Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Şair dostum Sona İNTİZARın “Vaxtsız məhəbbətim” şeirini oxuyarkən…
Sevgini bəndənin gözündə bu gün,
Böyükdən Sən oldun, böyüyən Özün.
Qəlbində həsrət var, doğar yenə də,
Arayar sevgini, sevgini gözün.
Gecikən vaxt deyil, məhəbbət deyil,
Tapar öz yerini gəlincə vaxtı.
Sənin qələminə bələdəm deyə,
Bilirəm, söymədin taleyi, baxtı.
İlk gündən bələdəm şerinə Sənin,
Dünyan var qəlbində dünyadan böyük.
Nə Məcnun, nə Kərəm, nə Fərhad yoxmuş,
Ay SONA, gözəlSən, Leyladan böyük.
Gülüşün bir bahar nəsimi kimi,
Dolar ürəyimə, dolar bir kərə.
Sevginin özəyi saf hissdən gələr,
Sevməyi bacaran qalar bir kərə.
Yandın eşq oduna, şair ömrünü,
Sən də mi əritdin yanan şam təki?!
Qəlbimdə adın var, dilimdə şerin,
Yadıma düşsə də, ŞAMAXI, ŞƏKİ.
Gileyli deyilsən, gileylənmədin,
Yoxsa, dərdlərinmi dərmanı yoxdu?!
Sən Özün SevgiSən, mən Sənə qurban,
Vaxtsız məhəbbətin ünvanı yoxdu.
Bakı şəhəri. 15 dekabr 2022-ci il.