İqtisadiyyatımızda prioritet istiqamət olan aqrar sektor ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görübvə bu iş indi də davam edir.
Son üç ildə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.
Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.
Qeyri-neft sektorunda böyük rolu olan kənd təsərrüfatı ixtisasları üzrə mütəxəssis hazırlığının ölkəmiz üçün mühüm əhəmiyyəti də danılmazdır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 24 may 2013-cü il tarixli 63 nömrəli Sərəncamı ilə 2013/2014-cü tədris ilindən başlayaraq ADAU-nun bakalavriat səviyyəsinə 11 ixtisas, o cümlədən torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, ekologiya, su bioehtiyatları və akvabitkilər, zootexniklik, baytarlıq, aqromühəndislik və s. ixtisaslar üzrə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında müəyən edilib. Həmin ixtisaslara abituriyentlərin peşə yönümü üzrə maarifləndirilməsi məqsədilə alimlərimiz Gəncənin və kənd rayonlarının orta məktəblərində pedaqoji heyət və yuxarı sinif şagirdləri ilə mütəmadi görüşlər keçirir, onlara universitet haqqında ətraflı məlumatlar verir, şagirdlər öz müəllimləri ilə birlikdə ADAU-ya məxsus avtobuslarla tədris korpuslarını, laboratoriyaları, müzeyi, kitabxananı, elektron kitabxananı ziyarət edirlər ki, bütün bunlar da şagirdlərdə, onların müəllim və valideynlərində universitet haqqında xoş təəssürat yaradır, əhatəli məlumat bazası zənginləşir və formalaşır.
Son illərdə bu ixtisaslara tələbə qəbulu planı əvvəlki illərə nisbətən daha çox, bəzilərində isə 100 faiz yerinə yetirilib.
Universitetin bakalavriat və magistratura səviyyələrində 30-dan çox ixtisas üzrə mütəxəssis hazırlığı aparılır. 7 fakültənin əyani və qiyabi təhsil formalarında 5 minə yaxın tələbə təhsil alır ki, onların da tədrisi ilə 480-dək professor-müəllim heyəti məşğul olur. Pedaqoji heyətin tərkibində 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 200-dən artıq fəlsəfə doktoru, dosent vardır.
2008-ci ildə universitetdə tələbə-müəllim nisbəti (bir müəllimə düşən tələbələrin sayı) 5,1 nəfər olduğu halda, hazırda bu rəqəm 11,1 – dir, tələbə qızların sayı 10 faiz təşkil edirdisə, hazırda 30 faizdən artıqdır.
Universitetdə tələbələrə diqqət və qayğı yüksək səviyyədədir. Konkret faktlar da deyilən fikiri təsdiq edir. Sessiya imtahanları əsasən kompüter vasitəsilə test formasında qəbul edilir ki, bu da şəffaflığın və obyektivliyin tam təmin olunması deməkdir. Son illərdə tələbələrin təhsilə marağının artırılması məqsədilə xeyli sayda kompyuter alınıb. Bu gün universitetin hər dörd tələbəsinə bir kompyuter düşür ki, buda respublikanın ali təhsil müəssisələrindəki orta göstəricidən dəfələrlə çoxdur. Bununla yanaşı xeyli sayda smart-lövhə, nootbuk, proyektor, mikroskop, plotter, elektron tərəzi və s. alınaraq tələbələrin istifadəsinə verilib.
Tələbələrin intellektual səviyyəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə son 3 ildə tələbələr üçün ödənişsiz ingilis dili, kompyuter və dizayn üzrə kurslar yaradılıb. Bunlarla yanaşı müxtəlif növ oyunlar, olimpiadalar, inşa müsabiqələri keçirilir, nəticələrinə görə fərqlənənlərə fəxri fərmanlar və pul mükafatları verilir.
Uzun illər acınacaqlı vəziyyətdə olan idman salonu əsaslı təmir edilib, zəruri trenajorlarla təchiz olunub və tələbələrin istifadəsinə verilib..Tələbələr üçün idman geyim formaları alınıb.
Təhsil Nazirliyi Kollegiyasının 6 noyabr 2014-cü il tarixli qərarına uyğun olaraq tələbələrin akademik borcu qalan fənləri götürmələrinə görə təhsil haqlarının (yay semestri istisna olmaqla) büdcədənkənar vəsait hesabına ödənilməsi haqqında universitetimizin elmi şurasının qərarı ölkənin ali təhsil müəssisələri sırasında ilk olmaqla tələbə və valideynlər tərəfindən çox böyük razılıqla qarşılanıb.
Son imtahan sessiyalarında imtahanları “əla” qiymətlərlə başa vuran tələbələrin sayı əvvəlki sessiyaların nəticələri ilə müqayisədə yüksəkdir və bu da tələbələrin təhsilə marağının və məsuliyyətinin daha da artmasını göstərir.
Rektorun xüsusi əmrində büdcədənkənar vəsait hesabına qəbul imtahanlarında 600-dən çox bal toplamaqla universitetə qəbul olunan və növbəti sessiyada yüksək qiymətlər alan 2 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 100 manat, 500-dən çox bal toplamaqla qəbul olunan və sessiyada yüksək qiymətlər alan 9 nəfər birinci kurs tələbəsinin aylıq təqaüdünə ikinci semestrdə 50 manat əlavə edilib, 250-dən çox bal toplayaraq “aqronomluq “ və “zootexniklik” ixtisaslarına qəbul olunan 3 nəfər birinci kurs tələbəsinin sessiyada yüksək qiymətlər aldıqları və universitetin ictimai həyatında fəal iştirak etdikləri nəzərə alınmaqla aylıq təqaüdünə ikinci semestrdə ayda 100 manat, sessiyada 5 fəndən 100, 1 fəndən 91-100 bal toplaya 3 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 100 manat, 4 fəndən 100, 2 fəndən 91-100 bal toplayan 7 tələbəyə aldıqları təqaüddən əlavə ikinci semestrdə ayda 80 manat ödənilməsi, 1,2 və ya 3 fəndən 100, digər fənlərdən 91-100 bal toplayan 98 tələbənin hər birinə 100 manat, 1 və ya 2 fəndən 100, digər fənlərdən 71-100 bal toplayan 24 tələbənin hər birinə 70 manat məbləğındə birdəfəlik stimullaşdırıcı təqaüd verilməsi təsbit olunub. Belə stimullaşdırıcı tədbirlər tələbələri daha yaxşı oxumağa, universitetin ictimai həyatında fəal iştirak etməyə ruhlandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il ta¬rix¬li 348 nömrəli qərarı ilə təsdiq edil¬ən “Ali təhsil müəssisələrinin baka¬lavriat və ma-gistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qay¬daları”nın tələblərinə müvafiq olaraq tələbələrə kömək göstərmək, onların hüquqlarını və akademik ma-raqlarını qorumaq məqsədilə akademik məslə¬hət¬çilər (tyutor xidməti) üçün ştat vahidləri açılıb, bu sahədə təcrübəsi və səriştəsi olan şəxslər tyutor vəzifəsinə təyin olunub. 2015-ci ildə 23 tyutor Təhsil Nazirliyi tərə¬findən Gəncə Dövlət Uni-ver¬sitetində təşkil olunan iki aylıq seminarda iştirak edib və müvafiq sertifikat alıblar.
Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi, dərinləşdirilməsi və sonrakı əmək fəaliyyətində istifadəsinin təmin edilməsində istehsalat təcrübələrinin böyük rolu danılmazdır. Bu baxımdan universitet qabaqcıl şirkət, müəssisə və təsərrüfatlarla işgüzar əlaqələr yaradıb, müqavilələr bağlayıb. Bunlardan Ağcabədi rayonu“AQAT-AQRO” MMC, “Tovuz-Baltiya” şirkəti, Kənd təsərrüfatı nazirliyinin nəzdində “Aqrolizinq” ASC, Samux rayonunun aqroservis filialı, Gəncə Telekommunikasiya idarəsi, Samux rayonu “Suliddinoğlu” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Bayramlı” kəndli fermer təsərrüfatı, Şəmkir rayonu “Azaqro- MMC”, Şabran rayonu “Səba quşçuluq kompleksi”, BMS keçicilik şirkəti, Qarabağ taxılçılıq MMC, Qarabağ toxumçuluq MMC və başqa şirkətləri misal göstərmək olar. “Tovuz-Baltiya”, Şəmkir “Vətən-Az”, Samux rayonu “Azər-Rus Dostluq”, Qəbələ quşçuluq aqrokompleks şirkətləri, Oğuz rayonu Beytulla kəndli fermer təsərrüfatlarında tələbələrimiz pulsuz yemək, yataqxana, həmçinin aylıq maaşla təmin olunurlar.
Qəbələ quşçuluq, Qəbələ premium, Ucar Mərcan broyler, Ağcabədi Aqat – Aqro MMC, BMS şirkəti, Şabran Səba şirkəti, Hacıqabul Quşçuluq fabrikində, Qəbələ Aqro kompleksdə baytarlıq ixtisasının V kurs tələbələri 6 aylıq təcrübə keçmişlər. Təcrübə zamanı bu müəssisələr tərəfindən tələbələr məişət şəraiti və əmək haqqı ilə də təmin olunublar.
İstehsalat təcrübəsinin daha səmərəli təşkili məqsədilə “Əczaçılıq” ixti¬sası üzrə əyani təhsil formasının üçüncü kurs tələbələri ADAU ilə Tür¬kiyənin Ondokuz Mayıs Universiteti arasında bağlanan müqaviləyə əsasən Türkiyədə isteh¬salat təcrübəsində olublar.
“Əczaçılıq” ixtisasının 17 tələbəsi Türkiyənin Samsun şəhə¬rindəki Ondokuz Mayıs universitetində, “menecment” (alman proqramı) ixtisasının 4 tələbəsi təcrübə keçmək üçün Almaniya Respublikasında təcrübə keçib, mühəndislik fakültəsinin 5 tələbəsi Belçikanın və Türkiyədə yerləşən New–Holland texnikaları zavodunda təlimlərdə iştirak ediblər.
2009-cu ildən başlayaraq universitetdə hər il məzun yarmarkaları keçirilir. Sonuncu dəfə 2015-cil mayın 19-da keçirilən yarmarkada respublikanın 150-ə yaxın tanınan şirkət, müəssisə və təsərrüfat nümayəndəsi iştirak edib, məzunlara 1174 vakant iş yeri təklif olunub, 420 nəfər məzunun sənədləri müəssisələr tərəfindən qəbul edilib. Mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC və ADAU-nun işti¬rakçılığı ilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin tədris korpusunda əmək yarmarkası keçirilib və məzunlara 106 iş yeri təklif olunub.
Professor-müəllim heyəti arasında yaşlı və fiziki cəhətdən zəif olanların cavan və perspektivli gənclər hesabına möhkəmləndiriliməsi bu gün qarşıda duran ən ümdə məsələlərdəndir. Son illər bu sahədə müəyyən işlər görülüb, hazırda da qətiyyətlə davam etdirilir. Magistraturanı və doktoranturanı müvəffəqiyyətlə bitirən, müasir innovativ düşüncə tərzinə malik, xarici dil bilikləri olan gənclərin pedaqoji işə cəlb olunması çox vacib məsələlərdəndir. Mütəxəssis hazırlığının keyfiyyətini daha da yüksəltmək üçün belə tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Milli mentalitet baxımından da tələbə-müəllim münasibətləri universitetdə daha fərqlidir, hər bir əməkdaş, hər bir tələbə daim diqqət mərkəzindədir. Yubileyləri olan işçilərə statusuna uyğun rektorun müvafiq əmrləri ilə təşəkkürlərin elan edilməsi, hədiyyələrin verilməsi, təntənəli təbriketmə mərasimlərinin keçirilməsi artıq ənənə şəklini alıb. Tələbələrə qayğı, diqqət daha qabarıqdır. Hər hansı bir məsələ ilə əlaqədar tələbə müraciət etdiyi halda, ona dekanlıqlar səviyyəsində də, şöbələr səviyyəsində də operativ və diqqətlə yanaşılır. Bütün bu diqqət və qayğıya görə keçirilən tədbirlərdə tələbələr, xüsusən tələbə qızlar fəallıq göstərirlər.
Qarşıda bu gün daha ciddi məsələlər dayanır. Bütün sahələrdə böyük irəliləyişlər əldə edilən Azərbaycanda, aqrar bölmənin inkişafı daha prioritetdir. Axı, Azərbaycan kənd təsərrüfatının inkişafı üçün kifayət qədər münbit iqlimə, zəngin təbii resurslara malikdir. Qeyri-neft sektorunun inkişafına xüsusi qayğı göstərən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri icra etmək üçün zəngin flora və faunası olan Azərbaycanın kənd təsərrüfatının strateji inkişafı günün vacib məsələlərindəndir. Bərəkət mənbəyi olan torpağın elmi sirlərini öyrənmək uğurlarımızın açarıdır.
Tam əminliklə deyə bilərik ki, zəngin tarixi ənənələrə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti həmişə olduğu kimi, bundan sonra da dövlətimizə, dövlətçiliyimizə sadiqliyini qoruyacaq, qarşıda duran əzəmətli vəzifələri uğurla yerinə yetirəcəkdir.
Nüsrət Hüseyinov,
Azərbaycan Dövlət Aqrar Universitetinin tədris şöbəsini müdiri, dosent