Bir rəsmin hekayəsi -2

“Cücələrim”lə böyüməyən uşaqlardan qorxuram. Nağılbilməz nənələrdən qaçıram. Zəzzəquma (zəncirotu) üfürməyən uşaqların xəyal dünyası yoxdur, məncə. Əlindən düşən almanı köynəyinə silib yenidən dişinə çəkməyən uşaqlar tez xəstələnirmiş… Həftələrlə qapıdan eşiyə buraxılmayan, hər cibinə qırağına rəngli saplarla işlənmiş güllər olan dəsmal qoyularaq məktəbə göndərilən uşaqdım. Sinifdə hamıdan çox mən xəstələnirdim… Karlsonu Keçəl qədər sevirdim, Cırtdanın xəlbirlə su daşımağa göndərdiyi Divə yazığım gəlirdi. Bembinin anası öləndə qardaşımla birgə kreslonun arxasına gizlənib ağlamışdıq içimizi çəkə-çəkə… Ağlayıb qurtarandan sonra demişdim: “Canavar yazıq da acıydı axı…” İndi uşaqlara canavarın sadəcə, parçalamağı bacardığını öyrədirlər… İndi uşaqlar elə bilir ki, nənələr ancaq bayramdan-bayrama qonaq gələ bilər, onda da bəzənmiş-düzənmiş halda süfrədə oturar, yeyib-içib gedər… İndi uşaqlar “Cücələrim” mahnısını eşitsələr belə, nə bir cücə səsi tanıyırlar, nə də cücələrə hansı dəni səpəcəklərini bilirlər. Halbuki, “Cücələrim” vaxtında fəxrimiz idi, dünyanı gəzirdi… Təəssüfüm boyumdan böyük. “Uşaqlığımın itirilmiş etüdləri”ni yazmağa belə başlamışam-təəssüfümdən utanaraq. Hələ yazıram… Və gün gəlir, bir təsəlli tapırsan haradasa. Sarılırsan o təsəllinin saçaqlarına, noyabr günəşinə gülümsəyirsən. Bu gün o təsəllimi anladacağam sizə. “Kədər paylaşılanda azalır, sevinc paylaşılanda çoxalır” deyirlər ha, təsəllini paylaşmaq lazım ən çox. Hamımızın bir təsəlliyə, bir Polyannaya, bir də Qarsiyaya məktub aparacaq birinə ehtiyacımız var bu zəmanədə çünki… Təsəllim gəncəli rəssam Cavanşir Məmmədovun yaratdığı bir portretdir; Qəmbər Hüseynlinin portreti. Əvvəlcə, Cavanşir bəyi tanıtmaq istəyirəm sizə. Məmmədov Cavanşir Məcid oğlu 1948-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəb dövrü, əsgərlik illəri, sonra isə Tiflis Dövlət Rəssamlıq Akademiyasında keçən zaman kəsiyi indi onun üçün xatirə yaylığının küləyə könül verməsinə dönüb. O yaylığın dörd küncündən biri həmişə yaddaş qapısının cəftəsinə ilişikdir. Zəngin tarixə malik Tiflis Dövlət Rəssamlıq Akademiyasında keçən illərin rəssamın həyatına da, ruhuna da təsiri böyük olub. Burada o, təkcə rəssam və dizaynerlərlə deyil, incəsənətin fədakar tədqiqatçıları ilə də əhatə olunmuşdu… Sənətə fəda olmaq əzmini, bir az da, bu mühit çoxaltmışdı Cavanşir bəydə. Akademiyanı bitirdikdən sonra Gəncə Pedaqojı Texnikumunda Təsviri İncəsənət müəllimi vəzifəsində çalışıb Cavanşir bəy. Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssamdır. Bir neçə şəhər və Respublika əhəmiyyətli layihələrin müəllifidir. Qəmbər Hüseynlinin portretini yaratmağı bir gəncəli kimi, özünün könül borcu sayan Cavanşir bəy deyir ki, məqsədi bəstəkarın Azərbaycan mədəniyyətinə, musiqisinə verdiyi töhfələri fırçasıyla anlatmaqdır. “Bir insanın portretini çəkməkçün onun həyat yoluna bələd olmalısan, yaradıcılığının dərinliyinə baş vurmalısan… Bir sözlə, əvvəl onun şəxsiyyətini tanımalısan, istedadının sərhədlərinə baş çəkməlisən ki, sonra onu təqdim edə biləsən…”-deyir Cavanşir bəy. Qəmbər Hüseynlinin insanlara nikbinlik və sevgi aşılayan musiqisindən “danışmaq”çün canlı və işıqlı rənglər seçilməliydi, əlbət. Rəssam rəng dənizinin qəvvasıdırsa, portret belə möhtəşəm olmalıydı! Portretdə Gəncənin Azərbaycan, ümumən, Şərq incəsənətinə bəxş etdiyi ululuq, keçmişdən gələcəyə uzanan incə yolçuluq da əks olunub. Realizm üslubunda olan əsər yağlı boya ilə kətan üzərində çəkilib. Hələ heç yerdə sərgilənməyən portreti görənlər “Cücələrim”i elə oradaca-o rəsmə baxa-baxa ürəklərinin dərinliyindən duyduqlarını deyirlər. Cavanşir bəy düşünür ki, portretin nümayiş olunması Gəncə rəssamlığına, Gəncə musiqisinə yeni bir baxış bucağı formalaşdıracaq. “Nədən ilhamlandınız?” sualını verməyə ehtiyac olmadı portreti gördükdən sonra. Cavanşir bəy də dünya uşaqları ilə eyni sehrə düşmüşdü-“Cücələrim”in çöhrəsinə bəxş etdiyi təbəssüm illərdir eynidir! Portretin Qəmbər Hüseynlinin evində yerləşdirilməsi rəssamın arzusudur. Bu arzusuna çatmasını mən də diləyirəm. Hər dəfə Gəncəyə yolum düşəndə bəstəkarın keçmiş “Cırtdan parkı”ndakı məzarına baş çəkirəm. İndi də məzarın yaxınlığında kiçik uşaq oyun parkı var. “Cücələrim”i dinləməyən uşaqlardır orada oynayanların çoxu… Qorxuram… Sonra da məzara baxıram: “Yenə, ən azından, bəstəkarın əbədi yuxusuna uşaq səsləri girir…” -deyib ovuduram özümü. Və təsəvvür edirəm: “O parka uşaq gətirən valideynlər balalarının əllərindən tutub məzara yaxınlaşırlar. “Cücələrim”i zümzümə edirlər… Sonra deyirlər: “Bax, burada “Cücələrim”i yazan Qəmbər baba uyuyur…” Uşaqlar birağızdan “Cücələrim” oxuyurlar…” …Hə, gücüm elə təsəvvür etməyə çatır. Təsvir edənlərə minnətdarlıqla…Şəfa Vəli (2024)