
Kamran Murquzov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Ədəbiyyat və incəsənət”
Müasir Azərbaycan ədəbiyyatında elə söz sənətkarları var ki, onların ictimaiyyətə təqdim olunmasına bu gün də ehtiyac yoxdu. Heç şübhəsiz ki, Türk dünyasının böyük şairi-Ustad sənətkar, Xalq şairi Zəlimxan Yaqub belə qələm sahiblərindən biridir.
Yaşadığı 65 illik şərəfli həyat yolunda bir çox uğurlara imza atmışdır. Məsələn, uzun müddət Azərbaycan Aşıqlar Birliyinə (2008-2016-cı illər) rəhbərlik edən Xalq şairi Zəlimxan Yaqubun yaradıcılığının mühüm hissəsini Türk-Müsəlman əxlaqı, Türkçülük-Turançılıq ideologiyasının təşkil etdiyini nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Zəlimxan Yaqubun Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunması ədəbiyyatımızın növbəti uğurları kimi xarakterizə olunmalıdır
Müxtəlif illərdə dünyanın bir çox ölkələrində kütləvi tirajlarla yeni şeirlər kitabı işıq görmüşdü. Milyonlarla oxucunun qəlbində əbədi olaraq taxt qurmağa müvəffəq olan qüdrətli söz sənətkarı, Azərbaycanın, o cümlədən Türk xalqlarının Fəxri, qürur yeri kimi səciyyləndirilməyə layiq olan, ömrünü-günü xalqının, millətinin, elinin, obasının içində keçirən, mövzu-məzmun baxımından bir-birindən daha gözəl, rəngarəng sənət əsərləri ərsəyə gətirməyə müəssər olan, heç şübhəsiz ki, Sevimli Xalq şairimiz Zəlimxan YAQUBdur!!!
Özünü həmişə doğma bildiyi xalqından ayrı bilməyən, nəfəsi qədər təmiz, sözü qədər dərin, baxışı qədər pak olan bir millətin-AZƏRBAYCANIMIZIN böyük şairi olduğunu dəfələrlə istər ədəbi məclislərdə, istərsə də əsərlərində fəxrlə, qürur hissi ilə qeyd etməsi ədəbi bir fakt olaraq, bu gün biz oxucuları sevindirir.
XX əsrin 90-cı illərində ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən, Azərbaycan xalqının azadlıq və mücahid şairi-Xalq şairimiz Xəlil Rza ULUTÜRKun “Zəlimxan yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata ehtiyacı yoxdur” kəlməsi bu gün də özünün təsdiqini tapıb. Eyni zamanda, böyük ümman, söz sənətində bənzəri olmayan Zəlimxan Yaqubu “Əbədi Prometey, əbədi Səməndər quşu” adlandırması isə heç də təsadüfi deyildir.
2016-cı ildə Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, “Ozan dünyası” jurnalının Baş redaktoru Musa Nəbioğlunun nəşrə hazırladığı “Əbədi Prometey” kitabında müəllif-Ustad şair Xəlil Rza ULUTÜRK böyük coşqu ilə şair Zəlimxan Yaqubu şeirimizin, poeziyamızın, Azərbaycan xalqının başucalığı olmasını ədəbi ictimaiyyətin nəzərinə çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 iyul 2005-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülməsi isə Zəlimxan Yaqubun şəxsi həyatında, zəngin bədii yaradıcılıq fəaliyyətində bir çox yeniliklərin müşahidə olunmasına rəvac verdi.
Ümumilikdə isə, hansı mövzuda yazmasından asılı olmayaraq, həmişə öz səmimiyyəti, kövrək misraları ilə seçilən söz sənətkarlarımızdan biridir Zəlimxan YAQUB.
“Ədəbiyyat və incəsənət”
(02.08.2026)