Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Demə mənə, nə çəkirsən,
Dəmin şəklini çəkirəm.
Hər yanıma düyünlənmiş
Qəmin şəklini çəkirəm.

Zaman aşıb sürətini,
Kaş biləydim niyyətini,
Var olanın həsrətini,
Kəmin şəklini çəkirəm.

Göyərmədi “ək” dediyin,
Dərd çıxdı göyçək dediyin,
“Əyrini düz çək” dediyin
Həmin şəklini çəkirəm.

Ömür yaman ucuzlaşıb,
Səbrimin dəryası daşıb,
Tənhalıqla qucaqlaşıb
Cəmin şəklini çəkirəm.