Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, 

Uzun illərdir ki, hər dəfə İstanbula gələndə şəhər gəzintim məhz bu möhtəşəm meydandan – tarixin, mədəniyyətin və ruhani enerjinin qovuşduğu Sultanəhməd Meydanından başlayır. Hər addımda qədimliyin nəfəsini hiss etdiyim bu sehrli məkan mənim üçün sadəcə şöhrəti dünyaya yayılan bir turizm mərkəzi deyil, əslində hər kiçik daşında belə əsrlərin izini daşıyan canlı bir salnamədir.

Şəhərlərin dərinliyinə enmək üçün düzgün nöqtədən başlamaq lazımdır və mənim üçün bu başlanğıc həmişə Sultanəhməd Meydanı olub. Antik dövrdə qədim Bizansın at yarışlarının keçirildiyi məşhur Hippodrom olan bu geniş sahə əsrlər boyunca imperiyaların mərkəzi səhnəsi olmuş, bu gün isə keçmişlə bu günü birləşdirən nəhəng bir mədəniyyət qovşağına çevrilmişdir. Məhz bu tarixi Hippodromdan başlayan yolçuluq bizi Osmanlı klassik memarlığının zirvə nöqtəsinə aparır.

Meydandan addımlayıb yaxınlaşdıqca əzəməti ilə insanı heyran edən Sultanəhməd Camisi (Mavi Məscid) Osmanlı sultanı I Əhmədin sifarişi ilə imperiyanın baş memarı Sedefkâr Mehmed Ağa tərəfindən inşa edilmişdir. Tikintisinə 1609-cu ildə başlanılmış və 1616-cı ildə, sultanın gənc yaşlarında vəfat etməsindən qısa müddət əvvəl tamamlanmışdır. Məscidin dünyada daha çox Mavi Məscid adıyla tanınmasının səbəbi onun daxili divarlarını bəzəyən 20 mindən artıq əl işi İznik çiniləridir. Bu çinilərdə əsasən mavi və firuzəyi tonlar üstünlük təşkil edir; gün işığı pəncərələrdən süzüldükdə isə interyerə bənzərsiz bir zəriflik qatır. Nəhəng mərkəzi qübbəyə və yarımqübbələrə malik olan məscidin daxili məkanı genişliyi və mükəmməl simmetriyası ilə seçilir. Bu möhtəşəm külliyə yalnız məsciddən ibarət deyil; onun ətrafında mədrəsə, xəstəxana (darüşşəfa), imarət, dükanlar və banisinin türbəsi yerləşir.

Bu möhtəşəm abidə haqqında danışarkən, tarixin ən maraqlı hadisələrindən birinə – Kəbənin yeddinci minarəsinin ucaldılmasına nəzər salmaq lazımdır. Xalq arasında əsrlərdir dolaşan məşhur rəvayətə görə, guya Sultan I Əhməd memara minarələrin “altından” (qızıldan) olmasını əmr etmiş, xəzinəni qorumaq istəyən memar isə bu sözü “altı” kimi eşidərək məscidi altı minarəli tikmişdir. Lakin memarlıq tarixçiləri bunun sadəcə söz oyununa əsaslanan gözəl bir şəhər əfsanəsi olduğunu təsdiqləyirlər; çünki məscidin layihəsi əvvəlcədən sultanın nəzarəti altında planlaşdırılmışdı.

Əsl həqiqət isə imperiyanın dini-siyasi həssaslığı və teoloji etikası ilə bağlı idi. Osmanlı imperiyasında hər bir memarlıq abidəsi estetik gözəlliklə yanaşı, güclü bir siyasi və mənəvi mesaj daşıyırdı. Sultanəhməd Camisinin altı minarə ilə ucaldılması o dövrün İslam coğrafiyasında və elmi-teoloji dairələrində ciddi rezonans doğurmuşdu. Çünki həmin dövrdə Məkkədəki Məscid-i Haramın (Kəbənin) da altı minarəsi var idi.

Osmanlı sultanları özlərini İslam dünyasının xəlifəsi və müqəddəs torpaqların hamisi (Hâdimü’l-Haremeyn) hesab edirdilər. Paytaxt İstanbulda inşa edilən bir məscidin İslamın ən uca mərkəzi olan Kəbə ilə eyni sayda minarəyə sahib olması üləmalar (din alimləri) arasında “müqəddəs məkanla bərabərləşmək” kimi qəbul edilə biləcək teoloji həssaslıq yaratmışdı. Saray və din xadimləri arasındakı bu müzakirələr xalq arasında da söz-söhbətlərə yol açmışdı. Sultan I Əhməd həm ictimai tənqidlərin önünü almaq, həm də Kəbənin mütləq üstünlüyünə heç vaxt kölgə salınmayacağını göstərmək üçün müdrik bir qərar verdi.

Çıxış yolu olaraq, sultan artıq möhtəşəm şəkildə planlanmış Sultanəhməd məscidinin minarələrini azaltmaq əvəzinə, İslam dünyasının mərkəzinə üz tutdu. Məkkəyə göndərilən xüsusi fərman və maliyyə dəstəyi ilə Məscid-i Harama 7-ci minarə inşa edildi. Beləliklə, həm Sultanəhməd Camisinin memarlıq əzəməti qorundu, həm də Kəbənin mənəvi ucalığı bərpa edildi. Bu addım Osmanlı dövlətinin İslam müqəddəsliklərinə göstərdiyi sonsuz ehtiramın ən parlaq sübutu kimi tarixə düşdü.

Məscidin dərhal yaxınlığında yerləşən və külliyənin ayrılmaz hissəsi olan Sultan I Əhməd Türbəsi Osmanlı sənətinin və memarlığının ən zərif nümunələrindən biridir. Məscidin inşası 1616-cı ildə başa çatsa da, banisi Sultan I Əhməd 1617-ci ildə gənc yaşda vəfat etdi və burada dəfn olundu. Türbənin tikintisinə sultanın ölümündən sonra başlanılmış, 1619-cu ildə oğlu Sultan II Osmanın (Gənc Osman) dövründə tamamlanmışdır.

Türbənin interyeri və sənətkarlıq xüsusiyyətləri hər dəfə görənləri heyran edir. Daxili divarları XVII əsrə aid ən nadir sıraltı (sıraltı — naxışların şəffaf şüşə qatı altında qorunduğu) texnikalı İznik çiniləri ilə bəzədilmişdir; divarların alt hissələri və pəncərə araları zəngin nəbati (bitki) motivli çinilərlə örtülüdür. Çini panoların üzərini tünd-göy (lacivərd) fonda ağ sülüs xətti ilə yazılmış və bütün türbəni dövrələyən “Mülk” surəsi ayə qurşağı bəzəyir. Yuxarı hissələrdə və qübbədə yer alan zəngin qələm işi naxışlardakı ziqzaqvari düzülüş estetik baxımdan Kəbə örtüklərini xatırlatması üçün xüsusi olaraq düşünülmüşdür. Türbənin giriş qapısı və digər taxta detalları isə dövrünün sənətkarlıq zirvəsini əks etdirən fil sümüyü, sədəf və bağa (tısbağa çanağı) kakmalarla (kakma — oyma yuvalara oturdulan bəzək işləmələri) işlənmişdir.

Bu müqəddəs məkan tək bir sultanın deyil, Osmanlı sülaləsinin bir neçə mühüm üzvünün əbədi uyuduğu yerdir. Burada Sultan I Əhməd, oğulları Sultan II Osman (Gənc Osman) və Sultan IV Murad, Osmanlı tarixində güclü təsiri ilə tanınan, I Əhmədin həyat yoldaşı və Sultan İbrahimin anası Mahpeykər Kösəm Sultan, eləcə də digər şahzadələr və sultan qızları olmaqla ümumilikdə 36 sənduqə yerləşir.

Hər dəfə İstanbula gələndə addımlarımı məhz bu meydana yönəltməyimin səbəbi də elə budur. Sultanəhməd Meydanından başlayıb Mavi Məscidin göylərə uzanan minarələrinə, oradan isə I Əhmədin səssiz və əzəmətli türbəsinə uzanan bu yolçuluq keçmişin ətrini bu günə daşıyan və insana unudulmaz mənəvi rahatlıq bəxş edən əsl tarix seyrəngahıdır.

Bu tarixi məkandan bir qədər aralıda isə imperiyanın əzəmətini əks etdirən məşhur Divan Yolu boyunca bir-birinin ardınca düzülən möhtəşəm abidələr sıralanır. Sultan II Mahmudun, Sultan Əbdüləzizin və II Əbdülhəmidin əbədi istirahət yeri olan Çəmbərlidaşdakı Sultan II Mahmud Türbəsindən və qədim Çəmbərlidaş (Konstantin) sütunundan keçərək Bəyazidə, oradan isə İstanbulun təpələrindən birinə ucalan möhtəşəm Süleymaniyyə Camisinə doğru uzanan bu yol əsl açıq hava muzeyidir. Burada dahi sənətkar Memar Sinanın öz əsəri olan Süleymaniyyə külliyəsinin kölgəsində Sultan Süleyman Qanuninin, Hürrəm Sultanın ehtişamlı türbələri, bir qədər aralıda isə elə Memar Sinanın özünün sadə, lakin əzəmətli türbəsi sıralanır. Bütün bu yolçuluğun başlanğıc və kəsişmə nöqtəsində isə Bizans dövründə dünyanın sıfır nöqtəsi, imperiya yollarının başlanğıcı və İstanbulun mərkəzi hesab olunan tarixi Milyon Daşı dayanır — sanki əsrlərin bütün yaddaşını özündə toplayaraq zamanla məkanın qovuşduğu nöqtəyə şahidlik edir. Sultanəhməd məscidindən başlayan yol burada da bitmir, tarixin daha dərinliklərinə, sirli qatlarına qədər uzandıqca uzanır..