
Təzəlikcə çapdan çıxan “Uşağ şeirləri” kitabımda uşaqlar üçün yazılmış məzəli, maraqlı, düşündürücü və tərbiyəvi şeirlərlə yanaşı, bir nağıl və bir gerçək hekayə də yer almışdır. Kitabın uşaqların dünyagörüşünə, təxəyyülünə və mütaliə sevgisinə kiçik də olsa töhfə verməsi əsas məqsədlərimdən biridir.
Sevindirici haldır ki, kitab oxucular tərəfindən maraqla qarşılanıb və artıq birinci nəşr bitmək üzrədir. Yaxın günlərdə kitabın ikinci nəşrini çapa verməyi planlaşdırıram.
Kitabın adı isə ilk gündən bir çoxlarının diqqətini çəkdi: Niyə “Uşaq şeirləri” deyil, məhz “Uşağ şeirləri”? Bu yazılış hər kəsi təəccübləndirdi və təbii ki, bunun özünəməxsus səbəbi var.
“Uşağ” sözündəki “ğ” hərfini təsadüfən deyil, düşünərək saxlamışdım. Bu, həm Quba ləhcəsinə bir işarə, həm də uşaqların danışıq dünyasında daha çox istifadə etdikləri bir ifadə olduğu üçün kitabın adına xüsusi çalar verirdi. Mənim üçün bu kiçik fərqlilik kitabın ruhuna, uşaqların saf və özünəməxsus dünyasına bir növ yaxınlıq yaradırdı.
Lakin oxucuların fikirlərini və dilimizin yazı qaydalarını nəzərə alaraq, ikinci nəşrdə bu söz artıq ədəbi dilimizin qaydasına uyğun olaraq “Uşaq şeirləri” şəklində yazılacaq.
Birinci nəşrdəki bu fərqli yazılış isə kitabın tarixçəsində kiçik, maraqlı və yadda qalan bir detal kimi qalacaq.
Kitabı oxuyan, maraq göstərən, fikirlərini bölüşən və mənə maddi dəstək olan hər kəsə təşəkkür edirəm. Arzum budur ki, bu şeirlər uşaqların üzündə təbəssüm yaratsın, onları düşündürsün, düşündürdükcə də kitaba, sözə və ədəbiyyata daha da yaxınlaşdırsın.
Qoy uşaqlar üçün yazılan gözəl sözlər, maraqlı hekayələr və şeirlər daha çox evə, daha çox uşağın dünyasına yol tapsın.
İkinci nəşrmizdə kitab daha geniş, daha zəngin şeirlər,hekayələr və nağıllarla dolu olacaq