AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə bağlı, səmimi, qətiyyətli və duyğulu bir insan kimi tanımağa imkan verir.

AZƏRTAC silsilənin növbəti hissəsində Səməd Vurğunun dəstək göstərdiyi yazıçı, Əməkdar incəsənət xadimi Süleyman Vəliyevin xatirələrinin davamını təqdim edir. O, xatirəsində Səməd Vurğuna qarşı ifadə verməyə məcbur edildiyi günlərdən, şairin ona göstərdiyi köməkdən və illər sonra bu hadisənin necə üzə çıxmasından bəhs edir.

“Məni sorğu-suala çəkən müstəntiq Artur Baxşıyevin bu sözləri indi də qulağımdadır:

-Səməd Vurğunun evinə gedin. Ona ağır həyatınızdan danışın. O, ürəyi rəhmli, kömək edər… Ona yeni əsərinizi oxuyun, elə edin ki, ürəyi sizə qızsın. Söhbət əsnası eşidəcəksiniz ki, o, millətdən danışır, pantürkistləri müdafiə edir və sonra… Bu sözləriniz bizə çox lazımdır…

Mən qəti etirazımı bildirdim:

– Mən belə işlə məşğul ola bilmərəm. Əgər razılıq versəm də, Səməd məni evində qəbul etməz, deyər ki, nasir deyiləm, əsərinizi nasirə oxuyun…

Baxşıyevin əlindən qurtarmaq isə çətindi. O, gah mənə qara-qorxu gəlir, gah da şirin dilə tuturdu. Mən nəhayət, ona dedim:

-Siz özünüzü də, məni də nahaq incitməyin. Sözümdən dönən deyiləm. Mənim heç günahım yoxdur. Əgər mənə cəza vermək istəyirsinizsə, tez verin, Səməd Vurğunun bu məsələyə dəxli yoxdur.Bu sözlərimin təsiri olmadı. O, səsini ucaltdı:

-Siyasət işlətməyin. Onu bilin ki, bizə bir vətənpərvər kimi kömək etsəniz, əvvəlki kimi Yazıçılar İttifaqında işləyəcəksiniz. Bütün qapılar üzünüzə açıq olacaq. Müharibədə başınıza gələn qəzalara görə heç kəs sizi narahat eləməz, sizə təzə ev verərlər…

-Mənə heç nə lazım deyil.

-Belə deməyin. Sizə çox şey lazımdır. Bilirik ki, Xəzər dənizini də çox sevirsiniz, tez-tez bulvarda gəzirsiniz, elədirmi?

-Elədir, məgər bu qadağandır?

-Qadağan deyil. Amma bizə kömək etməsəniz, Xəzəri də görməyəcəksiniz, bulvarda da gəzməyəcəksiniz.

“Sınıb qol-qanadım yanıma düşdü”… Misirdə mənimlə görüşən amerikalını xatırladım. “O, gözəl Brodveylə məni tamahlandırıb satın almaq istəyirdi, indi bu işə uşaqlıq xatirəmlə bağlı, öz doğma, sevimli Xəzərim, öz bulvarımla məni şirnikləndirir ki… Eh, bulvar, Brodvey…”.

O, şəxsi qovluğumu çıxarıb dedi:

-Elə isə sizin məsələnizlə məşğul olaq. Əvvəllən, deyin görüm, niyə özünüzü öldürmədiniz?

-Təkrar edirəm, kontuz idim, huşumu itirmişdim…

-Şahidin var?

– Yox, onları haradan tapım?..

Müstəntiq məndən əl çəkmir, tez-tez yanına çağırıb dindirirdi. Mən bir dəfə zinhara gəlib ona dedim:

-Mən həyatda çox şey itirmişəm. Qorxum yoxdur. Mənə nə cəza verirsiniz verin, məndən əl çəkin, dəfələrlə demişəm, yenə deyirəm, mən sizin tapşırığınıza əməl etməyəcəyəm.

Belə cavabdan sonra müstəntiq həmişəki kimi söhbəti dəyişdi, şəxsi qovluğumu açıb, əsirliyə aid olan məsələlər haqqında məni sorğu-suala tutmağa başladı…

Elə bu vaxtlar – 1948-ci ilin sentyabrında Səməd Vurğunun köməyi ilə mənə Pyatiqorski sanatoriyasına putyovka verdilər. Mən oraya çox nigaran getdim. Ürəyimdən qara qanlar axırdı.

Gözlədiyim kimi də oldu. Oradan qayıdandan sonra Yazıçılar İttifaqının nəşriyyat şöbəsinin müdiri Zanis mənə dedi ki, işdən çıxmaq haqqında ərizə yazım və həmin gün öyrəndim ki, “Mübahisəli şəhər” romanım çap olunmayacaq, guya əsərdə mübahisəli məsələlər var.

“Əncir ağacı” adlı hekayəmi də “Revolyusiya və kultura” jurnalının növbəti nömrəsindən çıxartdılar (1955-ci ildə vətənə qayıdandan sonra bu hekayəni “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdim). Bu zərbənin mənə haradan dəydiyini bilirdim. Əgər mən idarəmizə, xüsusən Səməd Vurğuna qarşı xəyanət etsəydim, təbii ki, mənə toxunmayacaqdılar və vəzifəmdə qalacaqdım… Başıma gələn əhvalatı isə heç kimə deyə bilmirdim. Ancaq ömür-gün yoldaşım Asyaya bu haqda danışmışdım. Mənə yeganə təsəlli verən o idi. O, həmişə sadəlövhcəsinə: “Hər şey yaxşı olacaq”, – deyirdi…

Hələ 1937-ci ildən bilirdim ki, qara siyahıya düşən adamları gecə evdən qapalı, qara maşınla harasa aparırdılar. Mən də öz “gecəmi” gözləyirdim. Ancaq tərsinə oldu. Günün “günorta” vaxtı bir milis işçisi qapımı döyüb içəri girdi, salam verib dedi:

-Mənimlə getməlisiniz. İnciməyin, vəzifəm belədir.

– Çamadanımla getməliyəm?

O, başı ilə təsdiq etdi…

Yeddi ildən sonra üçüncü dəfə idi ki, doğma yurduma qayıdırdım (Qeyd edim ki, üç dəfə də Azərbaycan Yazıçılar İttifaqında işləmişəm). Oxucu məni üzlü saymasın. Vətən şirindir…

Bu dəfə vətənə qayıdandan sonra ev məsələm asanlıqla düzəldi. İyirmi gün keçməmişdi ki, Süleyman Rəhimov, Əli Vəliyev və başqalarının köməyi ilə mərhum Əyyub Abbasovun Füzuli küçəsi, 51 nömrəli (indiki Nizami) köhnə mənzilini mənə verdilər. Ev kiçikdi, münasib şəraiti yox idi. Ancaq o zaman bizim gözümüzə böyük görünürdü.

Ev məsələm düzələn kimi sibirli dostlarıma, birinci növbədə Georgi Markova məktub yazdım. O, məktubuma dərhal cavab verdi, işlərimin öz qaydasına düşdüyündən məmnun olduğunu bildirdi.

Bir dəfə Yazıçılar İttifaqına getdikdə Səməd Vurğunla görüşdüm. Ancaq… 1948-ci ildə onunla əlaqədar olan məsələ haqqında bir kəlmə də demədim. Bu, daha qorxudan deyildi. Elə zənn edirdim ki, Səməd bu sözə ya inanmaz, ya da məni düzgün başa düşməz. Elə düşünər ki, özümü ona şirin göstərmək üçün bu məsələni açıram.

Çox çəkmədi ki, bu sirr də açıldı. 1956-cı ilin aprel ayında M.C.Bağırov və başqalarının məhkəməsi gedirdi. Mən orada iştirak etmirdim. Elə həmin günlərdə Azərbaycan Yazıçılar İttifaqına gələrkən mərhum Mehdi Hüseyn salamımı alan kimi dedi:

-Rudenko adını çəkdi.

Açığını deyim ki, SSRİ-nin baş prokurorunun adını eşidəcək diksinən kimi oldum. “Görünür, yenə də…” Mehdi özünəməxsus təbəssümlə mənə baxdı:

– Afərin, özünü igid kimi aparmısan. Səməd Vurğunun qabağında dağ kimi durmusan.

Məsələ mənə aydın oldu. Demə, Rudenko hansı sənədlər əsasında isə Səməd Vurğundan ötəri məni incitdiklərindən xəbər tutmuş və bu barədə M.C.Bağırovu sorğu-suala tutmuşdu…

Məhkəmədə iştirak edənlərdən Cəfər Cəfərov, Osman Sarıvəlli, Nəbi Xəzri, Qasım Qasımzadə və başqaları bu haqda danışıb məni təbrik etdilər.

O zaman Səməd Vurğun ağır xəstə idi. Ancaq məhkəmədəki məsələni ona xəbər vermişdilər. Bir neçə gündən sonra şairin yaxın dostu, mənim iş yoldaşım Osman Sarıvəlli mənə dedi:

-Səməd sənin haqqında xoş bir söz eşidib, minnətdarlığını bildirmək istəyir. O, səni bağrına basıb öpəcək.

Dedi ki, əgər əvvəllər bilsəydim ki, o, belə nəcib iş görüb, onun üçün nələr etməzdim…

Osmanın gözləri yaşardı. Mən cəsarət edib Səməd Vurğunun evinə getdim. Ancaq gec idi, səhhəti son dərəcə ağır olduğundan onunla görüşmək mənə qismət olmadı. Həkim icazə vermədi…”

Ardı var…

Əvvəlki materialı oxu 

Müxbir – Günel Alıyeva

Mənbə: https://azertag.az/