
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri
Güneyli inqilabçı şair Huşəng Cəfəriyə
Çıxıb gedəsim var uzaq bir yerə
Orda ki, ağaclar yaşıl yaşıldı..
Nə olsun, bu eldə doğulmuşam mən
Dünyanın hər daşı qəbir daşımdı..
Fərqi yox şimaldı, ya şərqdi, olsun..
Bəxtimin şairi Huşəngdi, olsun!
Fərqi yox çirkindi, qəşəngdi olsun-
Onsuz da sevən yox atan yaşımdı..
Deyin, alçaqların alçağıyamsa.
Bir qərib sevdanın qaçağıyamsa
Sevdiyim adamın ocağıyamsa
Onun yollarında yanan başımdı..
Döyüşsəm heç qorxu, hədə bilmərəm.
Çıxıb gedərəmsə vida bilmərəm.
Düşünmə, mən səndən gedə bilmərəm-
Bir köhnə çəkmədi, bir plaşımdı..
Mən dünyanı eşqə həvəsləyənəm.
Çarmıxa çəkilsəm “Sən” səsləyənəm.
Kimdən nə diləyib, nə istəyənəm?
Quru çörəyimdi, soyuq aşımdı..
Düşməsə xoşbəxtlik, yarım, payına.
Söymə yazımdakı qarın payına..
Mənim qara qanım Əhər çayına
Süzülüb qarışsa son savaşımdı..
Çıxıb gedəsim var uzaq bir yerə
Orda ki, ağaclar yaşıl yaşıldı..
Nə olsun, bu eldə doğulmuşam mən
Dünyanın hər daşı qəbir daşımdı..