Azərbaycan Yazıçılar Birliyinin üzvü, “MÜCRÜ” Nəşriyyatının redaktoru. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,

Sübh namazının vaxtı mənim üçün günün ən sevdiyim zamanıdır. Yuxumun ən çox gəldiyi saatlar olsa da, oyaq qalmaq istədiyim yeganə vaxt da elə həmin saatlardır. Yeni açılmaq istəyən səhərin səssizliyi, binalarda tək-tük yanan işıqlar və sanki Allahın səni daha yaxşı eşitdiyi zaman… Qalan zamanlar sadəcə rutindir.

Və budur o günlərdən biri…

Namazdan sonra dərhal yatmadım. Adətən uşaqlara baxıram, üstləri açıqdırmı, deyilmi… Sonra balkona çıxıb az da olsa şəhəri izlədim. Küçələr hələ tam oyanmayıb, şəhərin səsi də mənim kimi yuxuludur. Bir neçə pəncərədə işıq yanır, uzaqlarda arabir maşın səsi eşidilir. Ondan sonra saatı qurub özümü yatmağa məcbur etdim ki, işə qədər heç olmasa bir az yatım.

Yerimə uzanan kimi yadıma düşdü ki, axı metro işləmir 28 May–Nizami metrostansiyaları arasında… Kefim pozuldu.

Saymağa başlayıram: 1, 2, 3, 4…

***

– Azuuuu… Azuuuu…

Səsə oyanıram. Qonşunun yeni dil açmış oğlu anasını adı ilə çağırır. Axı hələ tezdir… Nə deyəsən?! Heç nə… Qalxıb işə getməyə hazırlaşıram.

Evdən çıxan kimi anlayıram ki, bu istidə Nizamiyə gedən avtobus dayanacağına qədər xeyli yol var. Hava çox istidir. Amma getməliyəm, başqa yol yoxdur.

Yollar qazılı olduğu üçün piyada keçidinə getmək olmur. Yazıq-yazıq avtomobil sürücülərinin üzünə baxırsan ki, sən əzizlərinin canı, bir az yavaşla, qoy tez keçim. Bax burda bəxtim gətirir. Mənə tez yol verirlər.

Yolu sürətlə keçib binaların arasından kəsə getməyə çalışıram və pəncərələrdən çölə yayılan soğandağının qoxusu ürəyimi bulandırır. “Axı səhər-səhər, yayın cırhacırında niyə xəngəl yeyəsən? Bəlkə də kiminsə qoçaqlığı tutub indidən günortanın yeməyini bişirir. Yazıq evdəkilər…” deyə ağlımdan qəribə düşüncələr keçir.

Birtəhər gəlib avtobus dayanacağına çatıram və həmişəki kimi gün düz dayanacağın içinə, sağına-soluna döyür. Dayanacağın xeyli arxasında, kolların, ağacların arasında dayanıb avtobusun gəlişini güdürəm.

İlahi, bu nə istidir?! Sensor yüklənmədən əziyyət çəkirəm axı. Saymağa başlayıram “1, 2, 3, 4…” Hərdən də “Alles gut” deyirəm və bu an Anatoliy Fyodoroviç yadıma düşür. Deyəcəksiniz ki, o kimdir? Rusiyada yaşadığım dövrlərdə yaşlı qonşu kişi idi. Tək yaşayırdı. Həyat yoldaşı Katya dünyasını dəyişəndən sonra heç evlənməmişdi. Gözünün ağı-qarası bir oğlu isə həbsxanada idi.

Hə, bu Anatoliy Fyodoroviçin dilində həmişə bir söz var idi: “Alles gut”.

İkinci Dünya müharibəsi veteranı idi. Bu almanca “Hər şey qaydasındadır” ifadəsi də o zamanlardan dilinə düşübmüş. Keçmiş snayperçi olduğu üçün tez-tez gözünün birini qıyırdı. Bu sözü deyəndə də üzündə qəribə bir təbəssüm yaranırdı.

Anamın adını yadında saxlamadığı üçün bir çox ruslar kimi Aneçka deyə çağırırdı. Anamın da bu babaya yazığı gəlirdi. Nə bişirsə, ona da verirdi. Köynəklərini verirdi ki, anam ütüləsin. O da əvəzində bir də görürdün daçadan çiyələk, ya da başqa giləmeyvələr gətirirdi.

Anam təşəkkür edib zəhmət çəkməməsini deyəndə:

Aneçka, vsyo… Alles gut, deyə cavab verərdi.

Günlərin bir günü Anatoliy baba daçasına gedəndə dəmir yolunu keçərkən yıxılıb dirsəyini çox bərk əzmişdi. Biz dəfələrlə həkimə getməsini israr etsək də, “Vsyo Alles gut” deyib gülürdü.

Bir neçə gün idi, ortalıqda görünmürdü.

Günlərin bir günü universitetdən evə gəldim ki, təcili yardım dayanıb binanın qarşısında.

Sən demə, yazıq babanın qolu sağalmayıbmış. Yaşlı olduğuna görə halı da pisləşibmiş. Təcili yardım həkimi artıq son saatlarını yaşadığını deyincə anam ağlamağa başladı.

Anatoliy baba anamın mətbəxdə ağladığını görüncə əlini uzadıb gülümsədi:

Alles gut… dedi və ondan sonra gözlərini əbədi yumdu.

Nə qəribədir… Son nəfəsində belə “Hər şey qaydasındadır” dedi…

Hə, indi mən də sensor yüklənmədən əziyyət çəkdiyim üçün tez-tez özümə Anatoliy babanın dediyi o sözü təkrarlayıb sayıram.

Mindim nəhayət avtobusa. Özümə küncdə bir yer tapıb dayandım. Sensor yüklənməm var axı… Qulaqlıq daim qulağımda olur. İnsanların, küçənin, avtobusun kənar səslərini eşitməyim deyə musiqi dinləyirəm.

Birdən mahnı dayandı. Basırıqdı və mən telefonu çantamdan güclə çıxardım. Mahnını qoşub telefonu çantaya qoydum. Bir neçə saniyə sonra mahnı yenə dayandı.

Bu, bir neçə dəfə təkrarlandıqdan sonra daha telefonu çıxartmadım. Elə qulaqlıqda qaldı, qulağımda.

Birdən:

– Gəlsin, desin qələt eləmişəm, bağışlayım… – cümləsini eşitdim.

Arxaya çönüb baxmaq etik deyil deyə düşündüm. Qara şüşəli binaların yanından keçəndə pəncərədə gəncin əksini gördüm.

“Yoo, mənə vsyo ravnodu… Mənə vsyo ravnodu deyirəm… Bəli, mənə vsyo ravnodu.”

– Alles gut… 1, 2, 3, 4… – deyə sayıram öz-özümə.

Növbəti dayanacaqda təxminən 70 yaşında bir xanım avtobusa daxil olur və göz gəzdirir ki, görüm hansı üzüyolaya yaxınlaşsam, yerini verər.

Gənc, arıq, çəlimsiz bir qız əlində ağır noutbukla ayağa qalxıb yerini ona verir. Özü də qalır ayaqüstə. Oradan keçənlər bunu hər dəfə itələyir. Qız da yazıq, onsuz da namnazikdir, yer tutmur.

Baxdım ki, başında qəribə bir uşaq yaylığına bənzər yaylığı olan bir xanım mənim yanımdakı bir şalbanlıq yeri qaralayıb.

Gəldi. Özünü bir təhər pərçimlədikdən sonra çantasını çiyninə elə atdı ki, çanta az qala çənəmə dəymişdi. Yenə saymağa başladım:

– 1, 2, 3, 4…

Hiss etdi ki, nəsə deyirəm. Yerini daha da rahatladı, sanki mən orada heç yoxmuşam kimi.

– 12, 13, 14…

– Üzr istəsin! Bəlii! – telefonda danışan oğlanın səsini eşitdim yenə.

– Mən 28-dən İnşaatçılara getməliyəm, – gördüm, bir xala qalxıb yüksək səslə deyir.

Hərə bir yandan buna məsləhət verir. Qadın da israrla deyir ki:

Yox e, mən 28 May metrostansiyasından İnşaatçılara getməliyəm.

Bütün avtobus bunu sakitləşdirir ki, bəs əyləş, Nizamidə düşərsən, oradan gedərsən. 28-dən metro işləmir İnşaatçılara, bir ilə yaxın belə olacaq, təmir gedir…

Birdən baxdım ki, bayaq o çəlimsiz qızın yer verdiyi xala ayağa qalxdı, qızın çiynini əli ilə itələyib “Yol ver daa!” deyib keçdi.

49, 50, 51, 52…

Axı mənə 28-də düş demişdilər… qadın yenə ayağa qalxdı.

Ay xanım, 28-dən də getsən, yenə Nizami metrosundan keçəcəkdin də! Əyləş görək! deyə bir kişi hövsələdən çıxdı.

63, 64…

Özü bilər, özü bilər… Özüü bilərrr… telefon əlində olan oğlan davam edir.

70, 71, 72…

“Növbəti dayanacaq: Xarici İşlər Nazirliyi.”

İcazə verin! İcazə verin, düşüm! deyib sürətlə avtobusdan aşağı düşürəm və yeraltı keçiddən keçib özümü güclə Mərkəzi Parka salıram.

Artıq başım gicəllənir. Skeytbord sürülən yerə çatıb təpəciyə qalxıb otururam. Bir az nəfəsimi dərmək istəyirəm. Hiss edirəm, iki nəfər turist mənə doğru gəlir. Əlimi sinəmə qoyuram ki, özümü pis hiss etdiyimi görsünlər və mənə yaxınlaşmasınlar. Xeyri olmur. Hər ikisi təpəciyə qalxırlar və qadın yavaşca əyilib soruşur:

Alles gut?

Məni dəli bir gülmək tutur. Onlar da mənə baxıb gülürlər, amma heç nə anlamırlar.

Onlara təşəkkür mənasında təzim edib uzaqlaşıram və öz-özümə yoluma davam edərək: “Ümid edirəm… Hər şeyin nə vaxtsa yaxşı olacağına ümid edirəm…” deyirəm və saymağa başlayıram:

1, 2, 3…

26 avqust 2026-cı il.