
Adını bilmədiyim gül,
Nə qəmli qoxun gəlir.
Ləçəklərin titrəyir,
Son dəfə ahın gəlir.
Sən də belə ölürsən
Bir kitab arasında…
Görəsən, doğulmusan
Dünyanın harasında?
Adını bilmədiyim gül,
Gülün burnunda ölür,
Quruduqca ləçəyin,
Balan qarnında ölür.
Quruya-quruya ölürsən,
Dönürsən saman çöpünə.
Səni necə tullayım?
Gərəksən yaman günümə.
Adını bilmədiyim gül,
Öpüşək, dadsız ölmə.
Öləndə mənlə öl ki,
Yazıqsan… adsız ölmə.