, yox ol, – dedi.
    Vəzirin əllərini açdılar. O, Aleksandrla əl tutub sağollaşdı:
    Hələlik, Nevzorov, ümid edirəm ki, yenidən görüşərik.
    “UAZ”-ın yanına gəldi. Çevrilib tərs durmuş maşınının içinə girərək avtomatını tapıb götürdü. Dönüb onu izləyən rus əsgərlərinə baxdı. Gözlərini batalyon komandirinin üzərinə çevirdi. Buz kimi soyuq baxışları:
    Biz hələ görüşəcəyik, mayor, – deyirdi.
    Rus əsgərləri Vəzirin saymazyana hərəkətindən qıcıqlanırdılar. Batalyon komandirinin dişi bağırsağını kəsirdi. Aleksandra verdiyi sözə boğulub qalmışdı. Vəziri azad etdiyində onun tələsik dönüb uzaqlaşacağını, gözdən itən kimi qaçaraq nəfəs-nəfəsə öz əsgərlərinin yanına dönəcəyini düşünmüşdü. Ancaq heç nə onun istədiyi kimi olmadı. Vəzir silahını çiyninə asıb üzü Çardaqlıya sarı yola düşdü. O, ağır-ağır uzaqlaşırdı. Hər addımını atdıqca dabanından saçınadək bütün vücudu əzəmətlə yırğalanırdı. Başını dik tutub gözlərini uzaqlardakı məchul bir nöqtəyə zilləmişdi. Vəzirin yerişindəki zəfər qazanmış komandir ədası mayoru özündən çıxarırdı. Mayor Vəzirin ölümə meydan oxuyan cəsarətinin onun zabit şərəfini təhqir etdiyini düşündü. O, haqlı idi. Yanındakı əsgərin avtomatını çəkib aldı. Silahı doldurdu:
    Beqom marş, Çernoe (qaçaraq marş, Qara)! – deyə bağırdı. Vəzirin başının üstündən yaylım atəşi açdı. Onunla bərabər yaxınlığındakı əsgərlər də silahlarının ağzını havaya tutaraq Vəzirin başının üstündən, böyür-başından yaylım atəşi açdılar. Mayor Vəzirin qorxub-sinəcəyini, yerə uzanıb aman diləyəcəyini zənn edirdi. Vəzir başının üstündən keçən güllələri saya salmadı, heç tükü də tərpənmədi. Sanki qulaqları kar olmuşdu, duyğuları, hissləri ölmüşdü. Nə onbeş-iyirmi metr arxasından atılan yaylım atəşini duyur, nə də başının üstündən keçən güllələri hiss edirdi.
    Aleksandr illərdir ki, savaş müxbiri olaraq fəaliyyət göstərirdi. Dünyanın dörd bir yanında münaqişə ocaqlarında olmuşdu. Çox döyüşləri çəkmiş, çox qəhrəmanlıq salnamələrinə şahid olmuşdu, ancaq beləsini görməmişdi. Onun gözləri önündə ortaboylu, saçlarına yenicə dən düşmüş biri əynində sırıqlı, çiynindəki “Kalaşnikov”la üzü o tərəfə gedirdi. Arxasınca onlarca avtomatdan atılan güllələri vecinə də almırdı. Tükü belə tərpənmirdi. Bu, ölümü öldürmüş birinin yerişi idi. Ağır, sanballı, əzəmətli…
    Nevzorov əlini qaldırıb bağırdı:
    Dayanın!
    Əllər tətikdən çəkildi. Onlarca cüt göz yan yatmış ağacın üstünə çıxıb dəlicəsinə bağıran Nevzorova çevrildi. Sakitlik çökdü. O, gözlərini Vəzirdən çəkdi. Gözləri alacalanmışdı. Mayora döndü:
    O əsl zabitdir. Qorxusuz, mərd, igid….
    Vəzir tini dönüb torpaq yolda gözdən itdiyində mayor silahı əsgərinə verdi. Cibindən dəsmalını çıxardı. Alnından gicgahlarında tumurcuqlanıb axan tərini sildi. Qarın üstündəcə yanını qoyub oturdu. Ayaqları onu daşıya blmirdi…

    III

    İki gün öncə bayram axşamı idi. Əsgərlərini topladı. Bayramlaşdılar. Onlara söz verdi, –” “Qlobusu” azad eləyək, hamınızı növbə ilə ötürəcəyəm, gedib ailə-uşağınızı görəsiniz”.
    Dünən komandirləri ətrafına topladı. Hücum planını izah etdi: “Gedin şəxsi heyəti başa salın. Döyüşün əvvəlindən axırınadək hər kəs vəzifəsini əzbərləsin. Sabah ən kiçik axsaqlıq istəmirəm. Gün ağaranda hücuma keçəcəyik. Qaş qaralanda “Qlobus” bizdə olmalıdır!”
    Dan yeri söküləndə Tərtər özünümüdafiə batalyonu üzüm bağlarındakı mövqelərindən çıxıb hücuma keçdi. Batalyon yüksəkliyi bıçaq kimi kəsib ətrafındakı bağlardan ayıran yarğanın qaşına gəlib çatanadək minamyot qəlpələrindən üç nəfər yaralanmışdı. Buradan o tərəfə getmək çətin idi. Üzüm bağları artıq geridə qaldığından arxasında gizlənib daldalanacaqları maneə yox idi. Yollarının üstündə bolluca çalılar, tikanlı kollar var idi.
    Vəzir kolların dibində uzanmışdı. Nəfəsi tıncıxır, boğulurdu. Gözlərini açıb göyə baxdı. Ala-qaranlıq buludların arasından səmanın sonsuzluğu görünürdü. Buludların altında durna qatarı uçurdu. Durnaları görəndə dodaqları təbəssümlə büzüldü. Əlini qaldırdı. Durnalara səsləndi: “Ay havada uçan durna!” Arxangelskə, oğluna xəbər göndərmək istəyirdi. Ciyərlərindən daşan qan dodaqlarının kənarından axıb töküldü. Qolu yanına düşdü, gözləri səyridi.
    Mübarizə yolunun bitdiyini anladı. Onunku bura qədərdi. Tale bir addım belə irəli getməsinə imkan vermədi. “Heç olmasa, “Qlobus”u alsaydıq”, – deyə ürəyindən keçirdi.
    Dünya qaranlıqladı. Gözləri qapandı. Qarşısında açılan qapıdan gümüşü işıqla aydınlanmış şəffaf məkana keçdi. Onu örtüb-bürüyən işıq seli qəlbini riqqətə gətirirdi. Uzaqdan əl edib onu çağıran sevdiklərinin yanına getmədən dönüb keçdiyi qapıya tərəf boylandı. Hələ də kolların arasında uzanıb qalmışdı. Biri ona süni nəfəs verirdi. Rota komandirlərindən İlham Paşayev batalyonda komandanlığı üzərinə götürmüşdü… Əmrlər yağdırır, batalyonu hücuma səsləyirdi. Əsgərlərinin bir neçəsi düşmən səngərlərinə doluşmuşdu. Geridə qalanlar da axın-axın gəlirdilər. Ermənilərin “Qlobus” yüksəkliyindən qovulduğunu anladı. Ürəyi sakitləşdi. Bayaq onun keçdiyi qapıdan keçib yanına gələn əsgərləri ilə birlikdə Bərzəxə, gümüşü işığın qaynağına yönəldi….

    Zaur Bayramoğlu

  • Qotur göl

    Dikdirin qaşına gəlib dayandı. Yuxarıdan aşağıya boylanıb baxdı. Yolun buradan o tərəfi qara, çirkli suyun altında qalmışdı. Günəşin asfalt rəngindəki suda əks edən şəfəqləri gözlərini qamaşdırdı. Əllərini sinəsində çataqlayıb göz qapaqlarını endirdi. Kirpiklərinin kölgəsində yarıdan yuxarısı görünən evlərə baxıb köks ötürdü.

    Onlar bu məhəlləyə köçdüklərində hələ gölü əhatə edən yamaclar məskunlaşmamışdı. Gölün gündoğar sahili adamın ayağının altında qar kimi xırçıldayan şoranlıq, günbatar sahili boydan-boya qamışlıq idi.

    Sanitar-epidemioloji mərkəzin günaşırı ağ “Niva” ilə gələn işçiləri gölün kənarında yaşayan küçə itlərini güllələyirdilər. Onlar getdikdən sonra başqa bir idarədən gələnlər itlərin cəsədlərini torbalara doldurub aparırdılar. Uşaqların haradansa öyrəndiyinə görə, itlərin cəsədlərini aparıb sümüyündən kley hazırlayırdılar. Bir də soyuq qış günlərində ovçular gəlirdi. Onlar balıqçı çəkməsi adlanan “L-1” şalvarı geyinib gölün kənarı ilə uzanan qamışlıqda qaşqaldaq ovlayırdılar.

    Yayın qızmar vaxtlarında gölün suyu çəkilirdi. Ortadan üzə çıxan kəmər suyu ikiyə bölürdi. Uşaqlar ağappaq qara bənzəyən torpağın üstü ilə o tərəf-bu tərəfə qaçıb oynayırdılar. Çəpinə suya atdıqları ləpikləri kimin daha çox səkdirəcəyi barədə mübahisə edib yarışırdılar. Ləpik səkdirə bilməyənlər gölə atdıqları çınqılların yaratdığı ləpələrə baxıb əylənərdilər.

    Sonra gölün ətrafında evlər, iaşə obyektləri tikildi. Yeni tikililərin çirkab suları birbaşa gölə axıdıldı. Daha yayda gölün suyu çəkilmədi. Gölün ortasındakı kəmər də görünmürdü. Ətrafda gülüb-oynayan uşaqlar da gözə dəymirdi. Onların şən qəhqəhələri, çığır-bağırları qeybə çəkilmişdi. Bir vaxt uşaqların ayaqlarının altında xırçıldayan duzlu torpaq yoxa çıxmışdı. Onun yerinə çirkablı lehmə yaranmışdı.

    Evindən, həyətindən çıxan tullantıları dayanacaqdakı zibil qutularına qədər aparmağa ərinən tənbəl sakinlər qamışlıqda yaratdıqları zibilliyi gündən-günə bəsləyib-böyüdür, təpəciyə çevirirdilər. Divarlara yazılan allı-güllü söyüşlər zibilliyin böyüməsinin qarşısını ala bilmirdi. Yaxınlıqda yaşayanlar uşaqlardan güdükçü qoyur, əlində zibil torbası ilə tutulanları əməllicə danlayıb yola salırdılar. Amma nə zibil azalır, nə də zibillik təmizlənirdi.

    Artıq nə sanitar-epidemioloji mərkəzin işçiləri, nə də ovçular gəlirdilər. Onların bu göldən də, qamışlıqdan da ayaqları kəsiləli çox olmuşdu.

    Küçə itlərinin də sayı artmışdı. Zibilxananın ətrafında pırpız tüklü kök pişiklər peyda olmuşdular. Onlar zibillərin arasında yemək axtarır, elə özləri kimi kök siçovulları tutub yeyirdilər. Qamışlıqdan çıxan ağcaqanad sürüləri havanın sakit vaxtlarında zibilliyi keçib bulud kimi ətrafa yayılırdı.

    Bu kənddə üç iri göl var idi. Qır gölü, Duz gölü və Qotur göl. Qır gölü yerin təkindən qır kimi qatı neft çıxıb dibinə yayıldığı üçün belə adlanırdı. Duz gölündən duz çıxarılırdı. Bu göldən çıxan duz yüz ilər boyu kənd camaatının dolanışıq mənbəyi olmuşdu. Ərə gedən qızlara verilən ən qiymətli cehiz bir metr duz sahəsi idi. Dəfələrlə duz sahəsinin üstündə dava-dalaş düşmüş, ağappaq duz al-qırmızı qana boyanmışdı. Ancaq indi daha nə duz çıxaran vardı, nə də duz yeri üstə bir-birini boğazlayan. Dövlət gölü çəpərə salıb yanında da duz emalı zavodu tikmişdi…

    Qotur göldənsə heç nə çıxmırdı. Adi şor göl idi. Digər iki göl kimi Qotur göl də qrunt sularından qidalanırdı. bu gölə “Qotur” adını kim vermişdi, niyə vermişdi, bilinmirdi. Amma adı elə dədə-babadan belə idi.

    Təyyarə ilə Bakıya gəlib-gedən dostlarının dediyinə görə, yuxarıdan baxanda qır gölü bənövşəyi, duz gölü isə çəhrayı rəngdə görünürmüş. Ancaq onun özü heç vaxt təyyarəyə minmədiyindən göllərə də yuxarıdan baxmamışdı. Duz gölünün yanından hər keçdikcə bu əhvalat yadına düşürdü. Ürəyində təyyarəyə minib bu iki gölə yuxarıdan, ta səmanın yeddinci qatından tamaşa eləmək üçün qarşısıalınmaz istək duyurdu.  

    Bir gün iritonnajlı yük maşınları göründü. Onlar gecə-gündüz haradansa daşıdıqları tullantıları gətirib gölün içinə boşaldırdılar. Sonra həmin maşınlar torpaq da gətirməyə başladılar.

    Amma uzunluğu beş yüz, eni yüz əlli, dərinliyi dörd metrdən çox olan gölü doldurmaq asan iş deyildi.

    İki il sonra gölün dörddə üçünü doldurub üzərində yüzlərcə ev tikmişdilər.

    O, hələ də kirpiklərinin arasındakı ensiz pəncərədən qapqara suyun içindən damları görünən evlərə baxırdı.

    Keçən il quraqlıq keçdiyindən göl sakinləri çətinliyə düşməmişdilər. Dörd ay öncə leysan yağdıqda ilk subasma yaşandı. Evlərə dolan su yarım metrdən çox qalxmışdı. O vaxt Fövqəladə Hallar Nazirliyinin işçiləri camaatı evlərindən qucaqlarında daşıyıb çıxararkən indi dayandığı yerdən boylanıb baxmışdı.

    Neçə il idi ki, gölün yaxınlığında yaşayanlar yığışıb Bələdiyyəyə, İcra Hakimiyyətinə gedir, şikayətlərini ard-arda sıralayırdılar:

    – Məhəlləyə yaxın yerlərə zibil qabları qoyun ki, camaat evindən çıxan zir-zibili torba-torba daşıyıb qamışlığa doldurmasın. İtlərin əlindən uşaqları küçəyə buraxa bilmirik. O günü Cəfərin oğlunu küçə itləri parçalayırmış, güclə əllərindən alıblar. Gölə axan çirkab sularına bir əlac edin. Üfunətdən  başımız çatlayır. Qamışlığı dərmanlayın, ağcaqanadların əlindən nə gecəmiz var, nə gündüzümüz.

    Sonra camaat fikirləşdi ki, Bələdiyyəyə gəlmişkən elə biryolluq gölün qurudulmasını tələb etsinlər. Amma baxdılar ki, bu boyda gölü qurutmaq bələdiyyəlik deyiil,  başladılar yuxarıların diqqətini çəkmək üçün yollar axtarmağa. Yolu kəsdilər. Sosial mediada videoçarxlar paylaşıb hay-küy saldılar.

    Nəhayət, bir pullu işbaz İcra Hakimiyyətinə gedib yerində ev tikib-satmaq qarşılığında gölü quruda biləcəyini bildirib müqavilə imzaladı. Deyirdilər ki, həmən işbaz göl doldurmaqda təcrübəli imiş. Daha öncə Qır gölünü də elə o qurudubmuş…

    Keçən günləri xatırlayıb başını bulayırdı.

    “Şaqman”larla haradansa daşıyıb gətirdikləri zir-zibili gölə doldurdular. Onun üstünə köhnə təkərləri tökdülər. Ən sonda təpələrdən oyub gətirdikləri torpağı traktorla yayıb hamarladılar. Gölün torpaqlanıb doldurulmuş hissəsini kərpic dəftərlər kimi asfalt yollarla böldülər. İp tutub him açdılar. İki kərpici beş santım aralı qoyub ipboyu düzdülər. Sonra da arasına sement tökdülər. Bu da oldu evin bünövrəsi. O bünövrələrin də üzərində ikiqatlı evlər tikdilər… Dar həyətli, arxa-arxaya söykənmiş evlər…  

    Hovxurub qırtlağında topladığı tüpürcəyi gölü doldurub yerində evləri tikən şirkətin rəhbərinin üzünə tüpürdü….

    – Belə alçaqlıq olar ə? Utanmırsan, bu qədər camaatı aldadıb ətək-ətək pulunu almısan. Əvəzində satdığın evlərə bir bax. Hamısının üstü bəzək, içi təzəkdir. Yerdən-yurddan sular çəkilsin, evlərin hamısı böyrünü verəcək  yerə. Bu qədər adamın ah-naləsini alıb necə can verəcəksən ə, sən? – deyə danlamışdı.

    Qarşısındakı adam cibindən çıxardığı yaylıqla pazı kimi qızarmış sifətindən tüpürcəyi silərkən qulağının dibindən tutarlı bir sillə ilişdirib qovmuşdu:

     – Rədd ol gözüm görməsin, əclaf köpəkoğlu!

    Xəyalında da olsa, göl sakinlərinin acığını almışdı.

    O vaxt gölün suyu çəkilib getdi. Evlərdən də uçan olmadı. Amma indi vəziyyət dörd ay öncəki kimi deyildi. Göl əməlli-başlı dolmuşdu. Ən az iki metr su olardı. məhəllə sakinlərinin və gölətrafı iaşə müəsisələrinin kanalizasiyalarının axıdıldığı hovuzun nasosları da suyun altında qaldığından çalışmırdı. Hovuz dolub-daşır, çirkab su yağmur sularına qarışaraq iyrənc görüntü yaradırdı. Qapqara, zibilli, çirkli görüntü…. Dünəndən Fövqaladə Hallar Nazirliyinin işçilərinin gətirib quraşdırdığı nasos fasiləsiz işləsə də, su nə azalır, nə də çəkilirdi. Göz qapaqlarını araladı. Kirpiklərinin arasından asfalt rəngli suya baxa-baxa: “Göl geri qayıtmaq istəyir, insanlar imkan vermir. Görəsən, bu mübarizədə kim qalib gələcək? Təbiət, yoxsa acgöz insanlar?” – deyə düşünürdü…

    Zaur Bayramoğlu