Azərbaycanın zəngin mədəni irsi əsrlər boyu formalaşan milli yaddaşın daşıyıcısı olmaqla yanaşı, ölkənin gələcəyinə istiqamət verən mühüm mənəvi sərvətdir. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bu irsin qorunmasını müasir inkişaf imkanları ilə birləşdirərək mədəniyyətin milli kimliyin möhkəmləndirilməsində və Azərbaycanın dünyada tanıdılmasında rolunu daha da artırmağı qarşıya məqsəd qoyur.

Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov AZƏRTAC-a açıqlamasında bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ölkənin uzunmüddətli mədəniyyət siyasətinin strateji yol xəritəsidir. Bu sənəd mədəniyyətə yalnız incəsənət və tarixi-maddi irsin qorunması kimi deyil, milli kimliyin dayağı, cəmiyyətin inkişafına təsir göstərən amil və Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıran “yumşaq güc” vasitəsi kimi yanaşır.

Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş Konsepsiya 2026-2040-cı illəri əhatə edir və üç mərhələdə – 2026–2030, 2031–2035 və 2036–2040-cı illərdə həyata keçiriləcək.

Müsahibimiz qeyd edib ki, sənəddə Azərbaycanın Türk dünyası ilə mədəni əlaqələrinin inkişafı xüsusi yer tutur. Ortaq dil, ədəbiyyat, musiqi, folklor və digər qeyri-maddi irs nümunələrinin qorunması və təbliği, birgə mədəni layihələrin, tərcümə proqramlarının, rəqəmsal platformaların və audiovizual məhsulların hazırlanması bu istiqamətdə mühüm addımlar kimi nəzərdə tutulur.

“Bizim ailəmiz Türk dünyasıdır” strateji xəttinə uyğun olaraq, mədəni diplomatiyanın imkanlarından istifadə edilməsi də Azərbaycanın türk dövlətləri ilə əlaqələrinin yeni məzmunla zənginləşdirilməsinə xidmət edir.

Konsepsiyanın diqqətçəkən istiqamətlərindən biri mədəniyyətin yaradıcı və iqtisadi potensialının üzə çıxarılmasıdır. Kinematoqrafiya, animasiya, dizayn və rəqəmsal məzmun kimi yaradıcı sənaye sahələrinin inkişafı, eləcə də etnoturizm imkanlarının genişləndirilməsi mədəni irsin müasir iqtisadi və sosial həyatla əlaqəsini gücləndirə bilər.

Ekspert qeyd edib ki, tarixi yaddaşın qorunması Konsepsiyanın digər mühüm istiqamətidir. Qobustan qayaüstü təsvirlərindən Xınalıq və Lahıcın sənətkarlıq ənənələrinə, Şirvanşahlar sarayı, Möminə xatun türbəsi və Qız qalası kimi tarixi abidələrədək uzanan irs Azərbaycanın çoxəsrlik dövlətçilik və mədəniyyət tarixinin canlı izlərini yaşadır.

İşğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpasına toxunan M.Qəribov bunun yalnız maddi irsin yenidən həyata qaytarılması olmadığını bildirib. O vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri tarixi yaddaşın bərpası və mənəvi dirçəliş baxımından da böyük əhəmiyyət daşıyır.

Mədəniyyət və elmin qarşılıqlı əlaqəsinin də gələcək inkişaf üçün mühüm amil olduğunu deyən ekspert Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlamasını regionda elmi və kadr potensialının formalaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib.

M.Qəribov hesab edir ki, mədəni irsin gələcək nəsillərə ötürülməsi yalnız dövlət institutlarının deyil, cəmiyyətin bütün üzvlərinin məsuliyyətidir. Xüsusilə gənclərin və xaricdə yaşayan soydaşlarımızın mədəni proseslərə cəlb edilməsi milli dəyərlərin yaşadılması və onların yeni nəsillə əlaqələndirilməsi baxımından mühüm rol oynayır.

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının mahiyyətini tarixiliklə müasirliyin vəhdətində görən ekspert vurğulayıb ki, mədəni irsin qorunması keçmişə bağlılıqla məhdudlaşmır. Bu irs gələcək nəsillərə çatdırılmaqla Azərbaycanın qlobal mədəniyyət məkanındakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməlidir.

Müxbir – Lalə Minasazova

Mənbə: https://azertag.az/