Şuşa… Dörd hərfin-iki hecanın hər dilimizə gələndə bizi duyğuların ənginliyinə atacağını, bəlkə, təsəvvürə belə gətirməzdik, hərfləri, sözləri təzə-təzə tanımağa başlayarkən…
“Sevirsənsə,
Yağışı çətirsiz sev,
Çiçəkləri ətirsiz…”-deyir Vasif Zöhraboğlu… Əsl sevgi budur!
Biz Şuşanı doğmalığının istisiylə də sevdik, həsrətinin sazağıyla da… Vüsalı ona görə ömrə sığmayan duyğular yaratdı! Haqq aşiqi sevdasıdı Azərbaycan xalqının ürəyindəki Şuşa sevdası!
Bu gün oxuculara təqdim olunan 2 şeirin müəllifi Şuşada dünyaya göz açıb… 1951-ci ildə dünyayla salamlaşan Əliyeva İlduzə Məhəmməd qızı doğma şəhərindəki M.Əzizbəyov adına Pedaqoji Texnikumu fərqlənmə diplomu ilə bitirib (1969-1971).
İlduzə Əliyeva 1971-ci ildə Mədəniyyət şöbəsində metodist işləyib. 1972-ci ildən Şuşa 1 №-li uşaq bağçasının məktəbəqədər hazırlıq qrupunda müəllim olub.
1992-ci ildən 2016-cı ilədək Mingəçevir şəhərində yerləşən 20 saylı Şuşa məktəbində müəllim işləyib.
Gənclik illərindən şeirlər yazmağa başlayıb. Dövri mətbuatda yaradıcılıq nümunələri ilə çıxış edib.
“Şuşasız divanəyəm”, “Yurdumun bir qayası olaydım” və “Vətən sevdalıyam” adlı kitabların müəllifidir. Hazırda təqaüdçüdür. Üç övladı var.
Şuşasız keçirdiyi illərdə qələmə aldığı şeirlərlə həm öz könlünü ovutmağa çalışıb, həm də oxucularının… Hərdən də, şeirlərini uçan durnalara pıçıldayıb, qanad səslərinə hopdurub Şuşaya aparsınlar deyə… İndi-Şuşanın möhtəşəm vüsalının anbaan təzələnən duyğularının könüloxşayan sədaları altında belə, İlduzə xanım həsrətli şeirlərini təkrarlamaqdan yorulmur. “Həsrəti unudan vüsalın qədrini bilməz!”-deyir…
ŞUŞA GÖZƏLDİR
Zirvədə qartalı, düzdə maralı,
Göldə ördəkləri, qazı gözəldir.
Payızı bir başqa, qışı bir başqa,
Yayına qurbanam, yazı gözəldir.
Yağışdan sonrakı açıq səmanın,
Qövsü-qüzehlisi, nazı gözəldir.
İsa bulağında, Cıdır düzündə,
Muğamı, kamanı, sazı gözəldir,
Şuşa başdan-başa özü gözəldir.
DARIXIRAM
Yaman darıxıram mən sənsiz, yaman,
Əsir könlüm əsir düşüb hicrana.
Dərd-qəm də bircə an verməyib aman,
Vüsal anı təkcə qalıb gümana.
Düşmən alıb obaları- elləri,
Laçın küsər, Sarı babam qan ağlar…
Şuşamızda əsir xəzan yelləri,
Kəlbəcərim qara geyər, göy bağlar.
Çərxi çönsün bu fələyin tərsinə
Düşmən qalsın öz başının həşrinə.
Ellər köçsün obasına, elinə,
Şeir yazım vətən qələbəsinə.
Təqdim etdilər: Əntiqə Səməndər-Kərimzadə, Şəfa Vəli
