
Kənan Məmmədli,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Yazıçı Varisin 2024-cü ilin dekabrında Moskvada “İSP” nəşriyyatında 5000 tirajla “Müasirlər və klassiklər” adlanan nüfuzlu vintaj seriyadan nəşr edilmiş, qısa müddətdə təkrar çapa getmiş “Gecə reysinə bilet” romanı Roman nominasiyasında 2024-2026-cı illər Moskva Ədəbiyyat Mükafatı-biennalesinin finalçısı elan edilib. Rusiya Yazıçılar Birliyinin, “Rossiyskiy kolokol” nəşrinin və Beynəlmiləl Yazıçılar Təşkilatının (BYT) təsis etdiyi bu mükafatın təltifetmə mərasimi 6 sentyabr tarixində Moskvanın Mərkəzi Ədiblər Evində baş tutacaqdır.
BYT-nin rəsmi saytından əldə etdiyimiz məlumata görə, 14 nominasiya üzrə təqdim ediləcək mükafatların Roman nominasiyasında digər nominasiyalarda olduğu kimi yerli (Rusiya yazıçısı) və 2 əcnəbi yazıçı təmsil olunur. Əcnəbilər həmyerlimiz və Avstriya yazıçısı Tamara Vinnerdir.
Rəyçisi Beynəlxalq Slavyan Maarifçiliyi Kiril-Mefodiy Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontov olan, Rusiyanın tanınmış ədəbiyyat xadimlərinin yüksək qiymət verdikləri (Maksim Burdin Nəşriyyat Evinin kreativ direktoru Yelena Burdinanın fikirləri bu cəhətdən səciyyəvidir: “Əsərlə tanış oldum. İncədir. Valehedicidir. Dərindir”) “Gecə reysinə bilet” romanının fəsilləri Moskvada “Rossiyskiy kolokol” və Bakıda “Literaturnıy Azerbaycan” dərgilərində dərc edilib. Bu ilin iyun ayında isə kitab Bakıda, “Yazıçı” nəşriyyatında Azərbaycan dilində işıq üzü görüb, Ədibin Evində – Mir Cəlalın ev-muzeyində kitabın təqdimatı keçirilib.
Qeyd edək ki, “Gecə reysinə bilet” hazırda dünyada ən çox tələb olunan non-fikşn janrında yazılıbdır.
Roman həyatın dibinə düşmüş, Moskva bazarında alverlə məşğul olan Nazim adlı bir gəncə sonradan örnək olan və onun xilasına çevrilən bir ömür yolundan – Azərbaycan SSR-in və SSRİ-nin görkəmli dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətdə həm Azərbaycanda neft daşları epopeyasının banisi olmaq, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsini hazırlamaq, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarları Stalin repressiyasından xilas etmək, həm İkinci Dünya müharibəsində Moskvanın müdafiəsinin, neft üzrə kadrların yetişməsinin əsas fiqurlarından birinə çevrilməklə faşizm üzərində Qələbəyə misilsiz töhfələr vermək, həm Əlcəzairdə Saxara neft yataqlarını kəşf etməklə Əlcəzair xalqına rifah, sərvət bəxş etmək və daha nələr, daha nələr dayanır.
Həqiqətən, milyonların örnək götürəcəyi bir ömür yoludur Musa Əliyevin ömür yolu. Məhz bu cəhətdən də “Uğur qazanmağın ən düzgün yolu uğur qazanmış məşhurların həyatlarını öyrənməkdir” postulatı ilə çıxmış kitab belə böyük maraq doğurur.
“Ədəbiyyat və incəsənət”
(03.09.2026)