
AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Xalq şairi Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.
AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğuna dərin ehtiram bəsləyən, onun qayğısını Xalq yazıçısı İsmayıl Şıxlının xatirələrini təqdim edir. Yazıçı şairlə bağlı xatirələrində onun son günlərini, eləcə də repressiya illərində hökm sürən qorxu və inamsızlıq mühitini yada salır:
“Adətən xəstəni xəstəxanadan iki halda evə buraxırlar. Biri vəziyyəti yaxşı olanda, üzü bəri olanda, bir də ki, əllərini təmiz üzəndə. Səməd Vurğunu da evə göndərmişdilər…
Osman Sarıvəlli dönüb yuxarı, qədim binanın naxışlı tavanına, mərmər pillələrə, sürahilərə baxdı, köksünü ötürdü.
-Gərək köhnə evdən köçməyəydi. Bura ona düşmədi. Gələndən canı sağ olmadı.
Ayaqlarını güclə qaldırıb yuxarı çıxmağa başladılar…
Gəldiyimiz kimi də sakitcə otaqdan çıxdıq. Lal-kar pilləkənləri endik. Bütün yolboyu onun sifətindəki əzab, ağrılar, ümidini itirməyən qırğı gözlərindəki işartılar, xatirələrlə dolu təbəssümlər, vaxtsız ağarmış saçlar, zamanın iztirabları, çarpışmalarla dolu qeylü-qallı həyatın üzünə saldığı qırışlar gözümün qabağından getmirdi. O, qocalmışdı, yaman qocalmışdı. Qocalmışdı yox, zamanla çarpışmada yanıb kül olmuşdu. Ağarmış saç-saqqal sönmüş odun üstünə qonmuş külü xatırladırdı, bədəni sönməyə hazırlaşan vulkana bənzəyirdi. Səməd Vurğunun ömür karvanı əbədi səfərə hazırlaşırdı, gedər-gəlməz bir səfərə…
Bir gün maarif şöbəsindən göstəriş gəldi ki, üstündə “üç bahadur” şəkli olan dəftərləri yığın. Orada şura hökumətinin və firqənin əleyhinə şüar var. Dəftərləri yığdıq…
Azacıq sonra rayon mərkəzindən göstərişlər gəlməyə başladı: “Filan şair xalq düşməni çıxıb, şəklini kitabdan cırın”. Baxırdıq. Çoxunu cırmağa əlimiz gəlmirdi. Üstünə kağız yapışdırırdıq, ya da sadəcə həmin vərəqi qatlayırdıq. Sonra bir-birimizdən ehtiyatlanmağa başladıq. Hiss etdik ki, kimsə bizi izləyir, kimsə hər şeyə göz qoyur, kimsə hər şeyi harasa xəbər verir. Elə bil insanların səsini almışdılar…
Qəzetləri oxumaq olmurdu. Hər gün bir adam “xalq düşməni” çıxırdı. Sözün düzü mən o zaman bunları başa düşmürdüm. Daha dəqiq desək, deyilənlərin hamısına inanırdım və elə zənn edirdim ki, deyilənlərin hamısı düzdür. Amma atam fikirli-fikirli gəzirdi. Deyib-danışmır, hərdən köks ötürür, dalğınlaşırdı. Bir gün “Kommunist” qəzetini oxuyub mənə verdi. Baxdım: “Bəzi yoldaşların (M.K.Ələkbərli, S.Vurğun) çürük liberalizmi üzündən əclaf Tağı Şahbazi Simurq, Ə.Cavad, B.A.Talıblı Yazıçılar İttifaqında uzun zaman qalaraq sovet yazıçısı adından istifadə etmiş və öz “bədii” əsərlərinə rəvac verməyə müvəffəq olmuşlar”. (1937, 3 iyul). Atam “Averbaxçılığın kökünü kəsəlim” adlı bu baş məqaləni oxuduqdan sonra lap məyuslaşdı: “Səmədə tutmasalar yaxşıdır” – dedi və daha da qüssələndi.
Doğrudan da heç nəyə və heç kimə etibar qalmamışdı. Atam Səməd Vurğunu düşünərək bir məsəli də çəkdi: “Yetimin ağzı aşa çatanda başı daşa çatar”.
Deyəsən, mənim yarıuşaq təfəkkürümdə yavaş-yavaş oyanış başlayırdı: “Axı, Səməd Vurğunu niyə tutsunlar? Mən onu görmüşdüm, xalq onu sevirdi, camaat hazır idi ki, onu əl üstündə gəzdirsin. Heç elə də adamdan xalq düşməni olardımı?”. Sonra da öz-özümə cavab verirdim. “Bəs Hüseyn Cavid, Mikayıl Müşfiq necə oldu? İndi ki zamanda “xalq düşməni” olmağa nə var?” Qəzetləri gözdən qoymurdum. Görürdüm, dünən ifşa edən, bu gün özü ifşa edilir. Kim bilir, bəlkə, Səməd Vurğun “dünən dövran sürən, bu gün can verir” misralarını elə bu vaxt düşünmüşdü. Doğrudan da dünyaya etibar qalmamışdı. Heç kəsin axşam yatıb sabaha salamat çıxacağına ümid qalmamışdı. M.K.Ələkbərli artıq yox idi. Onun yerinə Seyfulla Şamilov gəlmişdi. Gözünü açmamış onun da üstünə düşmüşdülər. “Yüksək, prinsipial yaradıcılıq məsələləri əvəzinə bəzi yazıçılar arasında ailəçilik, yaltaqlıq, tərəf saxlamaq, məişət pozğunluğu intişar tapmışdır. Ailəçilik murdar bir şəkil – yerliçilik xarakteri alır. Prinsipsiz qrupaçılıq ən iyrənc formalara girir. İttifaqın sədri Şamilov və katibi Səməd Vurğun nəinki bu qrupaçılıqla mübarizə edirlər, hətta öz hərəkətləri ilə buna meydan verirlər” (“Ədəbiyyat qəzeti”, 1937, 3 iyun).
Qəribə zaman idi. Heç kəs ittiham edənə demirdi ki, dediklərini sübut elə. Hamı təqsirləndirilənlərə deyirdi ki, səhvini boynuna al…
Bir gün yazdığım bir şeiri bəhanə edərək, Yazıçılar İttifaqına getdim (Fioletov küçəsi). Cəsarətsiz addımlarla ikinci mərtəbəyə qalxdım. Otaqların qapısını bir-bir aralayıb gözlərimlə Səməd Vurğunu axtardım. Heç yerdə görmədim. Ürəyimə gəldi ki, başında bir iş var. Məyus halda geri döndüm və pilləkənin başında gülüş eşidib ayaq saxladım…”
Ardı var…
Müxbir – Günel Alıyeva
Mənbə: https://azertag.az/