
Ülviyyə Əbülfəzqızı,
“Ədəbiyyat və İncəsənət” portalının Xüsusi Layihələr şöbəsi
Salam, “Ədəbiyyat və İncəsənət” sevimli izləyiciləri, sentyabr ayında xoş gördük.
Fəsillər dəyişir, illər ötür, amma bizim rubrikalar öz izləyicilərini bütün fəsillərdə duyğulandırır.
“Ruhun pıçıltısı” adlı rubrikamızın qonağı da ruhunun pıçıltılarını bizimlə bölüşəcək.
Beləliklə, Aysel Nəsirzadənin şeirlərini Sizə təqdim edirik.
***
Üfüqdən boylanmamışdı günəş,
Gecənin bağrından qopmamışdı səhər.
Mültəcilərlə dolu
balaca bir qayıq
ümid daşıyırdı Yunan adalarına;
dənizin hirsi tutana qədər.
***
Yay son akkordlarını vurur,
gah bəmdən, gah da zildən.
Payız boylanır buludların arasından xəlvəti,
günəş solğun üzündən
süzür yerə həsrəti.
Əsdikcə dəli rüzgar,
yarpaqlar pıçıldayır
yayın xoş xatirələrin.
Qora bişirən aydan
əsər olmadı bu il.
Yığır əl-ayağını dibçəklər aynəbənddən,
çəkilib düzülürlər
hicrana yuva olan pəncərə önlərinə.
Kəsilir küçə boyu
uşaqların səs-küyü,şirin qəhqəhələri…
Büküb boynunu bir küncdə,
hürmür gəlib gedənə
ayrılığı hiss edən ərköyün “Sarı Köpük”…
Darıxır hasar üstə dalaşqan qara pişik.
Bir həftədir yuvasını
sahibsiz qoyub gedib,
sərçə qədər vəfası olmayan qara toyuq.
Təbiət rəsm çəkir,
insan ömrü yaşayır;
fəsil-fəsil ayrılıq…
***
Gözlərində axşamın
yorğun bənövşə rəngi.
Gülmək sənə yaraşardı
Kim pozdu bu ahəngi?
Əgər bütün arzular
“Kaş”la bitirsə səndə,
Gizlə baxışlarını
rastladığın hər yerdə.
Səsim sənə çatdımı?
Çox səslədim, səsim sənə çatdımı?
Axtardımı heç olmasa gözün, de?
Daş qəlbini illər yonta bildimi?
Mənim üçün darıxdınmı düzün, de?
Adın duydu, qəlbim yenə canlandı,
Unuduldu elədiyi son andı.
Sevən ürək bəhanəyə uyandı,
İnanacaq düz qoş, yalan sözün, de.
Məndə olan həsrətinin kiniydi,
Dönüb gəldin, ağlar gözüm kiridi.
Məni sənə unutduran kim idi?
Çoxmu çəkdin özgələrin nazın, de?
Ömrün çoxun uduzmuşuq, bilirəm,
Sevinc verib qəm almışıq, bilirəm.
Bir-birinə gec qalmışıq, bilirəm,
Nə mənası təsəlli söz, yüzün de.
Gedən gəlməz, söyləmişdim sorana,
Dağ dərdini bəlli etməz arana.
Özgələrdə sən suç, günah arama.
Belə gəldi taleyimiz bizim də;
Ayrılıqmış taleyimiz bizim də.
Axı o uşaq idi
İthaf: Uşaqlar evində dünyasını dəyişən (intihar edən) Nurcana
Kimsəsizliyin soyuq nəfəsi
Dondururdu ruhunu
Allaha sığındı isinmək üçün
Sığınmanın yolunu səhv saldı
Ruhunu Allah isitsin deyə
Canına qıydı
Axı o uşaq idi…
İsti bir yuva idi, iki xoş kəlmə kəsmək
tək istəyi
Anası olsaydı bəlkə
Üşüməzdi ruhu, düşünməzdi getməyi
“İnsan ən çox sustuğu yerdə yorulur”
Təsəlli gəzirdi oxuduğu kitabların arasında
Dincliyi tapar anasında
Axı o uşaq idi…
Ən çox uşaqlar zərər görür bu dövrdə
Müharibədən, xəstəlikdən
Tənhalıqdan, təklikdən
Sevgisizlikdən
Nizamı pozulub –
Dünya ədəbin itirib
Bildi
O da qorxdu böyüməkdən
Axı o uşaq idi.
***
Buludlar pambıq kimi,
Buludlar nağılvari,
Buludlar əllə toxunulan,
Göy sanki ovucunun içində.
Dincəlir buludun qoynunda günəş,
Yorulub illərin qaçaqovunda.
Hər şey bu qədər, ruhum,
Axtarma dünyanın başqa yolunu,
Düşünmə sonunu.
Göydə gördüyün, elə yerdən boylandığın
Baxdığın, gördüyündən anladığın.
Bir az bax..
Bir az sus
Bu sükut hər sözdən qiymətlidir onsuz
Həyat elə bu anlıq,
Həyat elə bir anlıq
Bəlkə elə son mənzil buradır,
Bəlkə ona görədir göyə olan doğmalıq.
***
Gecə sübhə təslim olar;
qəm qəlbindəki ümidə.
Qəlbindəki ümiddən od alıb
doğar günəş ömrünə.
Üzülmə.
Unudanlar…
Dağ başından intihar edər şəlalələr,
Dərd çəkən qadınların ahından.
Gizli axan göz yaşından
Şeh düşər çəmənlərə…
Hər qadın mütləq şikayət etmişdir zaman-zaman,
Taleyindən, qismətindən,
Hər kəsdən qaçıb sığındığı Allahından.
Hər qadının gülüşündə
Dilə gətirə bilmədiyi qəmzəli kədəri var-
Duyulmayan…
Öz əlləriylə soldururlar qadınları,
Cənnəti analarının ayağı altında unudanlar…
Özünə özgələşmiş özüm…
Yola dikilən gözlərimi
Asta- asta yoldan yığıb,
Evin ən darısqal küncündə
Xısın – xısın ağlayanda,
Açdım həqiqətlərə gözümü…
Arzularından
geri dönüşün mənasızlığına təslim olub,
Qollarımın dizlərimə sarıldığı vaxtdan başladı
tənhalığım.
Bu qədər olanlara, bitənlərə rəğmən
Bükülən boynuma çiyinlərim sahib çıxanda
sevdim –
İllərlə özünə özgələşmiş özümü.
“Ədəbiyyat və incəsənət”
(02.09.2026)