
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.
* * *
Bir addım irəli, bir addım geri,
Yenə eyni çıxır yolların sonu.
Mənə bu havada üşümək qalır,
Bir də ki, bir də ki, düşünmək onu.
Təzədən doğulur bu ruh, bu bədən,
İlahi, silinir yadım, yaddaşım.
Əlim telefona gedir, qayıdır,
Görən nə düşünür xəttin o başı?
Gecənin yarsına qurum saatı,
Oyanım darıxım, yatım darıxım.
Bu yaşda ərköyün ruhun başını
Bilmirəm mən necə qatım… darıxım.
Ya bir də görməsəm, məni sevməsə?
Əsən ürəyimdi, yel deyil əsən.
Mən elə bilirəm səadət odu,
O nə bilir, necə bilir, görəsən?
* * *
Rəngi dəyişir havanın-
Gündüzdən gecə rənginə.
Yenə xəyalım dolanır
Hüznümün neçə rənginə.
Yenə kiçilir gözümdə
Böyütdüyüm adamlar-
Ürəyimin nə içində,
Nə də çölündə adam var.
Bu təkliyi neçə yerə
Bölüm ki, tək darıxmayım?
İlahi, bağlı qapıma
Əl şəkli çək, darıxmayım.