Xurması ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gözəlləşən, Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu növbəti dəfə “Xurma festivalı”na uğurla ev sahibliyi edib.Xurmaçılığın daha geniş təbliği və inkişaf etdirilməsi məqsədi ilə oktyabrın 29-da rayonda IV” Xurma festivalı” keçirilib.Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi, Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Festivalda təşkilatçı dövlət qurumunun nümayəndələri, qonşu rayonlardan gəlmiş qonaqlar, xurma istehsalçıları, həmçinin, rayon sakinləri iştirak ediblər.Sonra xurma bağına ekskursiya keçirilib, xurma ağacları əkilib.Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirib ki, “Xurma festivalı”nın keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyır. Balakəndə kənd təsərrüfatının, o cümlədən, meyvəçiliyin inkişafını stimullaşdıran festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyətə malikdir.” Xurma festivalı”nın keçirilməsi eyni zamanda, milli adət-ənənələrin, qonaqpərvərliyin, rayonun turizm imkanlarının tanıdılması baxımından da önəmlidir. Festival, bir növ, xurmanın, ondan hazırlanan məhsulların təbliğidir. Festival çərçivəsində Balakən rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanmış tamaşa göstərilib, “Cahan” avar xalq kollektivinin və “Ebel” folklor qrupunun ifasında müxtəlif janrlarda musiqilər səsləndirilib. Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz əsaslı məmulatlar daxil olmaqla, müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.IV Beynəlxalq “Xurma festivalı” Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.