
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.
Dünyanı çiynində daşıyan şair,
Bir könül qırmadı, qəlb dağlamadı.
Yadların ömrünü yaşayan şair,
Özünə bir gün də gün ağlamadı.
Ruhunu sarsıtdı ömrün gərdişi,
Sözünü Sarıtel üstə köklədi.
Vurğun ürəyində solğun vərdişi,
Dalğın gözlərində dərd çiçəklədi.
Qəlbi çisənləndi söz əlacında,
Yarın göz sazağı ürəyə doldu..
Dözümü asdıqca ehtiyacından,
Ruhən misra-misra ürəyi doldu.
Sevilə bilmədi sevdiyi qədər,
Ürəyi ovcuna düşdü səbrinin.
Sözü yerə salan insafsız qədər,
Qazdı ümidinə gözdə qəbrini…
Kimi bədbəxt sandı, kimi də xoşbəxt,
Kimsə baş açmadı dərdindən onun.
Sən demə yad imiş şairə xoş bəxt,
Əcəli alacaq dərdindən onu.