
“Zərif Kölgələr” Yaradıcılıq Klubunun “Kölgədən işığa” layihəsi çərçivəsində yeni kitab təqdim olundu
1 sentyabr 2026-cı il tarixində Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Zərif Kölgələr” Yaradıcılıq Klubunun “Kölgədən işığa” layihəsi çərçivəsində çap olunan şair Aynur Haqverdinin “Çərçivədəki şəkil” adlı ilk şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri Aysel Nəsirzadə açaraq qonaqları salamlayıb, müəllifin ilk kitabının ərsəyə gəlməsi və “Kölgədən işığa” layihəsinin məqsədləri haqqında danışıb.
Təqdimatda Aysel Fikrət, Qəşəm Nəcəfzadə, aktyor və bədii qiraət ustası Kamran M. Yunis, kitabın redaktoru Elvin Polad ,Zəhra Əkrəm, Muşfiqə Baladdin,Nigar Səttarzadə, Ceyhun Ötkəm, Cəbrayıl Qəmbər və digər qonaqlar iştirak ediblər.
Çıxış edən qonaqlar “Çərçivədəki şəkil” kitabında yer alan şeirlər, müəllifin poetik dünyası və yaradıcılıq üslubu barədə fikirlərini bölüşüblər. Şeirlər səsləndirilib, əsərlər ətrafında maraqlı müzakirələr aparılıb və müəllifin ilk kitabı münasibətilə Aynur Haqverdi təbrik olunub.
Qeyd edək ki, “Çərçivədəki şəkil” Aynur Haqverdinin ilk nəşr olunan şeirlər kitabıdır. Kitab “Zərif Kölgələr” Yaradıcılıq Klubunun rəhbəri Aysel Nəsirzadə və Həmidə Yaqubovanın təşəbbüsü və dəstəyi ilə yaradılan “Kölgədən işığa” layihəsi çərçivəsində nəşr olunub.
“Kölgədən işığa” layihəsi yeni müəlliflərə dəstək olmaq, onların yaradıcılıq nümunələrini kitab halında oxuculara təqdim etmək məqsədi daşıyır. Layihənin bundan sonra da davam etdirilməsi və “Zərif Kölgələr” Yaradıcılıq Klubunun digər üzvlərinin kitablarının da bu layihə çərçivəsində nəşr olunması nəzərdə tutulur.
Tədbirin sonunda Aynur Haqverdi “Çərçivədəki şəkil” kitablarını imzalayaraq oxucularına təqdim edib. Onun ilk kitabını öz imzası ilə oxucularına təqdim etməsi təqdimatın ən yaddaqalan anlarından biri olub.
“Zərif Kölgələr” Yaradıcılıq Klubu olaraq tədbirin keçirilməsi üçün məkan və şərait yaratdığına görə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Aynur Haqverdini ilk kitabı münasibətilə təbrik edir, yaradıcılıq yolunun işıqlı və uğurlu olmasını arzulayırıq.
Mənbə: https://zerifkolgeler.com/