
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək.
“Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 22 ölkədən 61 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.
Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı “Abituriyent” jurnalı redaksiyası da sərgidə iştirak edəcək. “Abituriyent” jurnalı stendində DİM nəşrləri ilə tanış ola, nəşrlərlə bağlı suallarınıza cavab tapa, nəşrləri endirimli qiymətlərlə əldə edə, hədiyyələr qazana bilərsiniz.
Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.
Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.
Sərgiyə giriş ödənişsizdir.
Bir cavab yazın