
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullanın bu sözü içimdə bir acı gülüş doğurdu;
Kamal Abdulla kimi ictimai nüfuzu, elmi statusu və rəhbər mövqeyi olan bir şəxsin qadının rolunu yalnız “ev və ailə” çərçivəsində təqdim etməsi, xüsusilə işləyən, oxuyan, öz ayağı üstündə duran qadınların əməyini kiçiltmək kimi bir fikri necə doğru ola bilər?
Görəsən Kamal müəllim bu fikri deyəndə həyat yoldaşı Gövhər xanımı fikirləşdimi? Bu barədə heç nə demirəm.
Amma fikirləşdimi ki, bu cür fikirlər qadının seçim azadlığını ikinci plana atır və sanki onun cəmiyyətə verə biləcəyi dəyəri yalnız evlə məhdudlaşdırır. Halbuki bu gün Azərbaycan qadınları elm, təhsil, tibb, ədəbiyyat, incəsənət və dövlət idarəçiliyində böyük rol oynayırlar.
Eyni zamanda, evdar qadının əməyini də kiçiltmək olmaz. Problem “evdə qalmaq”da deyil, bunu bütün qadınlar üçün ideal və ya doğru yol kimi təqdim etməkdədir. Çünki hər qadının həyatı, arzusu və seçimi fərqlidir. Məncə, problem ondadır ki, “qadının yeri yalnız evdir” düşüncəsi qadının seçim haqqını məhdudlaşdırır və hüququnu pozur.
Bir qadın istəyirsə, övladına və ailəsinə tam zaman ayırıb evdə qala bilər — bu da hörmətə layiq seçimdir. Amma qadın işləmək, elm, sənət, idarəçilik, siyasət və ya başqa sahədə özünü təsdiqləmək istəyirsə, bunun da qarşısına “əslində evdə otursan daha yaxşıdır” kimi fikir qoymaq absurddur. Çünki bu, artıq şəxsi seçimdən çıxıb ümumi norma kimi təqdim olunur.
Rəhmətlik neft maqnatı Tağıyev təhsilsiz olsa da ilk qızlar gimnaziyasını açdı, millətinin, xalqının qızları oxuyub savadlansın deyə….
Bir kişi oxuyub savadlı olarsa bir ailəni saxlaya bilər, bir qadın oxuyub savadlı olarsa, savadlı bir nəsil yetişər.
Qadınlarımız tarix boyu istər əmək, istər hərb meydanlarında kişilərlə çiyin – çiyinə olublar. Bəşər övladının qaynaq mənbəyi olan bu zərif varlıqlar neçə neçə dahilərin ilham mənbəyi, ömür yarağı olublar. Savadıyla, bacarığı ilə.
Tomris, Sara Xatun, Həmidə xanım Cavanşir kimi qadınlar həm ailə sahibi olublar, həm də cəmiyyətə böyük təsir göstəriblər. Bu gün də elm, təhsil, tibb və digər sahələrdə çalışan minlərlə qadın həm ailəsinə, həm də cəmiyyətə fayda verir.
Bəzi insanlar Kamal Abdullanın sözünü “şəxsi ailə modeli” kimi yox, “qadının əsas missiyası ailədir” düşüncəsi kimi müdafiə edirlər. Amma ictimai nüfuzu olan qadın kimi şəxsən mən qınağa çəkirəm. Məncə əsas məsələ budur: qadının həyat yolunu qadının özü seçməsi. Məcburiyyət də yanlışdı, qadağa da.
Kamal müəllim unutmasın ki, qadının dəyəri təkcə divarlar arasında deyil, qadının yeri həyatın hər yeridir.
Bir cavab yazın