Kənan Aydınoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

“Ədəbiyyat və incəsənət”

Azərbaycan şifahi xalq ədəbiyyatının ayrılmaz tərkib hissəsi olan Aşıq ədəbiyyatı özünün ecazkarlığı, bənzərsizliyi, yeniliyi və bir çox spesifik xüsusiyyətlərinə görə çağdaş dönəmdə də ədəbi came, poeziya həvəskarları, ədəbiyyat aşiqləri, saz-söz sənətinin incəliklərinə dərindən bələd olan hər kəs, o cümlədən aşıq şeirinin müxtəlif janrlarında (qoşma, gəraylı, bayatı) əsərləri ilə qədim tarixi köklərə malik ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin, milli-mənəvi dəyərlərimizin qorunub, saxlanılmasında, yetişməkdə olan gənc nəslə olduğu kimi çatdırılmasında, dünyanın bir çox ölkələrində təbliğ olunmasında müstəsna rolu, tarixi əhəmiyyəti, Azərbaycançılıq ideologiyasının və məfkurəsinin geniş coğrafi arealda yayılması sahəsindəki xidmətləri biz oxucular üçün çox dəyərlidir.

XIX əsr Aşıq ədəbiyyatı öz inkişaf səviyyəsinə görə digər dövrlərdən köklü surətdə fərqlənir. Mövzu zənginliyi, oxucunu özünə çəkən bədii nümunələrdəki sehr, sözün məna dərinliyinin getdikcə artması, rəngarəng çalarlara malik poeziya örnəklərinin sayının gündən-günə yenilənməsi, cilalanması, dövrün tələblərinə uyğunlaşdırılması, yeni yaranmaqda olan əsərlərin hər birinin canında Vətənpərvərlik hissinin, doğma torpağa, müqəddəs diyara olan sonsuz sevgi hissinin hər dəfə birbaşa və dolayısı yolla aşılanmasə-bir xalq olaraq Biz AZƏRBAYCANLILARIN miili-mənəvi zənginliyimizin göstəricilərindən biridir.

Tarix boyu sənət meydanının qoynuna atılan qələm sahibləri, söz sərrafları, yurdu qarış-qarış gəzib, məclislərdə günlərlə dastanlar söyləyən aşıqlar baş verən ictimai-siyasi hadisələrə öz münasibətlərini bildirmiş, əxlaqi-tərbiyəvi mövzuda forma-məzmun, bədii sənətkarlıq baxımından bir-birindən daha zəngin bədii əsərlər yaratmağa müəəssər olublar. Sənətə, ədəbiyyata öz əvəzsiz xidmətləri ilə el arasında sayılıb, seçiliblər. Heç şübhəsiz ki, hər biri ayrılıqda millətinin sevimlisi olmuş, hər dəfə böyük ehtiram və sevgiylə anılmışdı.

Aşıq Qurban AĞDABANLI-çağdaş Azərbaycan ədəbiyyatına Adil Cəmil, Məmməd Aslan kimi görkəmli şairlər bəxş etmiş müqəddəs Kəlbəcər torpağının son 150 ildə Aşıq ədəbiyyatı üçün yetişdirdiyi ən gözəl söz sənətkarlarından biridir, desək, yanılmarıq. Tam əminlik hissi ilə deyə bilərik ki, saza, sözə bağlılıq qədim zamanlardan üzü bəri Oğuz türklərinin bütün varlığı ilə bağlı olduğu, ömrü boyu keşiyində durmağı özünə vətəndaşlıq borcu bilmək qədər əziz, doğma bir  hiss təki unudulmaz anlarla dolu ömür-günün bir anıymış. Şübhəsiz ki, ədəbiyyat tariximizdə “Kitabi-Dədə Qorqud” eposundan üzü bu yana el ağsaqqalı, müdrik şəxsiyyət DƏDƏ QORQUDun boy boylayıb, soy soyladığı zaman gəzdirdiyi, öz ifasında elinin, obasının dərdi-sərini dilə gətirən qopuzu bu gün də bizim üçün  bir çox səbəblərə görə müqəddəs sayılır. İlk səbəb isə odur ki, qopuzu ilk dəfə məhz DƏDƏ QORQUD danışdırmağa müəssər olub. Ömrünün sona qədər göz bəbəyi kimi qoruyub. Yetişməkdə olan gənc nəslin mənəviyyatının zənginləşməsində qopuzu-sazı bizlər üçün əmanət qoyub. Əmanətə xəyanət etmək isə, nakişiklikdir!!! Bu əmanətə sadiq qalmaq zamanı çoxdandır ki, yetişib. Ənənəni qoruyub, saxlamaq isə üzərimizə düşən əsas vəzifələrdən biridir.

Böyük türk dünyasında qopuz-saz qədər bizim üçün müqəddəs sayılan başqa bir varlıq ola bilməz. Təbii ki, çörəyindən yeyib, çeşməsindən, bulağından, suyundan içdiyimiz AZƏRBAYCANIMIZDAN və bizi dünyaya gətirən Analardan başqa. Bütün sadalanan bu tarixi faktlar da öz növbəsində, saz, söz sənətinə olan sevgimizin ilk təzaühr forması kimi qəbul olunmalıdır.

Kəlbəcər torpağının Ana Vətənimz-AZƏRBAYCAN üçün sayı-hesabı bilinməyən aşıqlar bəxş etməsi isə ayrıca bir tədqiqat üçün mövzudur.

Aşıq ədəbiyyatı, Aşıq sənət ilə maraqlanan kər bir dəyərli oxucu üçün AŞIQ Qurban AĞADABANLI imzası çoxdandır ki, həm doğma, həm də ki, tanışdır. 1859-cu ildə Kəlbəcər rayonunun Dəmirçi kəndində anadan olan, müəyyən səbəblərə görə Ağdabana köçməyə məcbur olan Aşıq Qurban Məşədi Məhərrəm oğlu ömrünün sonuna qədər-1925-ci ilədək orada yaşayıb, zəngin bədii yaradıcılıq fəaliyyətini uğurla davam etdirmişdir.  Mükəmməl mədrəsə təhsili almış, Azərbaycan və fars dillərində sərbəst danışmaq vərdişinə yiyələnmişdir.  Müəllifin külli miqdarda qoşması, gəraylısı, təcnisi, müxəmməsi, divanisi  el-obanın dilinin əzbərinə çevrilmişdir.

Vaxtilə Aşıq Ələsgər kimi söz sənətkarı ilə dostluq etməsi də Aşıq Qurban Ağdabanlının yaradıcılığına müsbət təsir göstərmiş, yeni-yeni əsərlərin yaranması üçün zəmin rolunu oynamışdır.

Klassik ədəbiyyatdan məlumdur ki, Aşıq Qurban müxtəlif illərdə Növrəs İman və Bimar Əli ilə deyişmiş, bu tarixi hadisə yaddaşlara hopmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Aşıq Şəmşir kimi söz sərrafı atası Aşıq Qurbanın əlyazmalarını qoruyub, saxlamış, sonralar isə Ustad Aşığın şeirləri nəfis tərtibatda dəfələrlə işıq üzü görmüşdür.

Hansı mövzuda yazılmasından asılı olmayaraq, qocaman sənətkar, sazın, sözün unudulmaması üçün bu yolda yorulmaq bilmədən çalışan, könül dünyasını oxucuları ilə bölüşən Aşıq Qurban Ağdabanlının bütün şeirlərində ahəngdarlıq, ritm özünü bir an olsun belə, tərk etmir. Hər biri əsərində səmimi hisslərin şahidi oluruq.

 El arasında, xüsusilə də aşıqlar tərəfindən ən çox oxunun şeirləri içərisində “Dolana-dolana”,  “Arasında”, “Könlüm” rədifli gəraylılarının öz yeri vardır:

“Bülbül idim, gülə həsrət,

Qaldım dolana-dolana.

Bu canımı eşq oduna,

Saldım dolana-dolana.

Və yaxud da,

Sevdiyim şamama bəslər,

Dolanar tağ arasında.

Xəstə düşsəm, könlüm istər,

Bir cüt nar, bağ arasında.

Ustad sənətkarın qələmindən çıxan, zəngin bədii yaradıcılıq fəaliyyətinin, gərgin əməyinin nəticəsidir ki, şeirləri bu gün də sevilə-sevilə oxunur, sözlərinə musiqilər bəstələnir, külliyatı dövlət tərəfindən nəşr olunaraq ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır. Sadalanan bu müsbət keyfiyyətlər, ədəbi faktlar bir daha onu deməyə əsas verir ki, müəllifin zəngin bədii irsini oxuyub, yenidən öyrənməyə, ədəbiyyatşünas alimlər tərəfindən tədqiq olunmasına bu gün də böyük ehtiyac var!

   Əsərlərinin hər birində bədii obrazlıq özünün ən yüksək zirvəsinə çatır, zəngin qafiyələr, misradaxili bölgülər, fikrin birbaşa ifadə olunması üçün ən önəmli faktor kimi oxucunun marağını artırır, bu ecazkar söz sənətinə cani-ürəkdən, könüldən bağlanmasına səbəb olur. Könül dünyasının zənginləşməsinə, mənəvi cəhətdən saflaşmasına, dünyanı daha düzgün və doğru dərk etməsinə yaxın, əziz yoldaş kimi kömək əlini uzatmış olur desək, yanılmadığımızın fərqinə vara bilərik.

Sözün mənasına dərindən bələd olan, aşıq sənətini öz dəyərli əsərləri ilə zənginləşdirən və yaşadan, nəinki Kəlbəcər torpağının, o cümlədən AZƏRBAYCANın da fəxri sayılan USTAD Aşıq QURBAN AĞDABANLInın yaradıcılıq boyu izlədiyi ən ümdə məsələ, heç şübhəsiz ki, insanlarda milli-mənəvi, o cümlədən ümumbəşəri dəyərlərə sadiq qalmağa səsləniş, əxlaqi-tərbiyəvi fikirlərin təbliğ olunması, doğma torpağa, vətənə sevgi hisslərinin düzgün aşılanması olmuşdur.

Daha çox aşıq məclislərində, el şənliklərində saz havası üstündə səsləndirilən, insanları daha çox ədalətli olmağa səsləyən qoşmalarında da bədii həlli verilən bir çox məsələlər var. Təbii ki, bir çox müəlliflər kimi, Aşıq Qurban Ağdabanlının də şeirlərində, könül dünyasının zənginliyi göstərən hər bir əsərində ictimai-siyasi mövzular özünü qabarıq şəkildə biruzə verir. Bu da bizə müəllifin əsərlərinə biganə qalmamağa, keçirdiyi hiss-həyəcanı, qəlbindən süzülüb ağ varağa düşən sətir-sətir, misra-misra bəndləri oxuyub, fərqinə varmağa, ifadə olunan dərin mənanı dərk etməyimizə rəvac verir.

Öz şair ilhamına ömrü boyu sadiq qalan, məhz könlünün sözünü taleyinin əmri ilə yazan, yazdıqca saflaşan, müdrikləşən, götür-qoy dünyasında təcrübə toplayan, dünyanın gərdişindən baş çıxarmağı bacaran, sənət dünyasına, söz aləminə yeniliklər gətirən el şairi-Ustad Aşıq Qurban AĞDABANLInın sevgi, məhəbbət mövzusunda onlarla bir-birindən gözəl şeirləri var. Sevdiyi qadına hörmət, ehtiram hissi ilə qələmə alınan əsərlərinin hər biri səmimiyyətin, genişdünyagörüşünə malik olmasının göstəricisi olaraq oxucu nəzərindən qaçmır.

Qoşma janrında yazdığı şeirlərinin bir çoxunda isə bədii sualdan istifadə edir, bir növ, haqqında bəhs etdiyi mövzunu oxucuya daha yaxşı anlatmağa çalışır. Lap “Bəs ağlamazmı” rədifli qoşmasında olduğu kimi:

Eşidəndə mən Məcnunun sədasın,

Tutub nalə dağı-daş ağlamazmı?!

Açıb görsə, bu sinəmin yarasın,

Kafər olsa, bağrıdaş ağlamazmı?!

Yaradıcılığı boyu insanlarda kamala, ağla, fərasətə üstünlük verən, halal ilə haramı bir-birindən ayırd etməyə səsləyən, özündən sonra yeni bir Aşıq məktəbinin bünövrəsini qoyan, şeirləri dillər əzbərinə çevrilən Aşıq Qurban Ağdabanlının sənətkarlıq məharəti, saz-söz sənətini yaşatmaqla müqayisələr aparması müəllifin keşməkeşli, şərəfli həyat yoluna yenidən nəzər yetirməyə, həmin əsərləri əbədi olaraq yaddaşımıza köçürməyə borclu olduğumuzu göstərir.

Xalqın, millətin maariflənməsi üçün öz gücünü bu işə səfərbər edən, aşıqların sevimlisi olan müdrik elin ağbirçəyi-Ozan şair Aşıq Qurban Ağdabanlı bizim yaxın-uzaq tarixi keçmişimizin bir çox hadisələrinə şahidlik etmişdir. Əslərin sınağından alnıaçıq, üzüağ çıxmağı bacaran Ustad Qurban AĞDABALIının uyuduğu müqəddəs torpağa səfər etməyim diləyi ilə!!!

“Ədəbiyyat və incəsənət”

(03.09.2026)

Mənbə: https://edebiyyatveincesenet.az/