Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı-şairə Mətanət Ulu Şirvanlının zəngin yaradıcılıq yoluna həsr olunmuş ədəbi-bədii və musiqili gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir qələm sahibinin həyat yolu, bədii axtarışları və müasir ədəbiyyatımızdakı özünəməxsus yeri barədə ətraflı söz açıb.

AYB-nin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu təbrik məktubunu oxuyaraq şairəni yaradıcılıq gecəsi münasibətilə təbrik edib, ona yeni sənət uğurları arzulayıb.

Proqram çərçivəsində Mətanət Ulu Şirvanlının ədəbi fəaliyyətini əks etdirən videoçarxlar təqdim olunub.

Gecə boyunca poeziya və musiqi bir-birini tamamlayıb. Şairənin sözlərinə bəstələnmiş lirik mahnıları Əlikram Bayramov, Çilənay Hüseynova, Zəka Vilayətoğlu və Zeynal Əhmədov səsləndiriblər. Xalq artisti Eldost Bayram və rejissor Kəmalə Səlim Müslümün qiraətində müəllifin şeirləri duyğulu anlar yaşadıb. Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Rəhimə Məmmədova isə müəllifin qələmə aldığı monoloqu böyük məharətlə təqdim edib.

Tədbirə xüsusi rəng qatan Şirvan aşıq mühitinin nümayəndələri – Aşıq Rza Şamaxılı və Aşıq Babək Şakirli şairənin sözlərinə “Müxəmməs” və “Ordubadi” saz havaları üstündə aşıq mahnıları ifa edərək məclisə aşıq sənətinin ruhunu gətiriblər.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Bədii qiraət” dərnəyinin üzvləri də şairənin əsərlərindən nümunələr söyləyərək tədbirə öz töhfələrini veriblər.

Tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirən Mətanət Ulu Şirvanlı yeni şeirlərini oxuyub.

Yaradıcılıq gecəsi müəllifin “Qəribovlar ailəsi” adlı birpərdəli komediyası əsasında hazırlanmış səhnə əsərinin nümayişi ilə yekunlaşıb.

Mənbə: https://azertag.az/