Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

* * *

Oldu bu ömür yarı,
Hər şey keçər.. – bəs hanı!?
Kaş düz olaydı barı..
Bu sözün az hissəsi..
Dolub daşdıqca daşır,
Səbrin səbir kisəsi..

Erkən əsdi sovurdu,
Qönçələri küləklər..
Quşlar da saldı qanad,
Uçdu.. uçdu lələklər..
Sən getdin.. çiçəklərə,
Qonmadı kəpənəklər..
Düzələr hər şey.. – hanı..
Kaş düz olaydı barı..
Bu sözün az hissəsi..
Getsəm, yetim qalacaq..
Yox dərdimin yiyəsi..

Ruhumdan pay qoyuram,
Son zərrədir işığım..
Olsun tamam sizlərin,
Dünyanın yaraşığı..
Gəldi düşdü payıma,
Elə lap qarışığı,
Tale, qədər, yazının..
Hər şey keçərdi.. – hanı..
Ovutmağa qalmadı,
Ruhun salamat yanı..

* * *

Ele yorulmuşam ki,
Gözümdə yaş yorulub..
Üzümdə gülüşlərim,
Dilimdə “kaş” yorulub..

Ümid asdı özünü,
Saçımın tellərindən..
Yığma yerdən saçımı..
Günaha şərik olar,
Saçımtək əllərin də..

Əllərinə dolanar,
Ümidimin ahları..
Ömrün dönər gecəyə,
Və gəlməz sabahları..

Sən getdin.. Pəncərədən,
Boylananda səbəbsiz,
Keçmişim yetim idi,
Gələcək də yiyəsiz..