Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə növbəti dəfə təntənəli şəkildə qeyd edilən 26 avqust — Laçın Şəhəri Günü çərçivəsində geniş konsert proqramı keçirilib.
Həkəri çayının sahilində qurulmuş böyük səhnədə təqdim olunan konserti doğma yurda qayıtmış Laçın sakinləri, 
mədəniyyət nümayəndələri və şəhərin qonaqları izləyiblər.
Tanınmış incəsənət nümayəndələrinin ifasında “Qarabağ”, “Mənim Azərbaycanım”, “Sən qalibsən”, “Laçın”, “Ey, Vətən” və digər mahnılar səsləndirilib.
Bayram konsertində həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında “Uzundərə”, “Vağzalı-Mirzəyi”, “Yallı” və digər milli rəqs nümunələri təqdim olunub.
Vətənpərvərlik ruhlu musiqi və rəqs nömrələri əsasında hazırlanan proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Mənbə: https://culture.gov.az/