Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı
XATIRLA MƏNİ
Kor olsun talenin, qismətin gözü.
Görən necə qıydı, ayırdı bizi.
Baxma ki, “soyuqdur torpağın üzü”,
Hər nəfəs alanda, xatırla mənı.
Hər axşam al günəş qürub edəndə,
Hər payız durnalar köçüb gedəndə.
Hər kədər, hər qüssə, qəlbə yetəndə,
Hicranda qalanda, xatırla məni.
Gecələr təklikdən yuxun qaçanda,
Səhər pəncərəndən şəfəq saçanda.
İlk bahar yasəmən, nərgiz açanda,
Payızda solanda, xatırla məni.
Axşam ay çıxanda, ulduz doğanda,
Həsrət güc gələndə, qəhər boğanda,
Şimşəklər çaxanda, yağış yağanda,
Buludlar dolanda, xatırla məni.
Soyuq otağımda tənha qalanda,
Gözlərin şəklimə baxıb dolanda.
Xəyal, xatirələr saçın yolanda,
Sübh, əzan olanda, xatırla məni.
Qəmimi çatdırsın dağların mehi,
Qüssəmi anlatsın lalənin şehi.
Həsrətim şeirimin bəhri, təşbehi,
Yadına salanda, xatırla məni.
Hərdən sevənləri qoşa görəndə,
Saça taxmaq üçün çiçək dərəndə.
Çobanyastığından çələng hörəndə,
Xəyala dalanda, xatırla məni.
Xatırla Dövranı, yaşat bu gün də,
Siması dayansın hey göz önündə.
Hər bir ziyafətdə, toyda, düyündə,
“Vağzalı” çalanda, xatırla məni…
GƏMİQAYA
“Vətənimdir” – silsiləsindən
Daş dövrünün düşüncəsi,
Daşdan qopan insan səsi.
Əsrlərin daş nəğməsi
Hər vərəği bir sal-qaya,
Daş kitabım, Gəmiqaya.
Tutub əldə ox-kamanı,
Dayandırıb vaxt, zamanı.
Tariximin əhd-peymanı
Iffət, namus, qeyrət, həya,
Daş kitabım, Gəmiqaya.
Məkanıdır ilk insanın,
Gündoğanın, günbatanın.
Əkiz tayı Qobustanın,
İlk əlifba bu dünyaya,
Daş kitabım Gəmiqaya.
Valeh edibdir bəşəri,
Od oğlunun daş əsəri.
Daşa yazılmış zəfəri
Rəsm, təsvir gəlməz saya,
Daş kitabım, Gəmiqaya.
Başı üstə duman, tüldür,
Dörd bir yanı çiçək, güldür.
Hər səhifəsi milyon ildir
Sığmaz əsrə, günə, aya,
Daş kitabım, Gəmiqaya.
EL TƏNƏSİ
9-cu kitabından bir nümunə
Gör nə günə qalıb sevgi, məhəbbət,
Insanların ülviyyəti itibdi.
Yox olubdu ülfət, sevda, sədaqət,
Bağ-bağçada yaban güllər bitibdi.
Avropaya zillənibdi baxışlar,
Yırtıq şalvar, kəsik tuman dəbdədi.
Korlanıbdır milli buta, naxışlar,
Namus, qeyrət, ülfət pulda, cibdədi.
Oğullar var qulağında sırğası,
Qızlar taxır sünü kirpik, sünü qaş.
Bazar köhnə, dəyişibdir darğası,
Çaş- baş qalıb yurdda əsil vətəndaş.
Toyxanalar, şou- biznes,- məsxərə,
Yumurtadan yun qırxırlar saraylar.
Bir saatda cib soyurlar min kərə,
Toy edənlər imdad deyə- haraylar.
Göbələktək artıb çalıb, oxuyan,
“Xalq artisti” olub hətta züy tutan.
Şeir yazır həllac, corab toxuyan,
Alimimiz- motal, pendir, şor satan.
Biganəlik, laqeyidlik ta bəsdi,
Millət versin arsızlığın dərsini.
Çoxu üçün bu qayğılar əbəsdi,
El söyləsə eşidərlər səsini.
Müdrük sözü, el tənəsi çağlasın,
Dövran görsün kəsərini, gücünü.
Yad ünsürlər şüvən salsın, ağlasın,
Bu millətin zövqü alsın öcünü.
OLMAZ
“Düşüncələrim” – silsiləsindən
Gəlin sizə mən söyləyim adba ad,
Bir sərvətdir ağıl, savad, istedad.
Soydan gələr hər insana təmiz ad,
Kökü yoxsa ağac belə ucalmaz-
“Boş quyuya su tökməklə su olmaz.”
Bəzən gülər tale, qismət insana,
Yiyələnər şan-şöhrətə, ad-sana.
Harınlayıb sığışmazsa cahana,
Əsər külək qum üstündə iz qalmaz-
“Boş quyuya su tökməklə su olmaz.”
Kamil insan meyl eyləməz harama,
“Bəlli olar köhnə mitil – ha yama.”
Əyri kəsdə insaf, mürvət arama,
Ha doldur sən, yırtıq çuval heç dolmaz-
“Boş quyuya su tökməklə su olmaz.”
Çomaq verib kor şeytana, dəliyə,
Kəc baxsalar dərrakəyə, biliyə.
Savad, ağıl hopar qana, iliyə,
Qızıl torpaq altında da pas almaz-
“Boş quyuya su tökməklə su olmaz.”
Həyat məktəb, yaşamımız açıq dərs,
Dəyanət də, ləyaqət də müqəddəs.
Ey :”şərəfli”,”hüququnu bilən kəs”,
Vüqarlı dağ yastan kimi alçalmaz-
“Boş quyuya su tökməklə su olmaz.”
Keçmişimdən salhamədir hər daşım,
Hər bir qala, qəsr, türbə sirdaşım.
Zəmanədən qorxub qaçan qardaşım-
Vətən sevən qürbətlərdə qorunmaz,
“Boş quyuya su tökməklə su olmaz.”