PSİXOLOJİ NƏSR VƏ FOLKLOR
(İ.Əfəndiyevin hekayələri əsasında)

M.İmanov “Azərbaycan nəsrində psixologizm” adlı əsərinin “Psixoloji nəsr və folklor” adlı fəslində yazır: “Heç şübhəsiz, folklorda qəhrəmanın hiss – həyəcan və düşüncələrinin ifadə edilməsi mənasında psixologizm var. Özü də bu psixologizm incə duyğular üstündə köklənmiş lirik janrlarla məhdudlaşmayıb, epik janrları da əhatə edir.(2.86)
İ.Əfəndiyevin “Apardı sellər Saranı”, “Qarı dağı”, “Vəzir Allahverdi xan və Bəhlul Danəndə, “Yusif və Esfir”, “İsa – Musa”. “Abidin yuxusu” və s. hekayələri folklor mənbəyi, xalq ədəbiyyatı qaynaqları əsasında yazılmışdır.
K.Yunq mifoloji təsəvvürlərin iki tipini göstərir. Birincisi, ibtidai xalq təsəvvürlərindən bəhrələnməklə dövrün həqiqətlərini mif düşüncəsi ilə təqdim etmək, ikincisi, xalq yaradıcılığı, folklorda yaşayan mifik düşüncə, obraz, model və strukturdur, yazıçı bundan real hadisələrin təsvirində bəhrələnir.
İ.Əfəndiyev hekayələrində mifoloji süjet və mətnlərə də üz tutur. Bu mənada “Qarı dağı”(1944) hekayəsi Yunqun təsəvvürlərindən birinci tipi kimi diqqəti cəlb edir. Hekayədə Ballı qarı Güneylərdə sağ qalmış qocalardandır. Bu obrazı mifologiyadakı Ulu Ana (İlahi Ana) kompleksi və onun variantlarından olan mifoloji Qarı nənə obrazı ilə də bərabərləşirmək olar. Burada bir məqama nəzər salmaq lazımdır ki, mifik təsəvvürdə qarı obrazı ikili funksiya daşıyır. Himayəçi və həyat verən olmaqla yanaşı, qarı həm də can alan kimi təsvir olunur. “Qarı dağı” hekayəsində birinci məqamla rastlaşsaq da ikinci məqam önəmlidir.
Ballı qarı fal açır və bu falda “minlərlə qəzəbli ruh” görür. Və elə bu minlərlə qəzəbli ruh da qarını intiqama sövq edir. Qarı “həmyerlilərinin bütün … nifrətini sükutla qarşılayıb” düşmən övladına can verir. Can verir ki, bir can da artıq alsın, anaların qisasını yerdə qoymasın. “Qarı dağı” da belə yaranıb əfsanəyə, “ana haqqında ölməz bir hekayət”ə)(3 .4) çevrilir. Hekayədə əsas obrazın Ballı qarının fikri və psixoloji proseslər təsvir olunmur, onun psixi həyəcanlarının son nəticəsi (“Şahzadə qalan şirəni son damlasına qədər içib, kasanı qarıya qaytardığı zaman falçı rahat nəfəs aldı.”)(4.44) və yekun fikirləri (-Qarı, – dedi, – heç olmasa, oğluma bir çarə elə. Axı, sən onu ölümdən qurtarmışdın, axı, sən deyirdin, mən anayam.”
– Bəli, qibleyi – aləm! – deyə Ballı qarı ah çəkdi. – Mən anayam!..”)(4.45) verilir.
Ədəbiyyatın tez –tez müraciət etdiyi qədim əfsanələr, miflər mexaniki təkrar edilmir, xeyli şəkildə yenidən mənalandırılır. Bu haqda Ç.Aytmatov özünün “Ağ gəmi” povestinin müzakirəsində belə deyir: “Mən … belə bir baxışın tərəfindəyəm ki, əgər qədim əfsanələr bizim günümüzün məsələlərinə aktiv yönəlmək iqtidarında deyilsə, onların kölgəsini narahat etmək lazım deyil.”(6)
Yaradıcılıq elə bir mürəkkəb prosesdir ki, qarşıya qoyulan problemlərin həlli zamanı təkcə realist üsulun imkanları ilə kifayətlənmək yazıçıya kifayət etmir. “Bədii əsərdə bəzən nə isə birbaşa şərhə uymur, obyektiv, yaxud subyektiv səbəblər üzündən adi üsullarla “dərk olunmağa” müqavimət göstərir və bu zaman da müəllif qroteskə, yaxud başqa şərti vasitələrə müraciət etməli olur.”(7.99)
“Apardı Sellər Saranı”, “Qəhrəman ilə bülbülün nağılı” hekayələrində də müəllif Azərbaycan folklorunda mövcud olan əfsanələrə müraciət etmişdir. Bu hekayələri təhlil edən A.Abdulla doğru olaraq qeyd edir ki, əfsanələrdən qaynaqlanan əhvalatlar nə qədər romantik olsa da əsas hadisə real həyat həqiqətidir. “Elə bu nöqtədə də İlyas Əfəndiyev romantizmi realizm ilə qaynayıb – qarışır. Bu gün tənqidçilərin tez – tez işlətdikləri “qanadlı realizm” termini yada düşür.”(1.45)
A.Abdulla bu üslubun müəllifin digər hekayələrində də aydın sezildiyini qeyd edir.
İ.Əfəndiyev “Yusif və Esfir” (1991) hekayəsində fantasmoqoriyaya üz tutur, qeyri adi dəyişmə və çevrilmələrə yer verir. Hekayədə qəhrəmanın əvvəlcə cavanlaşması, sonra ayıya çevrilməsi onun mənəvi – psixoloji aləminin açılmasında mühüm rol oynayır. Xalq yaradıcılığından faydalanan belə fantastik çevrilmələr Azərbaycan nəsrində Elçinin “Dəyişmə”, “Qatar. Pikasso. Latur,1968”, “Qırmızı ayı balası” hekayələri, Anarın “Əlaqə” povestində var idi.
“Qarı dağı” hekayəsindən fərqli olaraq müəllif burada daha çox şərh edir, personajların davranışını açır. Jestlər, mimika, psixoloji prosesləriin nəticəsinin təqdimi böyük yer tutur. Təhkiyəçi – müəllif qəlbin dialektikasından, hisslərin dəyişməsindən çox personajların daxili nitqini nağıl edir. Məsələn, “Fikirləşdi ki, illər keçib gedir… On doqquz yaşın içindəyəm. Mən arzu elədiyim oğlanların heç biri mənimlə maraqlanmadı… Maraqlananda da, ancaq müvəqqəti əyləncə üçün… Yusifə getsəm, heç olmasa, öz ev – eşiyim olar. Bəlkə Allah gözəl bir övlad da verdi…”(5.46)
Qəhrəmanın daxili nitqi onun mənəvi aləmini oxucuya açır. Esfir yalnız ailə qurmaq, övlad sahibi olmaq üçün Yusifə ərə gedir, onu sevdiyi üçün yox. “Lakin illər keçirdi… Nə oğlan gəlirdi… Nə qız…(5.47)
Müəllif folklora xas arxaik düşüncə tərzini təqdim edir. Əvvəlcə şifahi xalq ədəbiyyatının nağıl maneralarına müraciət edərək onun köməyi ilə detal təsiri bağışlayan təsvir üsulundan istifadə edir. Yusif 40 il hər gün Allaha dua edir və ondan 3 arzu istəyir. Burada isə reallığı mif düşüncələrində təqdim edərək fantasmaqoriyaya keçir. Qəhrəmanın çevrilməsi başıayir. İnsan hisslərinə böyük qiymət verən müəllifin belə bir şərti – metoforik üsluba üz tutması əbəs deyildi. Esfirin yaşadığı həyat arzuladığı həyatdan qat –qat uzaq idi və belə bir çevrilmə anında ömür – boyu xəyalında çanlandırdığı həyata qovuşmaq istəyi özünü sübut edirdi. Belə bir çevrilmə üsulu ilə müəllif hisslərin çatdırılmasına nail olur. Və bu üsul müəllif ideyasının düşünülmüş yeni variantı kimi diqqəti cəlb edir. Ayı obrazında artıq başqalaşan, daha “məzlum”, daha sakit görünən Esfir elə bil ki, öz səhvini dərk edir. Artıq obrazın psixoloji vəziyyətini görürük. “O ayı, Yusifin bağçasından kənar heç yerə getmirdi. Bütün günü həyət qapısının qabağında oturub, gözlərini zilləyirdi evə. Sanki Yusifin heç bir hərəkətini gözdən qoymaq istəmirdi. Yusif hirslənib ona qışqırdı:
– Niyə çıxıb meşədəki qohumlarının yanına getmirsən?
Ayı isə, susaraq bütün günü eləcə baxırdı və onun ayı gözlərinin dərinində keçmək bilməyən bir kədər var idi.”(5.49)
Hekayədə nəqletmə, təsviretmə ilə yanaşı müəllif təhlilləri də özünü göstərir. 18 yaşlı gözəl qızın vəfasızlığı ayının öz sahibini müdafiə etməsi ziddiyyətində yekunlaşaraq çevrilmənin məzmun və məqsədini sübut edir, mənəvi çevrilməni göstərir. Məhz ikiləşmə də çevrilmələr arasında baş verir, daxili konflikt də burada tamamlanır. Esfir özünüdərk edərək “özünə” qayıdır, çevrilir.
1. Abdulla A.,Oxşarsız sənət, Ulduz, 1975
2. İmanov M., Azərbaycan nəsrində psixologizm (60-70-ci illər), Bakı, Elm, 1991
3. Məmmədli İ., Hamını xoşbəxt görmək istəyən sənətkar, Respublika, 31 may, 1994, N43 (138)
4. Əfəndiyev İ., Seçilmiş əsərləri, 3 cilddə, I c., Bakı, Avrasiya Press, 2005
5. Əfəndiyev İ.,Sən ey böyük yaradan, Bakı, Şərq – Qərb, 1997.
6. Айтматов Ч., Обсуждение повести «Белый пороход», Литературная газета, 1970, 29 июл
7. Hüseynov Çingiz, Həyat ziddiyyətləri və bədii konflikt, Azərbaycan, 1982, N6